Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:52

“Panama Papers”: Prezident övladlarının London mülkləri


Prezident Əliyev ailəsi ilə Londonda. 2012-ci il
Prezident Əliyev ailəsi ilə Londonda. 2012-ci il

“The Guardian” yazır ki, Azərbaycanın birinci ailəsinin gizli ofşor şirkətlərini qurmasında ona Londondakı hüquq firmalarından biri kömək edib

Bu günlərdə Britaniya mətbuatı Panama hüquq firmasından sızmış materialların təhlilinə geniş yer verir.

Britaniya qəzetləri bu sənədlərdə Azərbaycan prezidenti və onun ailəsinin biznes fəaliyyətlərinin necə əks olunduğuna xüsusilə diqqət yetirir.

The Guardian” qəzeti dünya mətbuatında artıq “Panama Papers” (Panama Sənədləri) kimi tanınan sənədlərdən bəzilərinə istinadən yazır ki, Azərbaycanın birinci ailəsinin gizli ofşor şirkətlərini qurmasında ona Londondakı hüquq firmalarından biri kömək edib.

Hyde Park yaxınlığındakı mənzillər son dərəcə bahadır
Hyde Park yaxınlığındakı mənzillər son dərəcə bahadır

Məqalədə deyilir ki, Azərbaycan prezidentinin qızları üçün Britaniyanın Vircin adalarında yaradılmış məxfi ofşor şirkəti Birləşmiş Krallıqda milyonlarla funt sterlinq dəyəri olan mülklərin alınmasını təşkil edib.

Qəzet yazır ki, sızmış sənədlərə görə, ölkədə və ölkə xaricində geniş reklam olunan Leyla və Arzu Əliyevalar Exaltation Limited adlı şirkətin səhmdarlarıdırlar.

2015-ci ilin aprelində qeydiyyatdan keçmiş bu şirkətin məqsədi olaraq “Britaniya mülklərinə sahiblik” göstərilib. Şirkətin yaradılmasında köməkçi olan Child & Child hüquq firması yanlış olaraq “bu iki qadının siyasi əlaqələrə malik olmadıqlarını” bəyan edib.

Bahalı “çardax”

“The Guardian” yazır ki, bundan əvvəl Leyla Əliyevanın Londonun şimalındakı Hampstead Lane küçəsində 17 milyon funt sterlinqlik malikanəyə sahib olduğu bilinirdi.

Sızmış sənədlərdən bəlli olur ki, o yeni ofşor şirkətini 2015-ci ildə əri Emin Ağalarovdan boşanma prosesində olduğu vaxtlarda açıb.

Qəzet bunu da qeyd edir ki, ər-arvad Londonda olduqları vaxtlarda şəhərin məşhur Hyde Park parkına baxan dəbdəbəli çardax mənzilində yaşayırdılar.

Məqalədə deyilir ki, Britaniya qanunlarına görə, Leyla və Arzu “siyasi bağlılıqları olan şəxslər” kateqoriyasına aid edilirlər. Bu şəxslərə Britaniyada mülkiyyət almaq qadağan olunmasa da, bunu təşkil edən şirkətlər bu faktı göstərməlidirlər ki, lazım gələndə ödənmiş pulun mənşəyi aydınlaşdırıla bilsin.

Amma göründüyü kimi Child & Child Əliyev qızlarının “siyasi bağları olan şəxslər” olduqlarını bildirməyib.

“The Guardian” yazır ki, firma onun dəfələrlə müraciətinə baxmayaraq bu yanlışlığa görə şərh verməkdən imtina edib.

Londonun lüks məhəlləsində mənzillənən Child & Child firması, “Exaltation Ltd” şirkətini Əliyeva bacılarının adından PanamanınMossack Fonseca şirkətindən alıb.

Birinci ailə ilə bölüşmək

“The Guardian” iddia edir ki, başqa bir londonlu vəkil - Derrick French Azərbaycanın birinci ailəsinə məxsus gizli fond yaradılmasında iştirak edib. Onun Derrick French & Co şirkəti Azərbaycanın ən böyük biznes şəbəkələrindən biri olan Ata Holdinqdə əsas səhm payına nəzarət edən Panama tresti UF Universe Foundation adlı şirkətin yaradılmasını təşkil edib.

Sənədlərə əsasən ehtimal etmək olur ki, 2003-cü ildə yaradılmış Ata Holding-in birinci sahibi Azərbaycanın vergilər naziriFazil Məmmədov olub.Onun nəzarət səhm paketinin qiyməti 600 milyon dollar təşkil edir.

“The Guardian” yazır ki, 2005-ci ilə aid sənədlər, Məmmədovun iki böyük bank, tikinti şirkətləri və Bakıdakı beşulduzlu Excelsior otelinin də daxil olduğu Ata holding-ini prezident Əliyevin üç övladı ilə bölüşməyi planlaşdırdığını göstərir.

Qəzet yazır ki, “baş vergiyığan” Məmmədovun hakim ailə ilə hansı bağlara malik olduğu indiyədək bilinmirdi.

Bu da qeyd edilir ki, Məmmədov Ata Holding-də marağa malik olduğunu heç vaxt bəyan etməyib.

FM – yəni Fazil Məmmədov?

Məqalədə deyilir ki, bütün bu əməliyyat İngiltərədə qeydiyyatdan keçmiş FM Financial Management Holding (UK) Ltd tərəfindən həyata keçirilməli idi. Bu şirkətin 75 faiz səhmlərinə Ata Holding-in sahib olduğu bəlli idi.

Vəkil French qəzetin sorğusuna cavab olaraq yalnız bunu bildirib ki, FM azərbaycanlıdır.

“The Guardian” yazır ki, 2005-ci ildə Mossack Fonseca-ya göndərilmiş sənədlərdən FM-in Fazil Məmmədov olduğunu da söyləmək mümkündür.

Məxfi sənədlər Panamadakı bu binadan sızıb
Məxfi sənədlər Panamadakı bu binadan sızıb

Vəkil French Londondakı ofisində UF Universe Foundation şirkətində nəzarətin dəyişdiyinə dair sənədləri hazırlayıb. Yeni mənfəətdarlar Leyla və Arzu və onların o vaxt 7 yaşında olan qardaşları Heydər olmalı idilər. Onların bu şirkətdəki marağı 50 faiz olmalıydı. Onların anası Mehribana məxfi “hami” funksiyası verilirdi. Digər “hami” Məmmədov olmalı idi.

Sənədlərə görə, bu şirkətdə Məmmədovun özü şəxsən 30 faizlik mənfəətdar kimi yazılmışdı. Ata-nın sədri Ahmet Erentok-un cəmi 15 faizlik payı vardı. Yerdə qalan 5 faiz daha kiçik mənfəətdarlara gedəcəkdi.

Müqavilələrə görə mənfəətdarların öldüyü halda onların hüquqları 18 uşağa və başqa qohumlara keçməli idi. Bu şəxslərin adları sənədlərdə səliqəli şəkildə təvəllüdləri, ünvanları və onlara çatacaq faizlərlə birlikdə göstərilir. Məmmədovun şəxsən 10 varisi vardı. “The Guardian” bunların bəzilərinin körpə uşaqlar olduğunu yazır.

“Məktub açmaq fobiyası”

“The Guardian” qəzetinin dərc etdiyi qrafik pulun iki başqa ofşor şirkəti vasitəsilə Ata-dan prezidentin üç övladına necə ötürülməli olduğunu göstərir. Onlar sənədlərdə “anonim mənfəətdarlar” kimi keçirdilər. Onlara çatan ödənişlər vergidən azad olmalı idi.

Məqalədə deyilir ki, UF Universe Foundation 2007-ci ildə yaradılıb, lakin hazırda Leyla və Arzu başqa bir Panama firması Hughson Management Inc. vasitəsilə Ata holdingin əsas sahibləri kimi göstərilirlər.

“The Guardian” yazır ki, 2007-ci ildə vəkillərin intizam tribunalı French-i “mühüm tənzimləmə tələblərini” yerinə yetirmədiyinə görə səlahiyyətlərindən məhrum edib.

O vaxt özünü müdafiə edən French deyirmiş ki, o “ciddi xəstə” olub və “rəsmi məktubları açmaq fobiyası”ndan iztirab çəkir.

Məqalədə deyilir ki, French sonralar Panama Sənədlərində artıq vəkil yox, “məsləhətçi” kimi peyda olur.

“The Guardian” yazır ki, Əliyevin qızları, Məmmədov və French onun sorğularına cavab verməyiblər.

XS
SM
MD
LG