Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:25

Prezident seçkisində imza toplanması necə gedir?


MSK sədri Məzahir Pənahov
MSK sədri Məzahir Pənahov

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyi təsdiqlənən şəxslərin sayı, hələlik, yeddi nəfərdir. Ümumilikdə 15 nəfər isə namizədliyini verib. Artıq imzatoplama kampaniyası da başlayıb.

Qanunvericiliyə görə, prezidentliyə namizədlər seçkilərə qatılmaq üçün 40 min imza yığmalıdır və həmin imzalar Mərkəzi Seçki Komissiyasında (MSK) təsdiqlənməlidir.

Əvvəlki seçkilərdə bəzi namizədlərə imza yığmaq üçün hakimiyyətin öz inzibati resurslarından istifadə etdiyi, müxalif namizədlərə isə maneələrin yaradıldığı ilə bağlı iddialar səslənmişdi. Həmin iddialara görə, hakimiyyət bəzi özünə sərf edən namizədlərə bununla yol açıb rəqabət görüntüsü yaratmaq istəyir, gerçək iddiaçılar isə sıxışdırılır.

E.Nəsirov
E.Nəsirov

YAP: "İmzaların toplanması çətin deyil"

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nəzarət-Təftiş Komissiyasının üzvü Elman Nəsirov "Turan"a bildirib ki, partiyanın İdarə Heyətinin qərarı ilə prezident İlham Əliyevin namizədliyi irəli sürülüb və dekabrın 16-da bütün sənədlər MSK-ya təqdim olunub: "Namizədlər yanvarın 8-ə qədər sənədləri təqdim etməlidir. Sonra həmin sənədlərə baxılacaq və MSK onlarla bağlı qərar verəcək. Yanvarın 15-dən isə namizədlərin təbliğat-təşviqat kampaniyası başlayacaq".

Hakim partiyanın namizədi İlham Əliyevin imzatoplama kampaniyasına gəlincə, E.Nəsirov bunları deyib: "Nəzərə alsaq ki, cənab prezidentin ölkədə reytinqi pik nöqtəsindədir, müvafiq imzaların toplanması xüsusi çətinlik yaradan bir məsələ deyil".

YAP rəsmisi namizədlər üçün inzibati resurslardan istifadə edilməsi iddiasını isə "iftira" adlandırıb.

F.Mustafa
F.Mustafa

Fazil Mustafa: "Maneçilik, hələlik, yoxdur"

Prezidentliyə namizəd, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Turan"a deyib ki, hələlik, onlara imzatoplama kampaniyası çərçivəsində dövlət qurumlarının hər hansı maneələri ilə bağlı şikayət daxil olmayıb: "Qış fəsli ilə bağlı müəyyən texniki çətinliklər ola bilər, amma digər hər hansı maneçilik, hələlik, yoxdur. Yaxın günlərdə biz imzatoplama kampaniyasını bitirib, məlumatların qanunvericiliyə uyğunluğunu yoxlayıb, imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik".

F.Mustafanın fikrincə, bu seçkilər spesifik seçkilərdir: "Çünki bu, ilk seçkilərdir ki, burada favorit Qarabağın işğaldan azad olunmasından sonra indiki iqtidarın nümayəndəsidir. Burada söhbət təkcə iqtidarın gücü, maddi resurslardan getmir. Həm də mənəvi bir yanaşma var cəmiyyətdə. İnsanların Qarabağı azad etmiş bir iqtidara münasibəti hətta müəyyən sosial narazılıqları olsa belə, müsbətdir".

Namizədliyi təsdiqlənən qalan beş şəxs deputat Zahid Oruc, Milli Cəbhə Partiyasının sədri deputat Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri deputat Qüdrət Həsənquliyev və keçmiş Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir.

Hələlik, onların da qərargahlarından pozuntulara aid şikayətlər eşidilməyib.

B.Süleymanlı
B.Süleymanlı

"Ölkədə seçki abı-havası hiss olunmur"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı AzadlıqRadiosuna bildirib ki, ölkədə seçki abı-havası hiss olunmur: "Ölkədə birinci növbəli icra orqanına -prezidentlik institutuna seçkilər keçirilir, amma təəssüflər olsun ki, bununla bağlı çox məhdud informasiyalar yayılır. Biz yalnız Mərkəzi Seçki Komissiyasının məlumatlarını əldə edə bilirik".

Ekspertin vurğulamasına görə, mühitin qapadılması, jurnalistlərin təqibə məruz qalması öz nəticəsini verib , artıq seçkilərlə bağlı məlumatlar, demək olar ki, yayılmır: "Müşahidəçilik institutu da zəifləyib, demək olar ki, sıradan çıxarılıb. Ona görə də seçki ilə bağlı məlumat qıtlığı və seçki prosesinin necə getdiyi ilə bağlı məlumatsızlıq var".

Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) kimi müxalif qüvvələr isə bu seçkilərdə iştirakdan imtina ediblər. Onların vurğulamasına görə, azad və ədalətli seçkilər üçün minimum şərait belə yoxdur. Hərçənd, rəsmilər belə dəyərləndirmə ilə razı deyillər.

Xatırlatma

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.

AXCP, Müsavat kimi müxalifət partiyaları isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər.

XS
SM
MD
LG