Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:35

MSK-dan 7 fevral növbədənkənar prezident seçkilərinə yaşıl işıq


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 2018-ci il prezident seçkisində səs verirlər
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 2018-ci il prezident seçkisində səs verirlər

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edib.

Bu barədə MSK sədri Məzahir Pənahov qurumun dekabrın 8-də keçirilən iclasında bildirib.

MSK növbədənkənar prezident seçkilərinə dair Təqvim planını da təsdiqləyib.

+++

Azərbaycanda növbədənkənar prezident seçkisi elan edilib.

Bununla bağlı prezident İlham Əliyev dekabrın 7-də sərəncam imzalayıb.

A.Hacılı
A.Hacılı

"Yəqin, bizə məlum olmayan səbəblər var"

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, adətən növbədənkənar parlament, prezident seçkiləri ölkədə hər hansı böhran yaranarkən və bu böhranı aradan qaldırmaq məqsədilə keçirilir: "Hazırda əslində Azərbaycanda hər hansı siyasi böhran mövcud deyil. Hər halda, görünən tərəfi bundan ibarətdir".

Onun fikrincə, belə qısa müddətdə prezident seçkisinin elan olunmasının özü Azərbaycan cəmiyyətinin maraqları ilə hesablaşmamağın göstəricilərindən biridir: "Prezident seçkisinin keçirilməsi üçün vaxt ayrılmalıdır, bunun üçün müəyyən hazırlıq getməlidir. Bütövlükdə seçki kampaniyasının iki ay olduğu bir halda, seçkinin düz iki ay sonraya təyin edilməsi xalqın iradəsinin əks olunması üçün şəraitin yaranmasının qarşısını almaqdır".

A.Hacılının sözlərinə görə, Azərbaycanda hazırda növbədənkənar prezident seçkisinin keçirilməsinə heç bir ehtiyac yoxdur: "Prezident belə bir ehtiyac duyubsa və belə bir qərar qəbul edibsə, yəqin, bunun bizə məlum olmayan hansısa səbəbləri var. Yəqin ki, yaxın günlərdə bu səbəblərin nədən ibarət olduğu aydınlaşacaq".

N.Həmzəyev
N.Həmzəyev

'Regionumuzda sürətli proseslər baş verir'

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Naqif Həmzəyev isə "Turan"a bildirib ki, bundan öncə də prezident seçkisi növbədənkənar keçirilmişdi: "Regionumuzda çox fərqli və sürətli proseslər baş verir. Bütün bu proseslərin fonunda çevik addım atmaq və bir çox prosesləri qabaqlamaq zəruridir".

Onun fikrincə, xüsusilə də 2020-ci ildə 44 günlük müharibədə əldə olunmuş zəfər və bundan sonra Qarabağa sürətli qayıdışın təşkil edilməsi prezident İlham Əliyevə olan sevgini daha da artırıb: "Bu baxımdan bu prezident seçkilərində də cənab prezidentin qalib gələcəyi hər kəs tərəfindən bilinir. Bu seçkilərin bir il tez və ya bir il gec keçirilməyinin heç bir fərqi olmayacaq".

A.Qasımlı
A.Qasımlı

"Son ayların repressiyalarını da nəzərə alsaq..."

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının AzadlıqRadiosuna bildirməsinə görə, prezident seçkisinin təqribən 14-15 ay əvvələ təyin edilməsi onun göstəricisidir ki, ölkə rəhbəri nə özünə, nə də bundan sonrakı proseslərə güvənir: "Bu il iqtisadi artım MDB ölkələrində ən aşağı səviyyədə idi. Gələn il isə resessiya olması da mümkündür. Ölkədə sosial gərginlik artmaqdadır və gələn il, çox böyük güman ki, pikə çatacaq. Qarabağ zəfərini də öz legitimliyini artmağa və ictimai dəstəyə istədikləri kimi çevirə bilmədilər. Ona görə də artıq iqtidarın əlində daxildə istifadə edəcək hər hansı xarici siyasət kartı qalmayıb".

Ekspertin fikrincə, görünən odur ki, Rusiyanın sülhməramlı qüvvələri 2025-ci ildə Azərbaycanın ərazisini tərk etməyəcək: "Bu da daxildə iqtidarın legitimliyini daha da aşağı salacaq".

Onun deməsinə görə, digər tərəfdən də Qərblə ciddi problemlər yaşanmaqdadır: "Çox əlamətdar haldır ki, ABŞ-ın dövlət katibinin müavini Ceyms O'Brayen dünən, dekabrın 6-da Azərbaycana gəlir, İlham Əliyevlə görüş keçirir, sabahısı günü İlham Əliyev prezident seçkisinin 15 ay irəli çəkilməsinin sərəncamını verir".

A.Qasımlının ehtimalına görə, həmin görüşdə bir daha bəlli olub ki, Azərbaycan iqtidarı ilə ABŞ arasında münasibətlərdə gərginlik bundan sonra da ciddi şəkildə davam edəcək: "Son ayların repressiyalarını da nəzərə alsaq, ehtimal edə bilərik ki, gələn il repressiyalar davam etdiriləcək. O da Qərblə, eyni zamanda, ölkə daxilində əlavə gərginliyə səbəb olacaq". (Son bir ayda qaçaqmalçılıq və başqa ittihamla Azərbaycanda beş jurnalist həbs edilib)

Ə.Kərimli
Ə.Kərimli

AXCP sədri: "İndi məlum olur ki..."

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyir ki, 2024-cü ildə ölkədə parlament və bələdiyyə seçkilərinin gözlənməsi fonunda prezident seçkisi qətiyyən gözlənməyib, bu barədə ictimai müzakirə aparılmayıb. (bələdiyyə seçkilərinin elə həqiqi vaxtı 2024-cü ildir. Parlament və prezident seçkiləri isə bir il sonra) Onun fikrincə, növbədənkənar seçkini prezident İlham Əliyev "xalqa qarşı bir əməliyyat" kimi planlaşdırıb: "Yəni, bu, dünənin fikri deyil. Görünür ki, ən azı bir neçə ay bundan əvvəl bu barədə qərar verilib. İndi məlum olur ki, nəyə görə son aylar repressiyalar bu qədər şiddətləndirilib. Demək olar, hər gün insanlar həbs olunur, işgəncələr haqqında məlumatlar yayılır. Siyasi məhbusların sayı qalxır. Seçkilərdən öncə minimal rəqabət imkanları da aradan qaldırılır... Azərbaycan hakimiyyəti sanki minimal rəqabətdən də ehtiyatlanır və seçkiləri qəfil, hərbi əməliyyat kimi keçirir".

Müxalifət lideri bunu hakimiyyətin vəziyyətdən narahatlığının etirafı, özünə güvəninin olmamasının göstəricisi sayır.

Xatırlatma

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Azərbaycan Konstitusiyasına 2016-cı ildə edilən son dəyişikliklə prezidentlik müddəti 7 ildir. Əvvəl bu müddət 5 il olub.

Azərbaycanda son prezident və parlament seçkiləri vaxtından əvvəl - növbədənkənar keçirilib. Hakimiyyət bunu islahatların sürətləndirilməsi məqsədi ilə izah edib. Müxalifətə görə isə, hakimiyyət bu seçkiləri tez-tələsik, vaxtından əvvəl total saxtakarlıqlarla həyata keçirib.

Mərkəzi Seçki Komissiyası (MSK) isə açıqlayıb ki, hər iki seçkidə xalqın iradəsi ifadə edilib.

XS
SM
MD
LG