Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:55

Prezidentin arqumentlərinə iqtisadçıdan cavab


R.Ağayev
R.Ağayev

«Dünya Ticarət Təşkilatına (DTT) üzvlük və Avropa İttifaqı ilə sazişin imzalanmaması ilə bağlı gətirilən arqumentləri, açığı, o qədər də əsaslı saymıram».

Bunu iqtisadçı Rövşən Ağayev dövlət başçısı İlham Əliyevin dekabrın 23-də bir qrup yerli jurnalistə verdiyi müsahibəsində yer alan bəzi fikirlərə münasibət bildirərkən deyib.

R.Ağayev vurğulayıb ki, qonşu Gürcüstan həm DTT-yə üzv olub, həm də Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalayıb, amma hər hansı problemi yoxdur: «Fikrimcə, burada iqtisadi məsələdən daha çox siyasi sistemin problemləri ortaya çıxır. Bu, təkcə iqtisadi məsələlərlə bağlı deyil».

«DTT-dən imtina etmək...»

Ekspert vurğulayıb ki, DTT-yə üzvlük iqtisadiyyatda şəffaflıq tələb edir: «DTT-yə üzvlükdən imtina isə iqtisadiyyatda rəqabət və şəffaflıq yaratmaq istəməmək deməkdir».

O qeyd edib ki, Azərbaycanın təbii resurslardan asılılıq məsələsi var və bu, şübhəsizdir: «Amma hökumətin hədəfi gerçəkdən xarici bazarları fəth etmək, daha çox qeyri-neft məhsulları satmaqdırsa, o zaman məntiqlə hökumət DTT-yə də daxil olmalıdır. Avropa İttifaqı ilə də saziş imzalamalıdır».

İqtisadçının deməsinə görə, Gürcüstanın ixracı sürətlə artır.

R.Ağayev əlavə edib ki, Azərbaycan DTT-yə üzv olduğu halda üzərinə bəzi şərtlər götürəcək: «İdxalla bağlı indiki kimi yüksək rüsumlar tətbiq edə bilməyəcək. Amma bunun başqa tərəfi də var ki, başqa ölkələrə də öz məhsullarını daha yaxşı şərtlərlə ixrac edə biləcək».

İqtisadçı hesab edir ki, hazırda Gürcüstanın şərab və kənd təsərrüfatı məhsulları ixracı DTT-yə üzvü olduğu və Avropa İttifaqı ilə saziş imzaladığına görə daha üstün vəziyyətdədir.

Ekspertə görə, bu baxımdan, Azərbaycan məsələyə birtərəfli yanaşmamalıdır. Onun fikrincə, Azərbaycan DTT-yə daxil olsa, ölkəyə gələn ucuz mallar artacaq, ixrac da stimullaşacaq:​ «Yox, əgər hökumət etiraf edirsə ki, bizə bu indiki vaxtda sərf etmir, o zaman şübhələnirəm. Demək, hökumət artıq əmindir ki, qeyri-neft ixracı bundan artıq inkişaf etməyəcək. Hökumət qeyri-neft ixracının potensialını bundan artıq inkişaf etdirə bilmir».

«Yəqin nə vaxt özünü hazır etsə,...»

İqtisadçı hesab edir ki, DTT-yə daxil olmaqda ancaq uduş var, uduzmaq yoxdur: «Qloballaşan dünyada qlobal ticarətdən kənarda qalmaq olmaz. Fikrimcə, burada iqtisadi səbəblərdən çox siyasi səbəblər var. Siyasi səbəb də odur ki, hökumət iqtisadiyyatda şəffaflığa, rəqabətə özünü hazır hiss etmir. Yəqin nə vaxt özünü hazır etsə, bu qərarı verəcək».

Avropa İttifaqının enerjidaşıyıcıların ölkə daxilində qiymətlərinin qaldırılması tələbi ilə bağlı deyilən məsələlərə gəlincə, R.Ağayev də əlavə edib ki, Azərbaycanda enerjidaşıyıcıların ucuz olmasının səbəblərindən biri bu sahəyə müxtəlif subsidiyaların verilməsidir: ««Azərenerji»yə, Dövlət Neft Şirkətinə dövlət büdcəsindən subsidiyalar verilir. Birbaşa və dolayısı subsidiyalaşma var. İstisna etmirəm ki, sazişlər imzalandıqda, DTT-yə üzv olduqda rəqabəti pozmamaq üçün əsas məsələlərdən biri də bazar şərtlərinin işləməsi, subsidiyaların məhdudlaşdırılması şərtləri olacaq».

O daha sonra da əlavə edib: «Burada, əlbəttə, rəqabət prinsipi pozulur. O baxımdan, bunlar gözlənilən addımlardır. Amma bunu ciddi risk saymıram. Ona görə ki, iqtisadiyyat inkişaf etdikcə, qlobal şəbəkəyə qoşulmaqla imkanlar artdıqca, problem olmayacaq».

İqtisadçı deyib ki, Gürcüstanda hazırda hər kubmetr qaz 20 sentdir (34 qəpik), Azərbaycanda isə limitlə 10 (limitsiz 20) qəpikdir. Onun fikrincə, amma bu, heç də Gürcüstan əhalisinə ciddi problem yaşatmır.

R.Ağayev hesab edir ki, iqtisadiyyat inkişaf etdikcə, əhalinin gəlirləri artdıqca, qiymətlərə də adaptasiya olunacaq:

«Əslində o subsidiya hamımızın cibindən çıxır»

«Fikrimcə, dövlətdən subsidiya almaqdansa, iqtisadiyyat daha yaxşı inkişaf etməlidir. Daha yüksək gəlirlər əldə olunsa, xidmət və subsidiya olmayacaq. Əslində, o subsidiya övladlarımızın, hamımızın cibindən çıxır. Bu gün faktiki olaraq bu subsidiyaya görə varlı da kasıbın boğazından yeyir. Ucuz məhsulu eyni qiymətə 1 milyon qazanan da alır, 10 manat qazanan da».

R.Ağayev deyib ki, əslinə qalsa, belə subsidiyalaşma mexanizmi səmərəli deyil. Onun fikrincə, elə tələb də odur ki, iqtisadiyyat inkişaf etməlidir, şaxələnməlidir və əhalinin pul gəlirləri artmalıdır.

Ekspertə görə, hökumətin DTT-yə üzvlükdən imtina etməsi, bunu dövlət başçısı səviyyəsində dilə gətirməsi bəzi mətləblərdən xəbər verir. Onun fikrincə, bu, hökumətin Azərbaycanın zəngin ölkə olması barədə verdiyi bəyanatlara baxmayaraq, onun kasıb olmasının etirafıdır: «Bu, həm də hökumətin rəqabət mühiti yaratmayacağı, şaxələnmənin olmayacağı deməkdir».

XS
SM
MD
LG