Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:30

Prezidentin son çıxışında Qarabağla bağlı məqamlar


Elxan Şahinoğlu
Elxan Şahinoğlu

26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü ilə bağlı hərbçilər qarşısında çıxış edən prezident İlham Əliyev Qarabağ problemi üzrə son görüşlərdən də danışıb. Vyana, Sankt-Peterburq görüşlərinə toxunan prezident deyib ki, heç kim Azərbaycana şərt qoya bilməz.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosu-na Dağlıq Qarabağ ətrafındakı son danışıqlar, prezidentin çıxışındakı məqamlardan danışır:

– Sankt-Peterburq görüşündən mənə bir məqam aydın oldu ki, Ermənistanın ancaq bir dərdi var. O da atəşkəsin müddətini uzatmaqdır. Rusiya da, faktiki, atəşkəsin uzunömürlülüyündə maraqlıdır. Çünki görüşdən qabaq da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dedi ki, «atəşkəsin sığortalanmasına çalışmalıyıq». Dedi ki, cəbhə bölgəsində vəziyyət gərginləşməsin, insidentlər araşdırılsın. Azərbaycan prezidenti isə, əksinə, Putinlə görüşdən qabaq mətbuata birgə açıqlamasında qeyd etdi ki, «iki əsas tələbimiz var – işğal altındakı rayonlar boşaldılsın və erməni işğalçı qüvvələri bölgəni tərk etsin». Yəni, Sankt-Peterburq görüşündə tərəflərin mövqeyi 180 dərəcə fərqlidir və yaxınlaşma baş vermədi. Prezident əslində, bu danışıqların nəticəsi ilə bağlı nikbin danışmadı. Sadəcə, görüşlərin davamlı olmasını və Azərbaycanın mövqeyini daima Rusiya və Ermənistana çatdırmasını müsbət addım kimi qiymətləndirmək olar. Ancaq prezidentin dünənki çıxışından danışıqlarda irəliləyiş olması nəticə çıxmır. Novruz Məmmədov isə demişdi ki, guya Ermənistan 5 rayonu azad etməyə hazır olacaq. Əgər belə şey olsaydı, prezident də bu haqda danışardı. Ancaq prezident buna toxunmadı. Novruz Məmmədovun dediklərini Ermənistanın xarici işlər naziri də təkzib etdi.

Novruz Məmmədov
Novruz Məmmədov

Tutaq ki, aydındır, Nalbandianın öz maraqları var. Ancaq daha sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bunu təkzib etdi. Bu o deməkdir ki, əslində, danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını Azərbaycan prezidenti ortaya qoysa da, çox təəssüf ki, hələ bu istiqamətdə ciddi müzakirə getmir.

– Prezident dedi ki, «danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa, onları nələr gözləyir». Bu mesaj hədədir, yoxsa, əminlik?

– Prezidentin bu çıxışı, əslində, ikibaşlı mesajdır. Birinci mesaj Ermənistanadır. Prezident əvvəllər də söyləyirdi ki, «biz danışıqların imitasiyasına imkan verməyəcəyik». Yəni, belə getsə, növbəti 20 ildə danışıqlarda iştirak etməyəcəyik. Apreldə olduğu kimi, məsələnin yenə güc yolu ilə təkrarlanması ehtimalı var. Məncə, prezidentin bu dediklərində Rusiyaya da mesaj var. Yəni, demək istəyir ki, «bizi dəvət edirsiz, biz də qəbul edirik, böyük, qonşu dövlətsiniz. Ermənistan sizin müttəfiqinizdir, Azərbaycanla da strateji tərəfdaşlığınız var, biz də bunu qəbul edirik». Amma bu Rusiyaya da bir mesajdır ki, «münaqişəni həllini sürətləndirməkdən ötrü real addımlar atın. Yoxsa əgər atəşkəsdən, insidentlərin araşdırılmasından danışacaqsınızsa, bu, Azərbaycanın maraqlarına cavab vermir». Prezidentin dünənki çıxışında bir incə məqam vardı ki, «bəli, biz ATƏT-in monitorinq qrupu heyətinin 3-4 nəfər artırılmasına müəyyən qədər razılaşmışıq, amma insidentlərin araşdırılmasına razılaşmamışıq. Çünki Ermənistan çalışır ki, torpaqları işğal edib bunu qanuniləşdirsin və imkan verməsin ki, ona təzyiq olsun. Yəni, bu sözlərin bir çoxu, əslində, Rusiyaya da aid idi.

– Azərbaycan niyə insidentlərin araşdırılmasına razılaşmır?

– Problem ondadır ki, insidentlərin araşdırılması məsələsini tək Ermənistan qaldırmır. Çox təəssüf ki, bunu həmsədrlər də deyir, Rusiya da təkrar edir. Hətta Vyanada əlavə bir təklif də vardı ki, cəbhə bölgəsində kameralar quraşdırılsın. Aydındır ki, Azərbaycan bütün bunlarla razılaşa bilməz. Çünki Ermənistan işğal etdiyini edib və sakitçilikdə maraqlıdır. Azərbaycan isə istəyir ki, danışıqlarda nəticə yoxdursa, işğalçıya təzyiq edib gücünü göstərsin. Əgər mexanizmlər, insidentlər araşdırılacaqsa, Azərbaycan artıq nəzarət altında olacaq. Güc yoluyla işğalçını nəyəsə məcbur edə bilməyəcək. Ona görə də insidentlərin araşdırılması, kameraların quraşdırılması kimi təkliflər Azərbaycanın maraqlarına cavab vermir.

– İlham Əliyev Qarabağın statusu məsələsinə də toxundu. Naxçıvan Muxtar Respublikasının statusunu, Avropadakı təcrübələri misal göstərdi...

Prezidentin hərbçilərlə görüşü, 25.06.2016
Prezidentin hərbçilərlə görüşü, 25.06.2016

– Prezidentin bu sözləri daha çox Azərbaycan ictimaiyyətinə bir mesaj idi. Yəni, «arxayın olun, status məsələsində heç vaxt güzəştə getməyəcəyəm. Naxçıvanın statusu, ya da Avropa muxtariyyətlərin statusu necədirsə, Qarabağa ondan artığını verməyəcəyik». Çünki Azərbaycan cəmiyyətində bəzən narahatlıq olur ki, bəlkə danışıqlarda hansısa güzəşt, geri addım ola bilər. Bu cür mövqe əslində bir daha ondan xəbər verir ki, danışıqlarda irəliləyiş yoxdur. Çünki Azərbaycan istəyir ki, ilkin olaraq, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması və qaçqınların geri dönməsindən sonra status məsələsi müzakirə olunsun. Ermənilər isə, tam əksinə, deyirlər ki, «biz bilməliyik, – status müəyyənləşdirilib referendum nə zaman keçiriləcəksə, ondan sonra ətraf rayonları da boşaldaq, azərbaycanlıların geri qayıtmasına da icazə verək». Bu fərq hələ də nə Vyanada, nə də Sankt Peterburqda aradan qaldırılmadı.

– Naxçıvanın statusu Dağlıq Qarabağa da yarayırmı?

– Naxçıvanın özünün parlamenti, Nazirlər Kabineti var. Bir çox iqtisadi məsələlərdə çox sərbəstdir. Azərbaycanın dövlət büdcəsindən ora ayırmalar var. Eyni işi Qarabağ üçün də etmək olar. Dağlıq Qarabağın da erməni və azərbaycanlılardan ibarət özünün parlamenti ola bilər. Əvvəllər də vardı. Özü hökumətini formalaşdıra bilər, müəyyən polis qüvvələri ola bilər. İqtisadi məsələlərdə xeyli sərbəstlik ola bilər. Azərbaycan büdcəsi ora ayırmalar edə bilər. Bu, əslində, hamının xeyrinədir. Ancaq çox təəssüf ki, hələ qarşı tərəf bu fikirlərlə razılaşmır.

– Bu gün Azərbaycan Silahlı Qüvvələri yaranmasını hansı əhval-ruhiyyəylə qeyd edir?

– Məncə, ilk dəfədir ki, son vaxtlara baxanda, Azərbaycan ordusu yaranma gününü ruh yüksəkliyi ilə qeyd edir. Aprel döyüşləri də göstərdi ki, bu illər ərzində Azərbaycan ordusu xeyli güclənib, xeyli silah- sursat əldə edib. İndi 90-cı illər deyil ki, ancaq köhnə «Kalaşnikov»larla savaşasan. İndi Azərbaycanın müasir tankları, raket qurğuları, dronları var. Dağ şəraitində savaşmağa İsraildən müasir avtomobillər alınıb. Azərbaycan ordusunda keyfiyyət dəyişiklikləri də baş verir. Azərbaycandan hərbi baxımdan geri qalmaqla bağlı Ermənistanda da qızğın müzakirələr gedir. Əgər Qarabağ məsələsindəki danışıqlarda irəliləyiş olmazsa, istər-istəməz, məşhur rus yazıçısı Çexovun dediyi kimi, divardan asılan tüfəng nə vaxtsa, atəş açacaq. Əgər Azərbaycan orduya milyardlarla dollar büdcə ayırırsa, hərbi texnika alırsa, bu o deməkdir ki, nə vaxtsa, qarşı tərəflə ciddi toqquşma mümkündür. Çünki danışıqlarda razılaşdırıla bilməyən məsələlər böyük ehtimalla hərb meydanında həll olunacaq.

XS
SM
MD
LG