Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:31

Priqojin: ‘Əgər birdən baba mudak çıxsa...’


Yevgeni Priqojin
Yevgeni Priqojin

Rusiyanın hazırda Ukraynanın şərqində döyüşən Vaqner özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin mayın 9-da deyib ki, ona Baxmut şəhərindəki mövqelərini tərk edərsə, onun və muzdlu əsgərlərinin vətən xaini sayılacaqlarına dair xəbərdarlıq edilib.

Priqojin bundan əvvəl demişdi ki, əgər onun hərbi birləşməsinə lazımi sursat və silahlar verilməsə döyüş mövqelərini tərk edəcək.

Lakin o mayın 9-da yenidən bəyan edib ki, tələb etdiyi sursatları almasa, Baxmutdakı mövqelərindən çıxacaq.

Reuters agentliyi diqqəti belə bir məqama çəkir ki, Priqojinin bu bəyanatı Rusiyada hərbi paradla qələbə günü kimi qeyd edilən bayram günündə səslənib:

"Dünən gələn döyüş əmrində açıq şəkildə bildirilir ki, biz Baxmutdakı mövqelərimizdən çəkilsək, bu vətənə xəyanət aktı kimi qiymətləndiriləcək. Bizə verilən mesaj budur. Amma sursat olmasa biz mövqelərimizi tərk edəcəyik və soruşacağıq ki, vətənə xəyanət edənlər kimlərdir. Bəlkə də bu bizə belə az sursat verilməsi barədə əmri imzalayan adamdır”.

“Hələlik Baxmutda qalacaq”

Bununla belə Priqojin əlavə edib ki, qüvvələr hələlik Baxmutda qalacaq və “bir-iki günlük sursatları” hələ var.

Priqojin bundan əvvəl onun qüvvələrinə bilərəkdən sursat verilməməsinə görə Müdafiə Nazirliyini ittiham etmişdi.

Nazirlik isə bildirib ki, bütün döyüş meydanlarındakı birliklərin sursatla təchiz edilməsinə çalışır.

Priqojin mayın 8-də demişdi ki, “deyəsən sursat problemi həll olunur”. Amma az sonra, mayın 9-da bildirmişdi ki, onun qüvvələri üçün nəzərdə tutulmuş sursatı yenə kəsiblər:

"Onlar istədiyimizin yalnız 10 faziini veriblər. Bizi aldadıblar”.

“Baba” kimdir?

Uzun müddətdir Müdafiə Nazirliyi ilə çəkişmədə olan Priqojin son günlərdə bir neçə çox emosional bəyanatlar verib.

O mayın 9-da Rusiyanın Ukraynadakı müharibəsinə başçılıq edənlər barədə üstüörtülü, amma kobud sözlər işlədib.

O bu bəyanatlardan birində Rusiyanın işlərinin yaxşı getdiyi barədə səhv təsəvvürdə olan hansısa “baba”dan danışıb:

"Xoşbəxt baba isə düşünür ki, işləri yaxşıdır. Bəs ölkə bundan sonra nə etməlidir? Əgər o haqlı çıxsa, Allah hamının canını sağ eləsin. Amma bəs ölkə, uşaqlarımız, nəvələrimiz, Rusiyanın gələcəyi, müharibədə qalib gəlməyimiz, əgər birdən, sözgəlişi deyirəm, bu baba təsadüfən əməlli-başlı mudak çıxsa, necə olacaq?”

Ruscadan dəqiq tərcüməsi olmayan “mudak” sözü “başdanxarab” mənasını verir.

Priqojin bundan əvvəl müdafiə naziri Sergey Şoyqu və baş qərargahın rəisi Valeri Gerasimov barədə ağır sözlər deyib, onlara təhqiramiz müraciətlər edib. Lakin o buna baxmayaraq prezident Putini şəxsən tənqid etməkdən çəkinib.

Amma indi bəziləri “baba” sözünü Putinə müraciət kimi yozublar.

Uğursuzluğun ört-basdır edilməsi

Təhlilçilər deyirlər ki, Priqojinin belə çılğın və əsəbi bəyanatları onun Baxmut şəhərini tez bir zamanda ələ keçirə bilməməsini ört-basdır etmək məqsədi güdür.

Baxmut şəhəri 10 aydır ki, Rusiya ordusuna və Vaqner şirkətinin döyüşçülərinə təslim olmur.

Priqojin habelə Müdafiə Nazirliyinə iradla bildirmişdi ki, onun adamları Baxmutun 95 faizinə nəzarət edirlər, halbuki nizami ordu hissələri qaçaraq cinahları boş qoyublar:

"Bu, əsgər problemi deyil. Problem onlara başçılıq edənlərdə, tapşırıqlar verənlərdədir”.

Priqojin bu adamları “kriminalların və xainlərin dar çevrəsi” adlandırır.

Priqojinin cəbhə xəttindəki vəziyyət barədə dediklərini müstəqil şəkildə dəqiqləşdirmək mümkün deyil.

XS
SM
MD
LG