Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:35

‘Bildiyimiz Putin rejimi bitib’. ‘Xalq susur’ – müsahibə


Konstantin Eggert
Konstantin Eggert

“Vaqner” özəl hərbi qruplaşmasının lideri Yevgeni Priqojin ötən həftəsonu qüvvələrinin Moskva üzərinə yürüşə başladığını elan etdi, bir gün sonra dayandırdı. AzadlıqRadiosunun gürcü xidmətinin əməkdaşı Vaja Tavberidze müstəqil jurnalist və siyasi təhlilçi Konstantin Eggert ilə bu hadisənin Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətini necə zəiflətməsi haqda söhbətləşib.

Eggert baş verənlərin mahiyyətini müəyyənləşdirməyin çətinliyindən danışıb. Onun sözlərinə görə, Putin birbaşa deməsə də, ona qarşı real hərbi qiyama oxşayan bir şey baş verib:

“Bunun Putin sistemini sarsıtdığı və sarsıtmağa davam etdiyi aydındır. İndiliksə, hansısa səbəbdən, Priqojin bizə dedi ki, muzdlularının yürüşünü dayandırır, qan tökülməsinin qarşısını almaq istəyir, sanki Moskva üzərinə sürətlə gedəndə bunu anlamırdı”.

Təhlilçi hadisənin Putinin öz sistemindən yapışmasını əhəmiyyətli dərəcədə zəiflətdiyini qeyd edir: “Bu onun müharibəni aparmaq qabiliyyətini ciddi zəiflədib. Bu rejimi çiyinləri üzərində saxlayan milyonlarla dövlət qulluqçusu arasında çaxnaşma yaradıb... Düşünürəm ki, bildiyimiz Putin rejimi artıq bitib, Rusiyada nəsə yeni bir şey başlayıb. Ola da bilsin, daha pis bir şeydir, baxmayaraq ki, özəlliklə də ukraynalısansa, daha pisini təsəvvür etmək çətindir. Ancaq düşünmürəm ki, Putinin daha ölkədə hər şeyi nəzarətdə saxladığını, onun taleyinin ağası olduğunu güman edə bilərik”.

Lukaşenkadan asılı Putin

Eggertin sözlərinə görə, Priqojinin Moskva üzərinə yürüşünü Belarus lideri Alyaksandr Lukaşenkanın vasitəçiliyi ilə dayandırması o deməkdir ki, Putin daha Rusiya bürokratiyasının gözündə başda dayanmır. O, Priqojinlə kommunikasiyada Lukaşenkadan asılıdır. Üstəlik də, səhər Priqojinə “satqın” deyən Putin axşam onunla vasitəçi ilə danışıq aparır.

“Məncə, Putinin gerçəkdən qorxduğunu, çıxış yolu axtardığını deməkdən başqa izah yolumuz qalmır. Priqojin də qorxdu, çünki lap deyək ki, 15 minlik yaxşı təlim görmüş qüvvəsi var, bununla Moskvaya girə bilərdi. Amma düşünmürəm ki, şəhəri saxlamağa, ölkəyə nəzarətə bu qüvvə bəs edərdi. Yəni, hər iki tərəf anladı ki, indilik ən yaxşısı onların özlərini razılığa gəlmiş kimi göstərməsidir. Ancaq bu, Priqojini Putinin səviyyəsinə qaldırır və əlbəttə ki, Putinə ağır zərbədir”, – jurnalist sözlərinə əlavə edib.

“İstənilən halda, yeni siyasi reallıqla üz-üzəyik. Bu şəraitdə ölkənin qalan hissəsinin, sıravi şəxslərin nə baş verdiyini dərk edib-etməməsinin dəxli yoxdur, onların çoxu elə passiv olacaq. Ancaq çoxu, xüsusilə də Rusiyanın cənubundakılar baş verənlərdən çox narahat olublar. İkincisi, Putinin Rusiyanın idarəçiliyində bel bağladığı şəxslər, FSB-nin yerli direktorları, polislər, dövlət korporasiyalarının başçıları, bu tip adamlar indi bilirlər ki, Putin indi, azından, ölkəyə tam nəzarət etmir. Yəni, hekayə hələ bitməyib”, – Egget bildirir.

Jurnalistim fikrincə, Priqojin anlayır ki, onun sağ qalmaq şansları elə də yüksək deyil. Ən vacib element isə Ukraynadakı müharibədə nə baş verəcəyədir. “Bütün bunlar hansısa formada Ukraynaya qarşı təcavüzlə bağlı olmalıdır. Məncə, bunu tezliklə görəcəyik”, – o, sözlərinə əlavə edib.

Xalq susur

Rusiyalıların Putinə bu qədər uzun müddət dözməsinin bir səbəbi onun ölkəyə sabitlik gətirməsi ilə izah olunub. Ancaq indi təkcə Ukraynada deyil, Rostov-na-Donda, Voronejdə də binalar yanır. Baş verənlərin Putinin “stabilokratiyasına” hansı təsiri olacaq?

Eggert AzadlıqRadiosunun bu sualına cavabında deyir ki, Rusiya cəmiyyətinin böyük hissəsi mürgü döyür. Priqojini dəstək, yaxud Putinə həmrəylik bildirən nümayişlər keçirilmədi. Rusiya ordusunda da böyük qiyamlar baş vermədi:

“Bu cəmiyyət qan axıdılmasının qarşısının alındığına görə Allaha təşəkkür edəcək... “Narod bezmolvstvuet” – xalq susur, bu, Aleksandr Puşkinin, fikrimcə, ən böyük pyesi olan Boris Qodunov əsərinin son sətridir. Əsərdə 17-ci əsrin başlanğıcında Rusiyada fırtınalı dövrdən söz açılır”.

Ancaq Eggert deyir ki, xalqın susmasının hakimiyyət uğrunda mübarizənin davam etməsilə əlaqəsi yoxdur. O bir daha qeyd edir ki, əvvəl gördüyümüz rejim daha mövcud deyil, çox adam Putinə artıq fərqli bucaqdan baxacaq. Nə baş verdiyini anlamağa çalışacaqlar:

“Əgər bu, Putinin səhnələşdirdiyi böyük bir oyun idisə, baxmayaraq ki, bunu real saymıram, onda belə oyunları oynayana necə inanmaq olar? Deyilsə, onda aydındır ki, Putin özünü xilas etməyə çalışıb. İstənilən halda, Rusiya sisteminin daxilində daha çox çat görəcəyik. Nə baş verirsə, versin, Putin Kremldə qalma müddətini, əgər qalacaqsa, gödəltmiş oldu”.

XS
SM
MD
LG