Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

Putinin keçmiş dostu indi Rusiyadan 6 milyard təzminat istəyir


Vladimir Putin və Sergei Pugachev. 2000
Vladimir Putin və Sergei Pugachev. 2000

“Onları döyürlər, onlarsa mənim əllərimi öpürlər. Sən də mənə hansısa demokratiyadan danışırsan. Mən onların nə istədiyini anlayıram”

“Mejprombank”ın keçmiş sahibi, Rusiya Federasiya Şurasının keçmiş üzvü Sergei Pugachov Parisdə Beynəlxalq Ticarət Palatası (BTP) yanındakı Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyadan 6 milyard dollarlıq təzminat tələb edib. Qərarın mayda veriləcəyi gözlənilir. Keçmişdə "Putinin şəxsi dostu" və "Kremlin bankiri" olmuş Pugachov AzadlıqRadiosu-nun rus xidmətinin efirində çıxış edib.

Buna da bax:​ Putinə qatil deyən amerikalı jurnalisti işdən çıxardılar

2010-cu ildə "Forbes" jurnalı Pugachov-un varidatını 2 milyard dollar göstərib. İndi isə o, məhkəmədə Rusiya Federasiyasından 6 milyard dollar təzminat tələb edir.

Pugachov iddia edir ki, Vladimir Putin onun bütün aktivlərindən, gəmi tərsanəsindən və müəssisələrindən məhrum edilməsi kampaniyasının təşəbbüskarıdır. Onun sözlərinə görə, bunu isbatlayan sənədlər mövcuddur:

“QISQANCLIQLA YANAŞMAĞA BAŞLADI”

"Bu, Putinin və prezident olduğu dövrdə Medvedev-in (baş nazir Dmitry Medvedev - red.) imzaladığı sənədlərdir. Çoxlu belə sənəd var. Ancaq Rusiya Federasiyası Haaqa məhkəməsinə müraciət edərək bu məhkəmənin gizli, konfidensial keçirilməsini xahiş edib. Məhkəmə də xahiş edib ki, bu mövzuda çox danışılmasın. Bu səbəbdən mən yalnız öz fikrimi deyə biləcəyəm. Ancaq bu sənədlər doğrudan da mövcuddur.

Buna da bax: Putinin təniqdçisi olan döyülmüş jurnalist xəstəxanada vəfat etdi

Dünən məhkəmə sessiyalarının birində Rusiya Federasiyasının vəkili gülməli bir şey deyib. O deyib ki, ‘sizə aid sənədləri Putin imzalayıb, onu da məhkəməyə verin, Rusiya Federasiyasını yox’. Baxmayaraq ki, Putin sənədləri baş nazir olduğu vaxt Rusiya Federasiyasının adından imzalayıb.

2000 - 2008-ci illərin Putini bir Putin idi, indiki Putinsə başqadır. Mənim və bütün ailəmin Qərbdə yaşadığını, uşaqlarımın və hətta valideynlərimin Fransa vətəndaşı olduqlarını bilib buna qısqanclıqla yanaşdı, məni dəfələrlə buna görə qınadı.

2003-cü ildə, mən senator olanda, Kremldə mənə eyham vurdu ki, pulların geri qaytarılması haqda qanun layihəsi təklif etməliyəm. Tez-tez mənə deyirdi ki, hansısa Qərb layihələrinə sərmayə qoyuram. Belə layihələr çox idi, Amerika, Avropa layihələri, yüksək texnologiya layihələri vardı. Ancaq o buna qısqanclıqla yanaşmağa başladı, onda qeyri-sağlam vətənpərvərlik oyandı.

Buna da bax:​ Hakimiyyət Solovyovun açıqlamaları haqda niyə susur?

2009-cu ildə isə Putin mənə açıq dedi: ‘sən yəqin ki, Fransız Rivyerasında dincəlməyə gedəcəksən, bizsə burda işləməyə davam edəcəyik. Razılığa gəlməyin vaxtı çatıb’”.

“ONU HEÇ KİM TANIMIRDI”

Pugachov da, Berezovsky (2013-cü ildə Böyük Britaniyada ölmüş rusiyalı biznesmen Boris Berezovsky - red.) kimi, Putin-in Yeltsin-in varisi təyin edilməsində rolu olduğunu iddia edir.

"Mən prezident administrasiyasının rəhbəri Voloshin-in müşaviri idim. Putinlə əlaqələrimiz var idi. ...Bu, oyuncaq deyil, gəl Vasyanı təyin edək, ya da gəl Petyanı təyin edək. Bu, belə deyil. İki namizəd var idi: Stepashin və Putin. Putin hələ heç namizəd də deyildi. Mənə elə gəlirdi ki, Stepashin köhnəlib. Anatoly Sobchak-ı yaxşı tanıdığıma görə, düşündüm ki, Putin onun demokratik liberal baxışlarını bölüşür. Ancaq mənə elə gəlirdi ki, Sobçak özünün güclü fiquru ilə Putinin mahiyyətini kölgədə qoyur. Yəni hamı onu belə təqdim edirdi.

Buna da bax:​ Putin: 'Rusiya Haaqa məhkəməsinə müraciət edəcək'

Mən dedim ki, niyə də yox, yaxşı bioqrafiyası var, Sobchakı da hamı tanıyır, o, bizim anladığımız adamdır. Onu heç kim tanımırdı. Tatyana Dyachenko (Boris Yeltsinin qızı) onu tanımırdı ...Mən ilk görüşü təşkil etdim, indi o bunu danır, bəlkə də unudub. Ancaq mən onu Tatyana Dyachenkonun kabinetinə gətirdim. Görüşdən sonra o dedi: ‘Mən qorxuram, o keqebeşnikdir, istəmirəm’. Ancaq hər şey alındı.

... Putinin prezident olandan sonra irəli sürdüyü təklifləri cəmiyyət qəbul etdi və dəstəklədi.

Yadımdadır ki, Yeltsin vaxtı işləyən, mənim çox liberal saydığım qubernatorlar gəlib mənə belə şeylər deyirdilər: ‘Vladimir Vladimirovich-ə de ki, mən sərhəd qoşunlarında xidmət etmişəm, ora da KQB-dir. Özü də mən partiya biletimi atmamışam, yastığın altında durur’. Yəni bu, cəmiyyətin tələbi idi, uydurmalı bir şey də yoxdur", – o deyir.

Buna da bax:​ Putin:"Trump hakimiyyətə gəldikdən sonra Moskva ilə Vaşinqton arasında etibarın səviyyəsi azalıb"

“ONLARIN NƏ İSTƏDİYİNİ ANLAYIRAM”

Pugachov-un sözlərinə görə, ilk vaxtlardan Putinin Qərbyönlü inkişaf yolundan başqa bir ideyası olmasa da, sonradan o dəyişib.

"2006-cı ildə isə Putin mənə açıq dedi: ‘Mənə bax, onlara çardan başqa heç kim lazım deyil. ...Onları döyürlər, onlar mənim əllərimi öpürlər. Sən də mənə hansısa demokratiyadan danışırsan. Mən onların nə istədiyini anlayıram’.

Onun ölkəyə yanaşması yaxın ətrafının və indi 86%-i onu dəstəkləyən bütün cəmiyyətin təsiri altında dəyişib", – Pugachov deyir.

XS
SM
MD
LG