Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:46

Reuters: ABŞ Putinin münaqişəni dondurmaq təklifini rədd edib


Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin Ukraynada münaqişənin dondurulması məqsədilə atəşkəs təklifini rədd edib.

Bu barədə məlumatı Rusiyada bu müzakirələrlə tanış üç mənbəyə istinadla Reuters agentliyi verib.

Mənbələrin verdiyi məlumata görə Kreml Ukraynadan işğal etdiyi ərazilərin heç birini boşaltmadan hərbi əməliyyatların indiki təmas xətləri boyunca dayandırılmasını təklif edib.

Rusiya mənbələrinin məlumatına görə 2023-cü ildə Putin fərdi qaydada Moskvanın Yaxın Şərqdə, ərəb dünyasındakı partnyorlarının araçıları vasitəsilə Vaşinqtona Ukraynada atəşkəsə hazır olduğunu bildirib.

Rusiyanın 2023-cü ilin sonları və 2024-cü ilin əvvəllərində aparılan danışıqları ilə tanış yüksək vəzifəli rəsmilərindən biri adının çəkilməməsi şərtilə deyib ki, “amerikalılarla təmaslar heç bir nəticə verməyib”.

İflas

Daha bir Rusiya mənbəyinin sözlərinə görə ABŞ vasitəçilərlə Moskvaya Ukraynanın iştirakı olmadan heç bir atəşkəsin müzakirə olunmayacağını çatdırıb.

Üçüncü mənbə Vaşinqtonla təmasları “iflas” adlandırıb.

Reuters agentliyinin ABŞ-dakı mənbəyi Moskva və Vaşinqton arasında hər hansı rəsmi təmasların olmadığını deyib.

Mənbə vurğulayıb ki, ABŞ Rusiya ilə Ukraynanın maraqlarına dair Kiyevin iştirakı olmadan heç bir danışıqlar aparmayacaq.

Reuters vurğulayır ki, bu danışıq və təmaslar, habelə onların iflası barədə indiyədək heç bir məluamt verilməyib.

Türkiyədə görüş olduğu deyilir

Rusiya mənbələri iddia edirlər ki, Putin ABŞ-la araçılar vasitəsilə əlaqə saxlayıb.

Görüşün özü isə 2023-cü ilin sonlarında Türkiyədə keçirilib.

Putin həmin görüşdə də münaqişəni indiki vəziyyətində dondurmağı təklif edirdi. Bu danışıqlar amerikalıların etirazına görə heç bir nəticə verməyib.

Rusiya tərəfi bunu da bildirir ki, Putin Vaşinqtona siqnal göndərib və ABŞ rəsmiləri ilə görüş keçirilib.

Xəbərə görə ABŞ rəsmilərinin arasında Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns və dövlət katibi Antoni Blinken olmalı idilər.

Plana görə Sallivan Putinin xarici siyasət müşaviri Yuri Uşakovla danışmalı idi, amma görüş Ukrayna nümayəndəsinin olmamasına görə baş tutmaytıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Ukraynada münaqişəni dondurmaq təklifi ilə çıxış etməsinə dair Reuters-in xəbərini “həqiqətə uyğun olmayan” informasiya adlandırıb.

Ağ Ev və Dövlət Departamenti xəbərə şərh verməkdən imtina ediblər.

Putinin əsas şərti işğal etdiyini saxlamaqdır

Bu, Rusiya prezidentinin sülh danışıqlarına hazır olması barədə ABŞ-a çatdırdığı hansısa siqnallar barədə ilk xəbər deyil.

Yanvarın sonlarında Bloomberg Kremlə yaxın iki mənbəyə istinadla yazırdı ki, Vladimir Putin Ukraynada sülh danışıqlarına hazır olması barədə siqnallar göndərir.

Bundan əvvəl The New York Times Putinin “münaqişənin dondurulmasına” hazır olmasını yazırdı.

Bütün agentliklərin gəldiyi ortaq nəticə budur ki, Putinin əsas şərti Rusiyanın işğal etdiyi ərazilərin onun nəzarətində qalmasıdfır.

Bu barədə Putinin özü də dəfələrlə bəyan edib. O deyib ki, Rusiya Ukraynada işğal etdiyi ərazilərdən əl çəkmək niyyətində deyil.

Eyni zamanda Moskva sülh danışıqlarının pozulmasına görə daim Kiyev və Qərbi ittiham edir.

“ABŞ Rusiya ilə danışıqlar aparmayıb və aparmayacaq”

Putin ABŞ jurnalisti Taker Karlsona verdiyi müsahibədə demişdi ki, ABŞ hərbi əməliyyatların dayanması üçün Ukrayanın silah-sursatla təchizatını dayandırmalıdır və bu halda razılığa gəlmək mümkün ola bilər.

Ukrayna rəsmən bəyan edib ki, bu müharibədə sülhün yeganə şərti Rusiya qoşunlarının Ukraynanın bütün ərazilərindən çıxmasıdır.

Bundan başqa Kiyev Moksva ilə hər hansı danışıqlara qadağan qoyub.

RBK agentliyinə ABŞ Dövlət Departamentindən deyiblər ki, ABŞ Rusiya ilə heç bir danışıqlar aparmayıb və belə bir niyyəti yoxdur.

Dövlət Departamentindən bunu da deyiblər ki, Rusiya müharibənin yaxın vaxtlarda başa çatmasına can atmır və bütün Ukrayna və ukraynalıların ram edilməsi istəyindədir.

XS
SM
MD
LG