Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:00

Putin və Ərdoğan sentyabrın 4-də Soçidə görüşəcəklər


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan (Arxiv fotosu)
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan (Arxiv fotosu)

Kremlin sentyabrın 1-də yaydığı məlumatda deyilir ki, Rusiya və Türkiyə prezidentləri sentyabrın 4-də Soçi şəhərində görüşəcəklər.

Bundan əvvəl, bu həftə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK) bildirmişdi ki, Vladimir PutinRəcəb Tayyib Ərdoğan sentyabrın əvvəllərində Soçidə görüş keçirəcəklər.

Məlumatda deyilirdi ki, bu görüşdə Rusiyanın Qara dəniz taxıl təşəbbüsünə qayıtmasının müzakirə olunacağı gözlənilir.

Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə olunmuş bu razılaşma Ukrayna taxılının Qara dəniz limanlarından ixracına şərait yaradırdı.

Sentyabrın 1-də Kremlin sözçüsü Dmitri Peskov sözü gedən görüş barədə daha dəqiq məlumat verib:

"Danışıqlar bazar ertəsi, günorta, Soçidə keçiriləcək”.

Bu, Rusiya iyulun ortalarında başa çatan razılaşmanı uzatmaqdan imtina edəndən sonra iki liderin ilk görüşü olacaq.

Buna baxmayaraq ötən müddətdə Türkiyə və Rusiya rəsmiləri daimi təmaslarda olublar. Amma Putin və Ərdoğan arasında son telefon danışığı avqustun 2-də olub.

Taxıl razılaşması

Qara dəniz taxıl razılaşması barədə saziş ilk dəfə 2022-ci ilin iyulunda imzalanıb.

Bu dördtərəfli razılaşmanı BMT, Türkiyə, Ukrayna və Rusiya imzalayıblar.

Razılaşma Rusiya və Ukraynanın Qara dənizdəki limanlarından kənd təsərrüfatı mallarının maneəsiz ixracını nəzərdə tutur.

Lakin bu il iyulun 17-də Rusiya bu razılaşmadan çıxdığını bəyan edib. Moskva iddia edir ki, razılaşmanın onun gübrə və ərzaq ixracatı ilə bağlı şərtləri yerinə yetirilməyib.

Rusiya iyulun 18-dən Ukraynanın Odessa da daxil Qara dəniz limanlarındakı taxıl ixracı qurğularına artilleriya, dron və raket zərbələri endirilməsinə başlayıb.

Lavrov Ankaraya “tələblərin siyahısını” verib

İyulun sonlarında ABŞ-ın The Wall Street Journal qəzeti yazırdı ki, Putin taxıl razılaşmasının bərpası üçün Ərdoğanın sorğularını görməzliyə vurur.

Bu da qeyd olunurdu ki, Moskvanın razılaşmadan çıxması həm də Putinin Ərdoğandan incikliyi ilə bağlıdır. Bildirilirdi ki, Ankara Moskva ilə razılaşmasına baxmayaraq Mariupolu müdafiə edən Ukrayna komandirlərini Kiyevə qaytarıb.

Söhbət Rusiyaya əsir düşmüş və müalicə adı ilə Türkiyəyə verilmiş Azov batalyonu komandirlərindən gedirdi. Ərdoğan və Putin arasında ilkin razılaşmaya görə Ukrayna hərbçiləri müharibənin sonunadək Türkiyədə qalmalı idilər.

Bu arada Associated Press (AP) yazır ki, BMT-nin baş katibi Antonio Quterriş taxıl razılaşmasının bərpası məqsədilə Moskvaya yeni təklilər təqdim edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarında həmin təklifin Rusiyanın tələblərinə cavab vermədiyini demişdi.

Lavrov bildrimişdi ki, o Ankaraya Ukrayna taxıl razılaşmasının bərpası üçün Moskvanın tələblərindən ibarət siyahı verib.

Şərhçilər deyirlər ki, Putin və Ərdoğan Soçidə məhz bu məsələləri də müzakirə edəcəklər.

XS
SM
MD
LG