Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:14

Estoniya Putinin tarix barədə dediklərinə sərt reaksiya verdi


Estoniyanın Narva və Rusiyanın İvanqorod qalaları üz-üzə
Estoniyanın Narva və Rusiyanın İvanqorod qalaları üz-üzə

Estoniyanın Xarici İşlər Nazirliyi iyunun 10-da Rusiyanın bu ölkədəki səfiri Vladimir Lipayevə etiraz notası təqdim edib

Estoniyanın Xarici İşlər Nazirliyi iyunun 10-da Rusiyanın bu ölkədəki səfiri Vladimir Lipayevə etiraz notası təqdim edib.

Nazirliyin məlumatına görə notada “prezident Putinin bu yaxınlarda tarixə aid dediklərinə etiraz bildirilir.

Estoniya XİN-də Rusiya səfirinə bildirlib ki, Rusiya prezidentinin Estoniyanın Narva şəhəri barədə dedikləri, xüsusilə də Rusiyanın Ukraynaya müdaxilə etdiyi bir vaxtda təəssüf doğurur.

Estoniya XİN-in məlumatında deyilir:

"Beynəlxalq hüquqa hörmət göstərməkdən və dövlət suverenliyi və ərazi bütövlüyü prinsiplərindən çıxış etməkdənsə, Rusiya özünün imperialist ambisiyalarının həyata keçirilməsi üçün ordudan başqa, həm də tarixin saxtalaşdırılması da daxil, propaqandadan istifadə edir. Belə yanaşma iflasa məhkumdur və son nəticədə Rusiyanın özü üçün təhlükəli ola bilər”.

Putin nə demişdi?

Rusiya prezidenti Vladimir Putin iyunun 9-da gənc sahibkarlarla görüşündə deyib ki, Rusiya imperatoru I Pyotr 1700-1722-ci il Şimal müharibələrində İsveçdən torpaq qoparmayıb.

Onun sözlərinə görə I Pyotr rus torpaqlarını “qaytarıb” və “möhkəmləndirib”.

Putin deyib ki, “indi bizim taleyimizə də torpaqları qaytarmaq və möhkəmləndirmək düşüb”.

Putin bəyan edib ki, I Pyotrun qəsb etdiyi torpaqlarda əslər boyu fin-uqor xalqları ilə yanaşı slavyanlar da yaşayıblar.

O əlavə edib ki, bu torpaqlar həmişə Rus dövlətinin nəzarətində olub.

Putin misal olaraq əsası 1703-cü ildə I Pyotr tərəfindən qoyulmuş Sankt Peterburq şəhərindən danışıb.

O deyib ki, əvvəcə Avropanın ölkələri bu əraziləri Rusiya ərazisi kimi tanımırdılar.

Narvanın qopardılması söhbəti

Putin bu söhbəti zamanı Estoniyanın Narva şəhəri barədə də iddialar səsləndirib.

Tarixdə qeyd olunduğuna görə 1700-cü ildə, Şimal müharibəsinin lap əvvəllərində isveçilər Rusiya ordusunu Narva yaxınlığında baş vermiş döyüşdə məğlub ediblər.

Lakin bundan bir neçə il sonra Rusiya Narvanı və bütün Estoniya ərazisinə nəzarəti ələ qala bilib.

Tallinndə I Pyotrun ev-muzayi var.

Rusiya rəsmən Estoniyaya qarşı heç bir ərazi iddialarının olmadığını bildirir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, buna baxmayaraq bir sıra millətçi siyasətçilər əhalisinin əksəriyyətini rusdillilər təşkil edən Narvanın Estoniyadan qoparlımasına çağırışlar edirlər.

Dumaya Litvanın müstəqillyinin ləğvi barədə qanun layihəsi təqdim olunub

Bu arada Rusiya deputatlarından biri Rusiya Dumasına yeni qanun layihəsi təqdim edib.

İyunun 8-də açıqlanmış qanun layihəsi “Litva Respublikasının müstəqilliyinin tanınmasına dair SSRİ Dövlət Şurası qətnaməsinin ləğv edilməsi haqqında” adlanır.

Layihənin müəllifi, Rusiyanın hakim Vahid Rusiya partiyasından deputat Yevgeni Fyodorov bildirib ki, 1991-ci ildə respublikaların SSRİ-dən çıxması qaydaları haqqında qanun pozulub.

Onun firkincə, SSRİ-dən çıxmaq istəyən respublika bu barədə referendum keçirməliydi, Litva isə bunu etməyib.

Fyodorov əlavə edib ki, sözü gedən SSRİ qətmnaməsinin ləğvi Litvanın NATO üzvlüyünü mübahisələndirmək imkanı verərdi.

“Qoy Putin IV Vladislava tabe olsun”

Rusiya deputatın bu qanun layihəsini Litva Seyminin deputatı Matas Maldeykis kəskin tənqid edib və lağa qoyub.

O deyib ki, əgər Rusiya Dövlət Duması belə bir addım atsa, onda 1634-cü il müqaviləsi də qüvvəsini itirəcək.

Məhz bu müqavilənin şərtlərinə görə Litvanın Smolensk şəhəri Rusiyanın nəzarətinə keçib.

Deputat Twitter-də yazıb:

"Əgər Rusiya 1991-ci ildə Litvanın müstəqilliyini tanıması barədə qərarını ləğv etsə, Litva da 1634-cü il Polyanovka sülh müqaviləsini ləğ edə, Putinin IV Vladislava tabe olmasını və bütün işğal olunmuş ərazilərin Böyük knyazlığa qaytarılmasını tələb edə bilər. Smolensk – Litvadır!”

Litva mediasında dərc olunmuş xəbərlərdə deyilir ki, bundan əvvəl Rusiya millət vəkilinin təşəbbüsünə Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis kəskin reaksiya verib:

"Yalnız heyvanlar tərəfindən idarə olunan bir dövlət Rusiyanın başladığı müharibəni başlaya bilərdi. Təəccüblənmirəm ki, onlar siyasətdə də özlərini insan normalarına uyğun aparmırlar”.

Landsbergis ölkəsini mümkün Rusiya təcavüzündən müdafiəyə hazırlaşmağa çağırıb.

Kreml deputat Fyodorovun təşəbbüsündən xəbərsiz olduğunu bildirib.

XS
SM
MD
LG