Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:38

Putin İsraildən üzr istəyibmi?


İsrailin baş naziri Naftali Bennetin ofisi belə məlumat yayıb. Kremlin məlumatında üzr barədə heç nə detyilmir

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Bennetlə telefon söhbətində Rusiya xarici işlər naziri Sergey Lavrovun bugünlərdə yəhudilər və antisemitizm barədə verdiyi bəyanatlara görə üzr istəyib.

Bu barədə məlumatı Bennetin ofisi yayıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Kremlin bu telefon danışığı barədə rəsmi məlumatında “üzr söhbəti” yoxdur.

Kremlin rəsmi saytındakı məlumatda deyilir ki, Putin Benneti İsrailin müstəqillik günü münasibətilə təbrik edib və iki lider Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Bu da qeyd olunur ki, söhbət zamanı habelə dinc sakinlərin Mariupoldakı Azovstal zavodundan təxliyə olunması məsələsi müzakirə edilib.

Kremlin məlumatında həmçinin deyilir ki, Putin və Bennet qarşısdan gələn 9 may - qələbə gününü müzakirə ediblər.

Məlumata görə Putin söhbət zamanı xatırladıb ki, II Dünya Müharibəsi zamanı getto və ölüm düşərgələrində, habelə cəza əməliyyatlarında nasistlər tərəfindən öldürülmüş 6 milyon yəhudinin 40 faizi SSRİ vətəndaşları olub.

Məlumatda deyilir ki, Putin Bennetdən İsraildə yaşayan veteranlara cansağlığı və xoşbəxtlik arzularını çatdırmağı xahiş edib.

Lavrov nə demişdi

Bu il mayın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Volodimir Zelenski ilə nasist Almaniyasının füreri Adolf Hitleri müqayisə etmiş və demişdi ki, Hitlerin damarlarında da yəhudi qanı olub.

Lavrov İtaliya mediasına müsahibəsində Zelenski haqqında demişdi:

"O belə bir arqumet irəli sürür: əgər o yəhudidirsə onlarda necə nasifikasiya ola bilər. Səhv edə bilərəm, amma A.Hitlerdə də yəhudi qanı olub. Bunun məsələyə qətiyyən heç bir dəxli yoxdur. Müdrik yəhudi xalqı deyib ki, ən qatı antisemitlər bir qayda olaraq yəhudilərdir. Bizdə deyirlər ki, “ailə eyibsiz olmur”.

Lavrovun sözləri İsrail hökumətini hiddətləndirmiş və Rusiya səfiri Anatoli Viktorov izahat verməsi üçün İsrail XİN-ə çağırılmışdı.

Lakin Lavrovun nazirliyi bununla da sakitləşməmişdi.

Mayın 3-də nazirliyin Twitter hesabında “Antisemitizm haqqında” adlı məqalə dərc olunmuş və məqalədə Lavrovun bəyanatlarına haqq qazandırılmışdı.

Bunun ardınca isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova iddia etmişdi ki, israilli muzdlular Ukraynada “Azov” batalyonu ilə çiyin-çiyənə döyüşür.

XS
SM
MD
LG