Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:05

İsveçrədə ‘Putinin pullarına’ görə 4 bankirə iş kəsildi


Rusiya prezidenti Vladimir Putin və yaxın dostu, musiqiçi Sergey Roldugin
Rusiya prezidenti Vladimir Putin və yaxın dostu, musiqiçi Sergey Roldugin

İsveçrə məhkəməsi Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, musiqiçi Sergey Rolduginə maliyyə xidməti göstərdiklərinə görə 4 bankirə şərti olaraq 7 ay həbs cəzası kəsib.

Reuters yazır ki, Gazprombankın Sürixdəki filialının keçmiş rəhbərləri – üç rusiyalı və bir isveçrəli “səhlənkarlıqda” ittiham olunurlar.

İstintaqın məlumatına görə Roldugin 2014-2016-cı illərdə iki bank hesabana 30 milyon dollar köçürüb.

Musiqiçi həmin vaxt bu pulların mənbəyini göstərə bilməyib.

İsveçrə qanunlarına görə ölkə bankları hesab sahibinin kimliyi və pullarının mənbəyi ilə bağlı şübhələr olduğu hallarda müştəriyə xidmətdən imtina etməlidirlər.

“Putinin portmanatı”

İşə baxan hakim deyib ki, “Rolduginin bank hesablarına yatırdığı pulların əsl sahibi olmadığına heç bir şübhə yoxdur”.

Bir çox təhqiqatçı jurnalistlər Roldugini “Putinin portmanatı” adlandırırlar.

Hakim deyib ki, müttəhimlər vəsaitlərin əsl mənfəətdar sahibinin kimliyinin müəyyən olunması üçün kifayət qədər səy göstərməyiblər.

Bankirlər məhkəmə hökmündən şikayət verəcəklərini deyirlər.

“Putinin dostu varlı ola bilər”

Violençel ifaçısı Sergey Roldugin onun öz etiraflarına görə Rusiya prezidenti Vladimir Putinin yaxın dostu və onun böyük qızının xaç atasıdır.

Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hərbi müdaxiləsindən sonra Avropa İttifaqı, ABŞ və bir neçə başqa ölkə Putinlə yaxınlığına görə Roldugini sanksiya siyahısına salıblar.

Avropa İttifaqı hesab edir ki, bu musiqiçi “Putinin maliyyə şəbəkəsi sxeminin bir hissəsidir” və onun adına azı 5 ofşor şirkəti var.

İsveçrə qanunlarına görə müttəhimlərin adları açıqlanmır.

İş üzrə prokuror bildirib ki, Roldugin biznesmen kimi hər hansı fəaliyyətləri ilə tanınmır.

Putin keçmişdə Roldugini dost, əla musiqiçi və Rusiya şirkətlərinin birində kiçik səhm payına malik şəxs kimi təqdim edib.

Rolduginin vəkillərinin irəli sürdüyü əsas arqument isə bundan ibarət idi ki, o adi musiqiçi deyil, Kremlin sevimlisidir və “Putinin dostu” kimi zəngin adam ola bilərdi.

XS
SM
MD
LG