Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:48

Putinin xalası nəvəsinin 1, 25 milyard dolları hardandır?


Mikhail Shelomov
Mikhail Shelomov

AzadlıqRadiosunun Rus xidməti Rusiyadakı Proyekt müstəqil jurnalist təhqiqatı nəşrinə istinadən yazır ki, prezident Vladimir Putinin xalası qızının oğlu, 51 yaşlı Mikhail Shelomov-un 1, 25 milyard dollara sahib olduğu ehtimal edilir.

Proyekt yazır ki, milyarder olmasına baxmayaraq, fotoatelye işçisi Shelomov Peterburq ətrafındakı binalardan birində yaşayır və arabir Putinin anasının doğulduğu kəndin alma bağlarına qulluq edir.

Shelomov-un ixtisasca mühəndis-optik olduğu, lakin ixtisası üzrə bir gün də işləmədiyi deyilir.

O nəhayət 2002-ci ildə Sovkomflotun Peterburq ofisində işə düzələnədək müxtəlif tikintilərdə çalışır, fotoqraf kimi fəaliyyət göstərirdi.

Shelomov Sovkomflotda “müxtəlif məsələlər üzrə mütəxəssis” idi.

Proyektin yazdığına görə 2004-cü ildən Shelomov bizneslə məşğul olmağa başlayır və Gazprom şirkətindən “Sogaz” sığorta şirkətinin 13, 5 faizlik payını alır.

Bu sövdələşməyə görə Shelomov-un şirkəti səhmlər üçün 14 milyon dollar ödəməli idi.

Vedomosti qəzeti yazırdı ki, Shelomov 2007-ci ildə Putinin köhnə dostu Yury Kovalchuk-a məxsus “Rossiya” bankının həmsahibinə çevrilir.

Qəzet bunu da yazırdı ki, “Rossiya” bankının digər səhm paketi də Platinium şirkəti vasitəsilə Shelomov-a məxsus idi.

"Putinka" arağı

Platinium sahibliyinin strukturuna görə “Putinka” arağını buraxan şirkətlərlə bağlı idi.

Bu şirkətlərdən birinin Putinin başqa bir dostu, violençelçalan Sergey Roldugin və SPM Bankı ilə bağlılığı vardı. Bu bankın sahibləri isə Putinin yaxın çevrəsinə daxil Arkady və Boris Rontenberg-lər idi.

Proyekt yazır ki, Putinin xalası nəvəsi Rusiyanın ən zənginlərinin siyahısında 81-ci yeri tuta bilərdi.

“Putinka” arağı
“Putinka” arağı

Proyekt nəşrinin təxminlərinə görə Shelomov hazırda “Rossiya” bankının bütün səhmlərinin 8 faizinə, “Sogaz” şirkətinə və “İgor Drayv” firmasının yarısına sahibdir.

Bu şirkət Leninqrad vilayətinin Priozerski rayonunda ötüş kompleksini tikib.

Proyektin hesablamalarına görə Shelomov-un sərvəti 1 milyard dollardan çoxdur. Forbes jurnalının təxminləri də eyni rəqəmi verir.

Alma bağları

Proyekt yazır ki, belə bir sərvətinə baxmayaraq Shelomov, deyəsən, çox sadə yaşayır.

O həftədə iki dəfə Putinin anasının doğulduğu kəndə gələrək alma bağlarına qulluq edir.

Bu qəsəbə Federal Təhlükəsizlik Xidmətinin mühafizəsindədir.

Bu kənddəki evin həyətində hamam və milyarderin tikdirdiyi ayaqyolu da var.

O qalan vaxtlarda Sankt Peterburqda yaşayır. Onun şəhər ətrafında yerləşən binalardan birindəki mənzilini 2017-ci ildə Dojd telekanalı 18 milyon rubl olaraq qiymətləndirmişdi. Bu, biznesmenin üç günlük gəliri qədərdir.

Proyekt Shelomov-un bütün bu sərvətin həqiqi sahibi olub-olamadığı barədə heç nə yazır.

XS
SM
MD
LG