Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:47

Kəlbəcərdə saxlanan ermənistanlı hərbçinin məhkəməsi başlayır


Qaqik Voskanyan
Qaqik Voskanyan

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcərdən keçən hissəsində saxlanılan Qaqik Voskanyan dekabrın 4-də məhkəmə qarşısına çıxarılıb. Ermənistan hərbçisinin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, məhkəmə prosesi Bakıda – Sabunçu rayon Məhkəməsinin binasında keçirilir.

Hazırlıq iclasında onun anket məlumatları dəqiqləşdirilib, məhkəmədəki hüquq və vəzifələri izah edilib. Məlum olub ki, Q.Voskanyan 1983-cü ildə Yerevanda anadan olub, orta təhsillidir.

O, tərcüməçi (erməni dilindən Azərbaycan dilinə və ya əksinə) və vəkillə təmin olunub. Onun hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir.

Voskanyan özü də, vəkili də indiki halda heç bir məsələ ilə bağlı vəsatəti olmadığını bildirib.

Bundan sonra jurnalistlər məhkəmə zalından çıxarılıb. Yalnız sonda – hazırlıq iclasının qərarı elan olunanda yenidən zala buraxılıb. Qərar isə belə olub ki, Q.Voskanyanın işində prosessual pozuntular yoxdur, ona görə məhkəmə baxışına verilir. Məhkəmə baxışı isə dekabrın 11-nə təyin olunub. Həmin gün prokuror Müşfiq Rəhimov ittiham aktını elan edəcək, ardınca məhkəmədə dindirmələr başlayacaq.

Voskanyanın məhkəməsində beş nəfər zərərçəkmiş qismində tanınıb. Onlar da hərbçilərdir.

İttihamlar və Ermənistanın mövqeyi

40 yaşlı Q.Voskanyan silah qaçaqmalçılığı, terrorçuluq, Azərbaycan sərhədini qanunsuz keçmə və başqa əməllərdə suçlanır. Cinayət işinin materiallarında o, kəşfiyyat-diversiya qrupunun üzvü kimi təqdim edilib. İddia olunur ki, o, terror-təxribat törətməkdən ötrü Azərbaycan ərazisinə gəlməyə cəhd edib və həmin vaxt silahlı olub.

Q.Voskanyan avqustun 16-da yaralı vəziyyətdə saxlanılıb.

Ermənistan tərəfi isə onun kəşfiyyat-diversiya qrupunun üzvü olması, təxribat törətmək məqsədi ilə Azərbaycan sərhədini gizli keçməsi haqda iddiaları təkzib edib.

"Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Silahlı Qüvvələrinin sərhədin şərq hissəsində təxribat yolu ilə soxulmağa cəhd etməsi ilə bağlı yaydığı xəbər tamamilə yalandır. Ehtiyatda olan hərbi qulluqçu, təlim-məşq toplanışının iştirakçısı Qaqik Voskanyan döyüş mövqeyini tərk edib. Ehtiyatda olan hərbçinin Azərbaycan tərəfinə necə düşə biləcəyi ilə bağlı mümkün ssenari və şərait öyrənilir", – avqustda Ermənistan Müdafiə Nazirliyinin Voskanyanın saxlanması ilə bağlı bəyanatında belə deyilirdi.

Q.Voskanyana ittiham verilən maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG