Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:35

Qar cənub bölgəsindəki həyatı “dondurub”


Illüstrasiya
Illüstrasiya

►Lerik və Yardımlı sakinləri qarın yaratdığı problemlərdən şikayətlənirlər

“Üzü axşama doğrudur. İşıq yox, qaz yox… Tək bizdə yox, qonşu kəndlərdə də eyni vəziyyətdir. Sular donub, kəndi qar basıb, ortalıqda bir qartəmizləyən texnika yoxdur”.

Lerik sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə cənub bölgəsinə yağan qar nəticəsində yaranmış problemlərdən danışıb.

Rayon sakini Elman Atabalayev deyir, gecədən başlayan qar rayonda və kəndlərdə həyatı əməlli-başlı “dondurub”:

“Qaz onsuz da yox idi, odun daşıyırdıq. İki gündür oduna da gedib çata bilmirik. Yolları qar basıb. İşıqları keçiriblər. Zəng vururuq, deyirlər, “transformatorlar xarabdır”. Qışa hazırlıqları bu idi?.. Qarı yerə qoyan kimi hər şey xarab olur”.

Buna da bax: «Azərqaz»ın əməkdaşının onurğasını qırdılar

ÇÖRƏK ÜÇÜN RAYON MƏRKƏZİNƏ

Qarın yaratdığı fəsadlardan və bu fəsadların aradan qaldırılmamasından Yardımlı sakinlərindən də şikayət daxil olub. Bərcan kəndinin sakini Fəqan Əhmədov “Qaynar xətt”ə zəng vuraraq yanvarın 25-də axşam saatlarında rayon mərkəzinə gəldiyini, lakin geri qayıtmağa nəqliyyat tapmadığını bildirib:

– Dünən axşamdan rayondan kəndə gedə bilmirəm.

– Çörək üçün rayon mərkəzinə niyə gedirsiniz?

– Kənddə çörək yoxdur. Qar yağanda çörək gətirən maşınlar kəndlərə gəlib çıxa bilmir. Ona görə də rayon mərkəzinə gəlmək məcburiyyətində qalırıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeoroloji Hissəsinin rəisi Cavid Hüseynov APA informasiya agentliyinə bildirib ki, hazırda qarın hündürlüyü Yardımlıda 22-25 sm, Lerikdə 10-12 sm, rayonun ucqar dağlıq və dağətəyi ərazilərində 15-20 sm, Lənkəranda isə 4-5 sm təşkil edir.

Buna da bax: Daşkəsənin rəhbər şəxsləri qəzada həyatını itirdi

60-DƏK YAŞAYIŞ MƏNTƏQƏSİ İŞIQSIZ QALIB

Yardımlı Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, yüksək gərginlikli elektrik hava xətlərində qəzalar baş verdiyindən, rayonun 10-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin nəqli dayanıb. Masallı-Yardımlı şosesində nəqliyyat vasitələrinin hərəkətində hər hansı problem yaranmayıb, lakin rayonun əksər yaşayış məntəqələrinə gediş-gəliş məhdudlaşıb. Problemin həlli üçün rayonun müvafiq qurumları tərəfindən tədbirlər görülməkdədir.

Lerik rayonunda da elektrik enerjisi təminatında problemlər yaranıb. Lerik RİH-dən verilən məlumata görə, qarın ağırlığından bəzi ərazilərdə elektrik dirəkləri aşıb, xətlər qırılıb. Nəticədə rayonun 60-dək yaşayış məntəqəsi işıqsız qalıb. Burada da qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Yolların buz bağlaması səbəbindən Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Yolda hazırda yalnız yük maşınlarının hərəkəti mümkündür.

Proqnoza görə, bölgədə kəskin hava şəraiti yanvarın 28-nə kimi davam edəcək.

XS
SM
MD
LG