Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:39

Qarabağda Türkiyə sülhməramlıları da olacaqmı? (VIDEO)


Rusiya əsgərləri Laçına çatır,Türkiyə sülhməramlıları da Qarabağa gələcəkmi?
Gözlə

No media source currently available

0:00 0:12:25 0:00

Rusiya əsgərləri Laçına çatır,Türkiyə sülhməramlıları da Qarabağa gələcəkmi?

Rusiya Ermənistan və Azərbaycan arasında noyabrın 10-a keçən gecə elan olunmuş atəşkəs razılaşmasının 3-cü bəndinə görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirilir.

Rusiya sülhməramlıları artıq bölgəyə daxil olub. Türkiyə sülhməramlılarının adı isə sənəddə keçmir.

5-ci bənddə isə deyilir ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

Prezident İlham Əliyev həmin gecə çıxışında şifahi şəkildə deyib ki, sənədin bəndlərinin birində Türkiyə və Rusiya birgə sülhməramlı missiyanın yaradılması nəzərdə tutulur.

Türkiyə prezidenti Recep Tayyip Erdogan bugün, noyabrın 11-dəki çıxışında deyib ki, səhər Türkiyə və Rusiya atəşkəsə birgə nəzarət mərkəzi ilə bağlı razılaşma imzalayıblar.

Onun sözlərinə görə, Türkiyə Qarabağda atəşkəsi monitorinq etmək üçün Rusiya ilə birlikdə həmin mərkəzdə işləyəcək.

Türkiyə missiyasının funksiyası bəlli deyil

Türkiyənin Altınbaş Universitetinin professoru Eray Güclüər deyir ki, Türkiyə həmişə hər mənada Azərbaycanın yanındadır, amma qərarların hamısını Azərbaycan dövləti verir.

Eray Güclüər əlavə edir ki, müşahidə məntəqəsində təmsil olunacaq Türkiyə qüvvələri artıq Azərbaycana çatıb. Amma o bildirir ki, hələ də tam aydın deyil ki, Türkiyənin müşahidə missiyası nə iş görəcək:

“Müşahidə missiyası bölgədə provokativ təşəbbüslər edənlər barədə məlumat verəcək. Amma məlumat veriləndən sonra nə baş verəcək, bu, bəlli deyil. Azərbaycana, Türkiyəyə hesabat verildi, Rusiyaya da məlumat verildi, sonra nə olacaq? Biz bunu Suriyada yaşayırıq. Rusiyaya məlumat verilir, amma onlar aktiv davranmırlar. Əgər atəşkəs pozulub, Allah qorusun, Ermənistana bağlı silahlı güclər Xocalı kimi qətliam törədərsə, nə olacaq?”

Eray Güclüərin fikrincə aydın deyil ki, belə bir hal baş verərsə, Azərbaycan və ya Rusiya buna müdaxilə edəcəkmi? Onun sözlərinə görə, bölgədə terror və zorakılıq riski çox yüksəkdir və bunu nəzərə almaq lazımdır:

“Erməni Ordusunun içində kontrolsuz qruplar və terrorçu qruplar var. Onları dəstəkləyən güclü diaspora qrupları var. İndi müşahidə missiyasının rolu aydın deyil. Müşahidə edəcək Türkiyə atəşkəsi də qoruyacaqmı? Yəni, orda Azərbaycan Ordusuna və mülkilərinə hansısa hücum olarsa, bunun qarşısını almaq mümkün olacaqmı, bu, bəlli deyil”.

Türkiyənin rolu elan ediləcək

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, hakimiyyətin siyasətini müdafiə edən deputat Zahid Oruc da deyir ki, Türkiyənin Qarabağdakı rolu barədə detallar tezliklə ictimaiyyətə açıqlanacaq:

“Türkiyənin silahlı qüvvə təmsilçilərinin missiyasının adı, onun coğrafi sərhədləri, hərəkət marşrutu, qrafiki və digər səlahiyyətləri ilə bağlı məsələlər ən yaxın zamanda aydınlaşacaq və elan ediləcək".

Bir çox müxalifət partiyaları və fəallar Rusiya sülhməramlılarının regionda yerləşdirilməsinin Azərbaycanın müstəqilliyinə təhlükə olduğunu deyirlər.

Onlar həmçinin noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları atəşkəs razılaşmasının bəndlərinin aydın olmadığını deyirlər.

Bu razılaşma ilə sentyabrın 27-də Qarabağda başlamış döyüşlər başa çatıb.

Azərbaycan 90-cı illərin əvvəlində işğal olunmuş 200-dən çox yaşayış məntəqəsini azad etdiyini bildirib.

Rusiya sülhməramlıları Qarabağdadır

Bugün, noyabrın 11-də Rusiya Silahlı Qüvvələri baş qərargahının baş əməliyyat idarəsinin rəisi general-polkovnik Sergey Rudski Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı missiyasına dair brifinq keçirib.

O deyib ki, Rusiya və Azərbaycan prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış razılaşmaya uyğun olaraq hazırda Dağlıq Qarabağ münaqişəsi bölgəsində atəş hər iki tərəfdən dayandırılıb.

Ermənistan və Azəbaycan silahlı qüvvələri indiyədək olduqları mövqelərdə qalıblar.

Sergey Rudski deyib ki, adıçəkilən razılaşmaya əsasən Dağlıq Qarabağ və Laçın dəhlizinə Rusiya sülhməramlı qüvvələri yeridilir.

General əlavə edib ki, Rusiyanın sülhməramlı missiyası habelə döyüş aviasiyası və PUA-lardan istifadəni nəzərdə tutur.

Sülhməramlı müssiyada iştirak edən hərbçilər yalnız müqavilə əsasında xidmət edənlərdir.

Rusiya sülhməramlılarının Qarabağa gəlməsi nələr vəd edir? Keçmiş həmsədr bunları deyir
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Beynəlxalq təcrübə

Rudski deyib ki, Rusiya sülhməramlıları beynəlxalq sülhməramlı missiya standartları üzrə təlim görüblər.

Onun sözlərinə görə Rusiya sülhməramlı missiyası şimal və cənub istiqamətlərində 16 müşahidə məntəqəsi yaradacaq.

Rudski bildirib ki, missiya Laçın dəhlizində nəqliyyatın təhlükəsiz hərəkətinə nəzarət edəcək və bu dinc əhalinin öz yurdlarına qayıtmasına imkan yaradacaq.

Rusiya generalının sözlərindən aydın olur ki, Rusiya qüvvələrinin Ulyanovsk vilayətindən Ermənistana gətirilməsi noyabrın 10-u səhər saatlarından başlanıb.

Hələ o vaxt Azərbaycan prezidenti İlham Əliyev razılaşmanı imzaladığını elan etməmişdi.

Rudski bildirib ki, Rusiya hərbçiləri artıq Laçın dəhlizinə nəzarət edirlər.

O deyib ki, Rusiya Silahlı Qüvvələrinin baş qərargahı Azərbaycan və Ermənistanın silahlı qüvvələrinin baş qərargahları ilə daimi əlaqədədir.

XS
SM
MD
LG