Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:48

Qarabağdan Ermənistana qaçqın axını davam edir


Dağlıq Qarabağ bölgəsindən olan qaçqınlar Ermənistanın sərhədyanı Kornidzor kəndinə gələrkən
Dağlıq Qarabağ bölgəsindən olan qaçqınlar Ermənistanın sərhədyanı Kornidzor kəndinə gələrkən

Azərbaycanın Qarabağda "lokal antiterror tədbirləri"ndən 10 gün keçir və ermənilərin bu regiondan Ermənistana axını davam edir. Sentyabrın 29-da yerli vaxtla səhər 6-dək 85 minə yaxın erməninin Ermənistana daxil olduğu bildirilir. Bunu Baş nazir Nikol Paşinyanın sözçüsü Nazeli Bağdasaryan deyib. Qarabağın 120 min sakininin olduğu bildirilir.

Bir gün öncə Paşinyan Azərbaycanı etnik təmizləmədə ittiham edərək deyib ki, bir neçə günə separatçı bölgədə erməni qalmayacaq.

Bakı isə etnik təmizləmə ittihamlarını rədd edir, etnik erməniləri Azərbaycana reinteqrasiya etmək istədiyini deyir. Xarici İşlər Nazirliyi də sentyabrın 28-də etnik erməniləri Qarabağda qalmağa çağırıb.

İndiyədək Ermənistanı hərbi baxımdan dəstəkləmiş, ancaq sülhməramlıların Qarabağdakı rejimi qorumadığına görə tənqid olunan Rusiya bildirib ki, regiondan gedən ermənilərin qorxmağa səbəbi yoxdur.

"Bu köçə görə kimisə ittiham etmək çətindir, belə hərəkətlərə birbaşa səbəb yoxdur", – Kremlin sözçüsü Dmitri Peskov deyib və bununla da Ermənistanın etnik təmizləmə ittihamlarını aşkar rədd edib.

ABŞ səfirinin dedikləri

ABŞ-ın ATƏT-dəki səfiri isə bildirib ki, Qarabağdakı etnik ermənilər, seçim etsələr, öz evlərində qala bilməlidirlər, onların hüquqları və təhlükəsizliyinə sayqı göstərilməlidir. Ancaq gedənlər və qayıdanların təhlükəsiz keçidini isə neytral, müstəqil üçüncü tərəf təmin etməlidir.

"Gözləntimiz belədir ki, Ermənistana gedən Qarabağ sakinləri təhlükəsiz olanda azad şəkildə öz evlərinə qayıda biləcəklər", – Səfir Maykl Karpenter (Michael Carpenter) Vyanada ATƏT-in Daimi Şurasının iclasında söyləyib.

Onu da qeyd edib ki, Azərbaycanın dinc sakinləri qorumaq, döyüşçü olmaqda şübhəli bilinənlərlə belə insani rəftarı təmin etmək öhdəliyi var.

Karpenter regionda təhlükəsizliyin təminatı üçün müstəqil beynəlxalq missiya çağırışını bir daha dilə gətirib, beynəlxalq humanitar təşkilatlara maneəsiz keçid verməyə çağırıb.

Səfir qeyd edib ki, USAID başçısı Samanta Pauer (Samantha Power) həftənin əvvəlində Ermənistanda olanda 11.5 milyon dollarlıq humanitar paket elan edib. 2020-ci il müharibəsindən bəri ABŞ artıq regiona 23 milyon dollardan artıq humanitar kömək göstərib.

"Birləşmiş Ştatlar davamlı və möhkəm sülh sazişi əldə etmək üçün Azərbaycan və Ermənistanla işləməyə davam edəcək", – Karpenter vurğulayıb.

  • Sentyabrın 28-də Qarabağdakı tanınmayaq qurum yanvarın 1-dək fəaliyyətini dayandıracağını açıqlayıb.
  • Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Laçın dəhlizinə və təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
  • Bu il sentyabrın 19-20-də birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı silahlı dəstələrin tərksilahı və regiondan çıxması ilə bağlı razılaşma əldə olunub.
XS
SM
MD
LG