Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:18

Azərbaycanın adı klastr bombaları hesabatında


Bərdə, 28 oktyabr, 2020-ci il
Bərdə, 28 oktyabr, 2020-ci il

Azərbaycanda, eləcə də Dağlıq Qarabağda çirklənmiş ərazilərin miqyası bəlli deyil

2020-ci ilin avqustundan 2021-ci ilin iyulunadək Suriyada və Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində klastr bombalarından istifadə olunub. Bu haqda “Human Rights Watch” insan haqları təşkilatı “Klastr Bombaları 2021” adlı hesabatında bildirir.

Ötən il klastr bombalarından ən böyük itki Azərbaycanda qeydə alınıb – 107 nəfər. Hesabatda deyilir ki, ümumilikdə 29 ölkə və ərazi kasetli bombaların qalıqları ilə çirklənmiş vəziyyətdədir. Ermənistan, Azərbaycan və Suriya beynəlxalq sazişi imzalamayanlar ölkələr sırasındadır.

Tərəflər bir-birini pisləyir və inkar edirlər

Azərbaycan ötən il 44 günlük hərbi əməliyyatlar ilə Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. 9 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

“Human Rights Watch” bildirir ki, münaqişədə Ermənistanla Azərbaycanın klastr bombalarından istifadəsini tərəflər özləri pisləyib və inkar ediblər.

“Ermənistanın 300 mm-lik Smerç klastr raketlərindən istifadə etdiyi, yaxud onları Dağlıq Qarabağdakı qüvvələrə verdiyi, onların da Azərbaycanda azı beş əraziyə hücumda bu sursatdan istifadə etməsinə güclü dəlil var. Azərbaycan isə İsrail istehsalı olan LAR-160 klastr raketlərindən Dağlıq Qarabağda Hadrut, Mardakert (Ağdərə) və Stepanakerti (Xankəndi) vurmaq üçün istifadə edib”, – deyə hesabatda vurğulanır.

Qurum qeyd edir ki, hər bir iddia olunan, yaxud haqqında xəbər yayılan hücumu araşdırmaq mümkün olmayıb. Tərəflər münaqişədə kasetli bombalardan istifadə etmədiklərini deyərək bir-birini suçlayıblar.

Çirklənmiş ərazilərin miqyası

Azərbaycanda, eləcə də Dağlıq Qarabağda çirklənmiş ərazilərin miqyası bəlli deyil. Hələ 2020-ci ildən öncə “HALO Trust” təşkilatı Dağlıq Qarabağda 70.48km² ərazinin klastr bombalarının qalıqları ilə çirkləndiyini bildirirdi.

Hesabatda ötən ilin oktyabrında Bərdəyə kasetli raket hücumunda 21 nəfərin həlak olduğu, 60 nəfərin yaralandığı qeyd olunur. “Dağlıq Qarabağa hücumlarda da itki ola bilərdi, amma konkret sənədləşdirilməyib”, – hesabatda vurğulanır.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bayden administrasiyasına çağırış

Human Rights Watch ABŞ Prezidenti Co Bayden administrasiyasını klastr bombalarını qadağan edən sazişə qoşulmağa çağırır.

“Birləşmiş Ştatların dünyada klastr silahlarından istifadə etməklə bağlı dəhşətli tarixçəsi var və bu eranı bitirməlidir”, – qurum təmsilçisi Meri Vareham deyib.

Klastr bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır. Bu bombacıqların bəziləri toxunanda partlamaya, amma de-fakto mina kimi qala bilər.

XS
SM
MD
LG