Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:19

44 gündən bir il sonra…


Rusiya prezidenti V.Putin və Azərbaycan prezidenti İ.Əliyev 10 noyabr atəşkəş bəyanatını imzalayırlar.
Rusiya prezidenti V.Putin və Azərbaycan prezidenti İ.Əliyev 10 noyabr atəşkəş bəyanatını imzalayırlar.

Azərbaycanda Zəfər Günü qeyd edilir. Rusiyada isə növbəti üçtərəfli görüşdən bəhs edilir.

Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a deyib ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında video formatında danışıqların aparılması ilə bağlı hazırlıqlar davam edir. O, videogörüşün dəqiq tarixinin məlum olmadığını vurğulayıb. Ermənistan baş naziri Nikol Paşinyan bu ölkənin İctimai Televiziyasına müsahibəsində deyib ki, yaxın günlərdə belə bir görüş planlaşdırılmır.

A.Mirzəzadə
A.Mirzəzadə

"Azərbaycan bütün ərazi üzrə suverendir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadənin "Turan"a deməsinə görə, Zəfər Günü elə bir bayramdır ki, zaman keçdikcə onun böyüklüyü daha əzəmətli görünür: "Azərbaycan onun üzərinə gələn o ağır problemi təkbaşına həll etdi, sərhədlərini bərpa etdi. Bu gün Azərbaycan bütün ərazi üzrə suverendir. Digər məsələlər də tədricən həll ediləcək".

Komitə üzvünün fikrincə, gələn həftə və ya başqa bir vaxt həmin üçtərəfli görüş mütləq olmalıdır, bu görüşlər silsilə xarakter daşımalıdır: "Gələcəkdə isə artıq ikitərəfli görüşlər olmalıdır. Azərbaycan və Ermənistan qonşudurlar. Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra artıq Ermənistanla mehriban qonşuluq şəraitində yaşamaq istəyir. Azərbaycan prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistana sülh müqaviləsini bağlamağı, sərhədləri tanımağa təklif edib. Bundan Ermənistan qazanacaq".

"Yaxın zamanda növbəti sənəd imzalanacaqsa…"

O vurğulayıb ki, sənədlərin imzalanıb, imzalanmayacağını görüşün nəticəsi göstərəcək: "Hər halda, 2021-ci ilin 11 yanvarında keçirilən görüş 10 noyabrınkına nisbətən bir addım önə idi. Əgər yaxın zamanda növbəti sənəd imzalanacaqsa, bu da bir addım önə olmalıdır".

Ə.Oruclu
Ə.Oruclu

"Azərbaycan nə Xankəndi üzərində,…"

Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, bir il əvvəl Azərbaycan ordusunun və xalqının sayəsində hərbi qələbə əldə olunub: "Amma çox təəssüf ki, siyasi yanaşmanın yanlış olması üzündən bu qələbə başa çatdırılmadı. Azərbaycan nə Xankəndi üzərində, nə Ağdərə, nə Xocavənd və ən önəmlisi nə də Laçın dəhlizi üzərində nəzarəti bərpa elədi". Onun sözlərinə görə, problem qaldı və yalnız Azərbaycanın hərbi- taktiki üstünlüyündə donduruldu.

Ə.Oruclu deyir ki, Azərbaycanda hər şey öz axarına qayıdıb: "Əslində bu hərbi qələbə Azərbaycanın dəyişməsi üçün ciddi bir şans idi". Onun fikrincə, müharibə bitdikdən sonra yenidən xalqı talamağa, orduda maaşların azaldılmasına və müharibə əlillərinə diqqətsizliyə davam edilir.

"Yenə də Azərbaycan xalqının iradəsi olmadan…"

Ə.Oruclu gözlənilən üçtərəfli görüşü çox təhlükəli hesab edir: "Ona görə ki, yenə də Azərbaycan xalqının iradəsi olmadan hansısa təslimçi sənədlərə imza atıla bilər". Onun sözlərinə görə, V.Putinin bəyanatlarından da görünür ki, Moskva Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasını məhz özünün vasitəçiliyi ilə həyata keçirmək istəyir: "Moskva kommunikasiyaların açılmasından və delimitasiyadan sonra sərhədlərin Rusiya sərhəd qoşunları tərəfindən qorunması məsələsini qəbul etdirə bilər".

Bakıdan və Yerevandan sülhə baxış: Siyasi şərhçilər və ictimai fəallar danışır
Gözlə

No media source currently available

0:00 0:08:53 0:00

Xatırlatma

Bu gün, noyabrın 8-i Azərbaycan Zəfər Gününü qeyd edir. 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Noyabrın 8-də isə Şuşa şəhəri işğaldan azad edilib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada yeni üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG