Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:56

'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

“Başa düşmürəm, mən məktubu İlham Əliyevə yazmışam, yoxsa zibil qabına atmağa...”

“Məni həbs edəndə evdə olan balaca uşağım qorxub. Hələ də polis görəndə ağlayır. Beş yaşlı uşaq beş ay məndən ötrü hər gün ağlayıb, axırda gözləri zəiflədi, indi eynək taxır”, – Nardaran sakini Fərhad Muradovun sözləridir.

O, Nardaranda 2015-ci il noyabrın 26-da keçirilən qanlı əməliyyatdan az sonra həbs olunub. Fərdad Muradov indi Nardaran hadisələrilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan ikinci qrupa daxildir. O, Müsəlman Birliyi Hərəkatı sədrinin müavini, ilahiyyatçı Elçin Qasımov və daha 11 nəfərlə birlikdə hakim önünə çıxarılıb.

Buna da bax:​ Leyla Yunus: ''Nardaran işi'' ilə bağlı hesabat hazırlanacaq'

“Axmağam ki evdə şkafın üstünə qumbara qoyum?!”

Fevralın 10-da Fərhad Muradov məhkəmədə ifadə verərək deyib ki, ağır ittihamların hamısı yalandır. O, nə dövlət çevrilişinə cəhd eləyib, nə də evində silah-sursat saxlayıb. Axtarışa gələnlər özləri qoyduğu əşyaları evdən çıxmış kimi qələmə veriblər. Səkkiz ildir “Hepatit C” xəstəliyindən əziyyət çəkdiyini deyən Fərhad Muradov necə həbs olunduğunu da danışıb: “Dekabrın 7-də həkimdən gəlib uzanmışdım. Bir də gördüm başımın üstündə 20 nəfər dayanıb. Onlar məni yataq otağından çıxardılar, amma biri otaqda qaldı. Sonra yenidən məni yataq otağına apardılar. Gördüm, şkafın üstündə bir qara torba var. Açdılar, içindən silah və “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabçalar çıxdı. Dedilər ki, guya mənimdir. Mən o qədər axmağam ki şkafın üstünə qumbara qoyum, kimsə toxunanda da yerə düşsün?! Yatsam, yuxuma da girməzdi ki, mənə belə maddələrlə ittiham verərlər”.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində təzyiqlə ifadələrə imza atdığını deyən Fərhad Muradov Baş Prokurorluğa da şikayətlənib. Onun sözlərinə görə, şikayətini obyektiv araşdırmayıblar: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları vasitəsilə Baş Prokurorluğa şikayət etdim. İki nəfər gəlib mənimlə söhbət etdi, dedilər ki, “bilirik, günahın yoxdur, ancaq bu iş belə olmalıdır”.

Buna da bax:​ Taleh Bağırov və digərlərinə bəraət istənilir

“Polis rəisinə qarğış elədim... oğlu həlak oldu”

Başqa bir təqsirləndirilən İsa İbrahimov deyir ki, Nardaran qətliamında İraqda ziyarətdə olub. Əməliyyatdan az əvvəl – noyabrın 26-na keçən gecə yuxuda bu məhkəməni görüb. Hətta ona neçə il cəza veriləcəyi də əyan olub:

“O yuxudan sonra bilirdim ki, zindana gedəcəyəm. Lənkəranın keçmiş polis rəisi Möhübbət Hüseynovu da yuxumda görmüşdüm. O da məni həbs eləməyə gəlmişdi. Ona qarğış edib dedim ki, necə sən məni ayırırsan, Allah səni də balandan ayırsın. Bir müddət sonra onu işdən çıxardılar, oğlu da qəzaya düşüb həlak oldu. Mən Nardaran əməliyyatından 20 gün sonra ölkəyə gəlmişəm”.

Buna da bax:​ Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

“Mənə “Bandotdel”də zülm eləyənləri bağışlamayacağam”

İsa İbrahimov da evindən silah tapılmasını yalanlayıb, BMCMİ-də ona necə işgəncə verildiyini də danışıb: ““Bandotdel”də şöbə rəisi Kərim Əlimərdanov məni otağına gətirən kimi, seyfdən başıqotazlı bir çubuq çıxardı. Onu görəndə Müaviyəni yadıma saldım. Mənə dedi ki, “diz çök”. Cavab verdim ki, Allahdan başqasının qarşısında diz çökmərəm. Başıma o qədər vurdular ki, başım parçalandı. Onun nəticəsidir ki, 27 yaşım var, əsa ilə gəzirəm. “Bandotdel”də gecələr olanları danışsam, məni dəli sayarsınız. Necə ki peyğəmbərin övladına zülm eləmişdilər, bizə də elə zülm elədilər. Mən də qiyamətdə bunları danışacağam. Məni o qədər döyürdülər ki, qalxıb çarpayıda yatmağa halım olmurdu, yerdə yatırdım. “Bandotdel”də ifadəyə qol çəkdirmək istəyəndə imtina elədim. Əl-qolumu bağlayıb, pəncərəni açdılar, dedilər ki, “səni atacağıq”. Hərəsi bir tərəfdən tutub yellədilər, sonra pəncərəyə çırpdılar. 422 gündür həbsdəyəm və hər gün gözyaşı tökürəm. Zülm edənləri bağışlamıram”.

Hərbi xidmət zamanı Daxili İşlər Nazirliyinin binasını mühafizə etdiyini, nazir Ramil Usubovun hər gün onun yanından keçdiyini xatırladan İbrahimov deyir ki, terrorçu olsaydı, elə həmin vaxt üstündəki silahla nəsə edərdi: “Yuxuda görmüşdüm ki, sizin də tanıdığınız və tez-tez adını çəkdiyiniz bir nəfər mənə evdəki kitabları çıxarmağı məsləhət görür. Həmin adamın adını gələn məhkəmədə deyəcəyəm. Bizim evdə 600 ədəd dini ədəbiyyat var. Mən də zəng eləmişdim, həmin kitabları aparmışdılar. O qədər axmaq oldum ki, kitabları çıxardım, qumbaranı saxladım?!”.

Buna da bax:​ Nardaran işi-3: 'Dedilər ifadəni imzalamasan, soyundurub...'

İsa İbrahimov deyir ki, həbsdə olduğu müddətdə prezidentə 400 məktub yazıb göndərib. Amma sonradan eşidib ki, məktublarını göndərmirlər: “Dedilər ki, “Bakı İstintaq Təcridxanasından prezidentə məktub getmir, hamısını zibilqabına atırıq”. Başa düşmürəm, mən məktubu İlham Əliyevə yazmışam, yoxsa zibil qabıya atmaq üçün?”

İsa İbrahimov Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovun onunla dost olduğunu da bildirib. Onun sözlərinə görə, dostu həmişə atasının ondan razı qaldığını deyirmiş: “İndi belə çıxır ki, icra başçısı terrorçudan razı qalıb? İndi də götürüb yazıb ki, guya Taleh Bağırzadə və Zülfüqar Mikayılzadə tutulandan sonra mən məsciddə onları dəstəkləyən çıxışlar etmişəm. Axı həmin vaxt heç mən Azərbaycanda deyildim”.

Məhkəmə davam edir.

Buna da bax:​ 'ANS-in 'Xoca' filmini aparıb məktəblərdə göstərirdik'

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə 1 il 6 aydan 2 il 6 ayadək həbs cəzası kəsilib.

Buna da bax:​ Nardaran işi: 'Deyirlər, Nardarana 12 milyona yol çəkiblər...'

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

XS
SM
MD
LG