Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:38

Qaxın kəndləri sürətlə boşalır


Qax şəhəri, 30 mart 2006
Qax şəhəri, 30 mart 2006
...Qax avtovağzalının çayxanası. Sərnişinlər də, sürücülər də bura vaxt öldürməyə gəlirlər – ta avtobusun yola düşmək vədəsi yetişənəcən. Amma avtovağzal çayxanasının bir özəlliyi də var. Bura, müasir ifadəylə desək, bir növ informasiya mübadiləsi mərkəzidir, burda rayonun hansı kəndindən desən, adam var.

Rayon camaatının hansı qayğılarla yaşadığını öyrənmək istəyən jurnalist üçün avtovağzal çayxanasından münasib yer ola bilməz. Hərçənd ki, çay masası ətrafında müzakirə olunanlar haqqında diktafona danışmaqdan ehtiyatlanan da olur.


Amma ürəyidolu olanlar da var, məlum olur ki, indi rayon camaatı ən çox ünvanlı sosial yardımdan danışır. Yaxın aylarda dövlət büdcəsindən kasıblara birbaşa pul yardımı ayrılacaq və hamını düşündürən odur ki, yardımı almağa kimlərin haqqı çatır, başqa sözlə, kimə kasıb demək olar? Həmsöhbətlərimizin hamısı özünü kasıb sayır. Amma onlar gileylənirlər ki, qanunun tələbləri çox sərtdi.


Bəs, kəndli torpağı niyə əkə bilmir? Səbəb bu ilin əvvəlindən dizel yanacağının iki dəfə bahalaşmasıdı. Qaxın Turaclı kəndindən olan Nəriman kişi deyir ki, 1 hektar torpaq sahəsi var, hər il şumladıb taxıl əkirdi, amma bu il traktorla görülən işlərə çəkəcəyi xərcləri hesablayıb və torpağı əkməkdən vaz keçib.


Dolanışıqla bağlı çətinliklər Qaxın hər yerində eynidir. İstər azərbaycanlıların yaşadığı kəndlər olsun, istər saxurların, istərsə də gürcülərin.



Əlibəyli kəndində az qala bütün həyətlərdə üzüm tənəkləri görmək olar, 29 mart 2006
...Mahnıdı, çaxırdı, bunlar Qafqazda gürcünü tanıdan əsas əlamətlərdən sayılır. Baş çəkdiyimiz Əlibəyli kəndində gürcülər toplum halında yaşayır və az qala bütün həyətlərdə üzüm tənəkləri görmək olar. Burda hamı çaxır çəkir. İndi yaz gəlib və üzüm tənəkləri budanır.

Gürcülər üçün çaxır müqəddəs içkidi, həyatın rəmzidi. Onlar normal miqdarda içilən çaxırı həm də orqanizm üçün xeyirli sayırlar. Mərasimləri də çaxırsız keçmir.


Əlibəyli - Qaxda gürcülərin yaşadığı beş kənddən biridi. Gürcülər öz adət-ənənələrinə çox sadiqdirlər. Amma toplum halında yaşamaları onlar üçün bəzi çətinliklər də yaradır, azərbaycanlılarla az ünsiyyətdə olurlar və bunun nəticəsində dövlət dilini zəif bilirlər.


Şota Rustaveli adına Əlibəyli kənd orta məktəbində Azərbaycan dilində şer bilən şagird azdır. Hətta şer bilən əlaçı şagirdlər də adi sualları çətinliklə anlayır.

Məktəbin direktoru Andro Sonaşvili deyir ki, ən böyük çətinlikləri məktəbdə Azərbaycan dili dərsliklərinin olmamasıdı. Gürcü məktəbləri üçün Azərbaycan dili dərsliyi yoxdu. Müəllimlər rusdilli məktəblər üçün hazırlanan Azərbaycan dili dərsliyindən istifadə edirlər. Bunun isə faydası az olur. Məktəb direktoru deyir ki, uşaqların çoxu böyüyəndə dövlət dilini bilmədiklərindən iş də tapa bilmirlər.


Andro Sonaşvili deyir ki, məktəbdə Azərbaycan dili və coğrafiyası kitabları da yoxdu.



Alibəyli kəndinin sakinləri "Azadlıq" radiosunun əməkdaşı Rövşən Qənbərovu çaxıra qonaq edirlər, 27 mart 2006
Amma onu da öyrəndik ki, artıq dövlət səviyyəsində dərslik probleminin həllinə başlanıb. Məsələn, tarix dərsliyi ilə bağlı Azərbaycan və Gürcüstan ekspertlərinin iştirakıyla birgə komissiya yaradılıb. Yeni dərslik iki dildə olacaq – Azərbaycan və gürcü dillərində və iki qonşu ölkənin tarixindən bəhs edəcək. Həmin dərslikdən həm Azərbaycandakı gürcü məktəbləri, həm də Gürcüstandakı Azərbaycan məktəbləri istifadə edəcək. Birgə komissiya çalışacaq ki, tarix dərsliyində hər hansı mübahisəli məsələ əksini tapmasın.

...Qaxın gözəl təbiəti var, dağlar, bolsulu çaylar, şəlalələr, dağ yamaclarında keçilməz meşələr… Bura gələn qonağın, yaxud turistin düşündüyü birinci bu olur ki, belə füsunkar yerlərdə yaşayanlar nə bəxtəvərdir. Amma sən demə, belə yerdə yaşamaq bəxtəvərliyini istəməyənlər də çoxmuş, Qaxın kəndləri sürətlə boşalırmış.


Nizami Gəncəvi adına İlisu kənd orta məktəbində vaxtilə min nəfərə qədər şagird oxuyub, indi onların sayı 5 dəfə azdı, cəmi 180 şagird. Direktor Xanpəri Muradova deyir ki, əhalinin azalmasına səbəb kənddə iş yerlərinin olmamasıdır.


İlisu kəndinin təbiəti də getdikcə öz əvvəlki gözəlliyini itirir. Qış sərt keçdiyindən əhali odun üçün meşələri qırmağa məcburdu.


Hələliksə, dağ kəndlərində yaşayanların əsas gəlir mənbəyi yayda Qaxa istirahətə gələn turistlərə otaq kirayə verməkdi. Getdikcə rayonda yeni istirahət mərkəzləri də açılır. Hökumət Qax-Zaqatala zonasını ölkənin turizm baxımından ən perspektivli bölgəsi elan edib və yerli sakinlər turizmin inkişafına, bununla da yeni iş yerlərinin açılmasına çox böyük ümidlər bağlayırlar.



Qaxda gürcü kilsəsi, 27 mart 2006
Qaxı turizm baxımından cəlbedici edən təkcə təbiəti deyil. Burda çoxlu sayda tarixi abidə – qala, körpü, məscid var. Rayonda yaşı min ildən çox olan qədim alban və Sasani dövrünə aid abidələrə də rast gəlmək olar. 16-cı əsrdə yaranmış İlisu sultanlığından yadigar qalan abidələr daha çoxdu. Bu sultanlıq 19-cü əsrin ortalarına qədər mövcud olub və hətta Şeyx Şamilin tərəfində Rusiya imperiyasının işğalçılıq siyasətinə qarşı döyüşüb. Burada rus əsgərlərinin qəbirləri, onların tikdikləri istehkamlar, qalalar da var.

Rayonun öz qədim memarlıq üslubu var. Evlərin tikintisində çay daşından və kirəmitdən istifadə olunur. Amma Qaxda söhbətləşdiyimiz bərpaçı-memar Afər Mürüdov deyir ki, yeni istirahət mərkəzlərini tikənlər bu qədimliyi, özünəməxsusluğu nəzərə almırlar. Müasir materiallardan tikilən binalar nə qədər dəbdəbəli olsa da, qədim üslubla uyuşmur. Bundan başqa, son illər Qaxda Bakıdan olan imkanlı şəxslərin tikdirdiyi villaların da sayı artır.


Afər Mürüdov onu da deyir ki, tarixi abidələrin bərpasına ayrılan pul çox azdı. Halbuki qədim abidələr rayona turist cəlb etmək baxımından çox vacibdir. Bundan başqa, rayona gələn turistlərə abidələr barədə məlumat vermək üçün bələdçilər də çatışmır.


Rayondakı qədim qalalardan yalnız Sumuq qalası bir neçə il əvvəl bərpa edilib. Keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsüylə. Bu həmin qaladı ki, ondan «Qorxma, mən səninləyəm» filminin çəkilişlərində istifadə olunub və keçmiş nazir həmin filmdə baş rollardan birini oynayıb. Başqa qalaların isə bu baxımdan bəxti gətirməyib.


Amma Qaxda ümid edirlər ki, bir müddət əvvəl mədəniyyət və turizm sahələrinin bir qurumda - Mədəniyyət və Turizm Nazirliyində birləşməsi illərdir bərpasız qalan tarixi abidələr üçün də düşərli olacaq.


XS
SM
MD
LG