Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:32

Qaz və elektrik tarifləri qaldırıldı


Arxiv fotosu.
Arxiv fotosu.

Tarif Şurasının noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətləri qaldırılıb.

Bu haqda Şuranın yaydığı press-relizdə bildirilir.

Şura bildirir ki, qazın və elektrikin tariflərinin qaldırılması ilə bağlı Dövlət Neft Şirkəti (SOCAR), “Azərenerji” ASC və “Azərişıq” ASC müraciət edib.

Şura xəbər verir ki, Dövlət Neft Şirkəti bütün istehlakçılara təbii qaz tarifinin min kubmetrə görə, 180 manata qaldırılmasını təklif edib.

Buna da bax:​ Hər şeyin yeni qiyməti var - nələr nə qədər bahalanıb?

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində elektrik enerjisinin bir kilovat-saata görə, topdansatış qiymətinin təbii qaz üzrə artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik yüksəldilməli olduğu göstərilib.

Müraciətləri araşdıran Tarif Şurası təbii qazın pərakəndə satışı ilə bağlı yeni tariflər müəyyən edib.

QAZ: İllik 1500 kubmetrdən artıq istifadə edənlərə 100 faiz artım

Qazın qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü dəyişdirilmir. Qiymət bir kubmetrə görə, mövcud 10 qəpik səviyyəsində saxlanılıb.

Buna da bax: Qiymət artımının səbəbi bilindi - Şərhlər

Ancaq illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə üçün bir kubmetrə görə, qiymət 20 qəpik müəyyən edilib.

Tarif Şurası Dövlət Neft Şirkətinin məlumatına əsasən bildirir ki, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır.

Tarif Şurası elektrik enerjisinin də qiymətini artırıb. Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetrə 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Buna da bax:​ Məişət texnikasından nələr bahalanıb

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən, qeyri-əhali qrupu üçün isə bu il dekabrın 1-dən tətbiq olunacaq.

ELEKTRİK: Aylıq 250 kilovat-saatdan çox istifadə edənlərə 7 qəpikdən 11 qəpiyə

Aylıq istehlak həcmi 250 kilovat-saatdan çox olan istehlakçılara isə 11 qəpik müəyyən edilib.

Tarif Şurası bildirir ki, təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisinə də yenidən baxılmasını zəruri edib.

Buna da bax:​ Ərzaq bahalaşır, maaş və pensiyalar artmı

Elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik məbləğində təsdiq edilib.

Pərakəndə satış tarifi isə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılara dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcmi 250 kilovat-saatdan çox olan istehlakçılara isə 11 qəpik müəyyən edilib.

Şura "Azərişıq" ASC-nin bilgilərinə istinadən qeyd edir ki, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır.

Buna da bax: Qiymətlərin qalxmasını qaçılmaz edən budur- Ekspert

Şura qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifini 9 qəpik səviyyəsində təsdiqləyib.

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya, alüminium sənayesi, poladəritmə istehsalı müəssisələrindən ötrü elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Elektrik enerjisi ilə bağlı Şuranın qərarı dekabrın 1-dən qüvvəyə minir.

“Yeni tariflərlə ildə 600 manat ödəməliyik”

Qadir İbrahimli
Qadir İbrahimli

SOCAR-ın açıqlamasında diqqət çəkən məqamlardan biri əhali abonentlərinin 62 faizinin illik istehlak həcminin 1500 kubmetrdən az olması barədə deyilənlərdir. İqtisadçı ekspert Qadir İbrahimli bu rəqəmi real saymır.

O, ailə büdcəsində təbii qaza xərclənən vəsaiti misal gətirir: “Oktyabrdan başlayaraq aprelədək bizim evin aylıq qaz xərci 50 manat olur. Bu arada biz ayda 500 kubmetr qaz işlədirik. 7 ayda bu göstərici 3 min 500 kubmetr olur. Təbii ki, bu aylarda qaz istehlakının artması evin istilik təchizatı ilə bağlıdır. İlin qalan 5 ayında isə istehlak 50 kubmetrə çatır. Bu hesabla, biz ildə 3 min 750 kubmetr qaz işlədirik. Deməli, bunun 1500 kubmetrini 10 qəpikdən, 2 min 250 kubmetrini isə 20 qəpikdən ödəməliyik. Bu hesabla, indiki tariflərlə biz ildə 375 manat ödəyirdik. Yeni tariflərlə isə ildə 600 manat”.

Buna da bax:​ Soba və reaktiv mühərriki yanacaqları da bahalaşdı

Ekspert: “Məntiqlə, hökumət BP-dən pulsuz aldığı qazı əhaliyə pulsuz verməlidir”

İqtisadçı ekspert Natiq Cəfərli AzadlıqRadiosu-na müsahibəsində Tarif Şurasının qərarlarını şərh edib

Tarif Şurasının noyabrın 28-dəki toplantısında qazın və elektrikin qiymətləri qaldırılıb. Bu haqda Şuranın yaydığı press-relizdə belə deyilir. O da deyilir ki, qaz və elektrikin tariflərinin qaldırılması ilə bağlı Dövlət Neft Şirkəti (SOCAR) , “Azərenerji” ASC və “Azərişıq” ASC Şuraya müraciət edib.

Natiq Cəfərli
Natiq Cəfərli

Bildirilir ki, illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü qazın qiyməti dəyişdirilmir və bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılır, ancaq... Ancaq illik istehlak həcmi 1500 kubmetri aşan hissə üçün bir kubmetrə görə qiymət 20 qəpik müəyyənləşdirilir. Aylıq istehlak həcmi 250 kilovat-saatdan çox olan elektrik istehlakçılarına da hər kilovata üçün 11 qəpik ödəniş müəyyən edilib. İqtisadçı ekspert Natiq Cəfərli AzadlıqRadiosu-na müsahibəsində Tarif Şurasının qərarlarını şərh edib.

Buna da bax:​ Prezident qazın qiymətindən danışdı...

– SOCAR Tarif Şurasına müraciətində qeyd edir ki, Azərbaycanda satılan təbii qazın müəyyən hissəsinin, hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq, əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərdən yüksək olması zərər doğurur...

– Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (BP) uzun illərdir ki, səmt qazını hökumətə pulsuz verir. İldə təxminən 2,5-3 milyard kubmetr havayı qaz alırlar. Bəs niyə bu qazı əhaliyə pulsuz vermirlər? Əhalinin istehlakı bu həcmdən bir az çoxdur və bu məntiqlə, biz qazı pulsuz almalıyıq.

– Deyilir ki, diferensial qiymət tətbiq ediləcək. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılır. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik ödəmək lazım gələcək...

– Dolayıblar camaatı? Smart-kart sistemi deyil bizdə? Biz karta pul qoyub sayğaca yükləyirik və sayğaca yüklənmiş pul bitəndə qaz kəsilir. İndi hökumət nə biləcək ki, mən ildə nə qədər qaz işlədəcəyəm? Sayğac ilboyu yüklədiyim pulu hansı qiymətdən siləcək? Bunun mexanizmi necə olacaq?

Buna da bax:​ İşığın bahalaşması kimə daha çox ziyan vuracaq- [Video]

– Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilmir və mövcud 7 qəpik səviyyəsində saxlanılır. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçünsə 11 qəpiyə ödənilməlidir…

– Deyirlər ki, əhalinin 70 faizi 250 kilovat/saatadək enerji istifadə edir. Tutalım, elədir, bəs 30 faiz adam deyil? Bu, 2,5 milyon əhali, 500 minə yaxın abonent deməkdir. Bunlar necə ödəniş edəcək? Kommersiya qurumları üçün qiymət artımı bütün istehlak mallarının və xidmətlərinin bahalaşmasını doğuracaq. Manat dəyərsizləşdiyindən, artan qiymətlərin üzərinə hələ 15-20 faizədək əlavə enerji xərci gələcək. Bax belə, zay idarəçilik sisteminin fəsadları hələ çox olacaq.

İlham Şaban: “Əllərindəki vəsait işıq və qazpulunu ödəməyə çatacaq?”

Buna da bax:​ Dekabrın 1-dən qiymətlər qalxır, bəs maaşlar?

Enerji məsələləri eksperti İlham Şaban qaz və elektrik istehlakındakı qiymət artımını AzadlıqRadiosu-na şərh edir:

İlham Şaban
İlham Şaban

– Mən artıq rəqəmləri hesabladım. 1500 kubmetr qaz istifadə etdikdə, əvvəlki qiymət hesablanacaq. İllik sərfiyyat 1500 kubmetri aşanda, artıq iki dəfə çox tariflə hesablanacaq. Özümü Azərbaycanda çox qənaətcil istehlakçı sayıram. Mənim qaz istehlakım bir ilə, orta hesabla, 2 min 400 kubmetrdir. Deməli, mən 2 min 400 kubmetrin 1500-nü köhnə qiymətlə ödəyəcəyəm, yerdə qalan 900 kubmetrini isə yeni tariflə. Yeni tariflə ödənməsi mənim ailə büdcəmdən çıxarılan həcmdir.

– Bəs elektrik?

– Elektrikə gəlincə, 17 manat 50 qəpiyi, yəni qoyulan yeni limiti keçəndə 11,2 qəpiklə ödəməyə başlayacağıq. Məndə kombi sistemidir. Bu ilin avqustunda 28 manat elektrik pulu ödəmişəm. Deməli, o 10 manatı yeni tariflə ödəyəcəyəm. Ancaq normal istilik sistemi olmayan “xruşşovka”larda, 9 mərtəbəli binalarda yaşayanlar, ya da qaz verilməyən yeni tikilən binalarda yaşayanlar daha çox elektrikdən istifadə edirlər. Mən özüm 4 il yeni tikilən binada qazsız yaşamışam, onda biz ayda 150 manat işıqpulu verirdik. İndi bu kateqoriyadan olan adamlar 55 faiz çox pul ödəməli olacaqlar. Bu da ailə büdcəsinə ziyandır. Ən çox əziyyət çəkən bölgələrdə yaşayanlar olacaq.

Buna da bax: 'Bu savadsız yığını qərara düz-əməlli izah da verə bilmir'

– Niyə?

– Şəhərdə insanlar daha kompakt yaşayır, kombi sistemi qururlar. Amma baha olduğundan, rayonlarda kombi qurduran azdır. Ona görə, iki ya üç otağa qaz sobaları qoyurlar. Mənim qış vaxtı maksimum xərcim 40 manat olurdu. Ancaq rayonda 60-70 manat qazpulu ödəyirdilər. İşıqpulu da 20 manatdan aşağı olmurdu. Yeri gəlmişkən, rayonda daha çox elektrikdən istifadə edirlər. Tutalım, tövlədə, həyətdə gecə səhərədək işıq yanır. Bu tək Azərbaycanda belə deyil, hər yerdə belədir. Belə işlər var və bunların axırı nə olacaq? Əllərindəki vəsait işıq və qazpulunu ödəməyə çatacaqmı?

– Belə çıxır ki, 1990-cı illərdə olduğu kimi, insanlar yenə bir otağa yığışıb maksimum qənaətə keçəcəklər?

– Bu, reallıqdır. Bizim dövlətin büdcəsi 2013-cü ildə 24 milyard dollar idi, ondan sonra 21 milyarda, 2015-ci ildə 16 milyarda, hətta bir qədər də aşağı düşdü. Bu il 10 milyarddan bir qədər yuxarıdır, gələn ilsə 8 milyarddan bir qədər yuxarı olacaq. Dövlətin qazanc yeri azalır. Ona real gəlir gətirən yer - neftdir. Əvvəl “Şahdəniz” qazı 500 milyon dollar pul gətirirdi. Neft Fondunun 2014-cü ilə hesabatına görə, “Şahdəniz”dən 523 milyon dollar mənfəət gəlmişdi, ancaq bu il cəmi 64 milyondur. O ki qaldı 2008-ci ildən reklam edilən qeyri-neft sektoruna, o valyuta gətirmir. Daha doğrusu, ancaq pul aparır, qazanc gətirmir. Bu baxımdan da dövlətin başqa yerdən alacağı yoxdur, neftin qiyməti də get-gedə düşür. Gələn ilsə neft hasilatı 1,5 milyon ton aşağı düşəcək. Bu halda hökumət nəsə etməlidir. Tək çıxış yolu...

Buna da bax:​ "Azərbaycanda su dünya ölkələrindən qat-qat ucuzdu"

– Əhalinin cibinə girməkdir?

– Müəyyən dərəcədə əhalini, əvvəla, qənaətə sövq etməkdir. İkincisi, əhalidə olan-qalan vəsaiti də toplamaqdır. Siz 2014-cü ildə görmüşdünüz ki, DYP əməkdaşları piyadaları cərimələsinlər? Ancaq bu gün hər küçədə var. Dövlət hər imkandan istifadə edir ki, vətəndaşdan pul qoparsın. Buna görə də hökumət öz vətəndaşına, heç olmasa, ayda bir dəfə “sağ ol” deməlidir. Neftin qiyməti düşəndən - 2014-cü ildən bəri vətəndaş bu hökuməti saxlayır.

– Bəs bu vətəndaş harayadək dözə biləcək? Onun resursları da tükənmək üzrə deyilmi?

– Vətəndaş da boğazından kəsir. Ancaq hələ də ona münbit şərait yaradılmayıb ki, imkanlarını gerçəkləşdirib əlavə dəyər yaratsın, qeyri-neft sektorunu inkişaf etdirsin, həm özünü, həm də hökuməti yedirsin.

Buna da bax:

Prezident əhalinin dolanışığından nə qədər məlumatlıdır?
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

XS
SM
MD
LG