Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:38

Ucuz qaz axtarışında


Azərbaycan İrandan qaz alıb Avropaya ötürmək istəyir. Azərbaycanın öz nəhəng "Şahdəniz" yatağı isə bu ilin axırından işə düşməlidir. Eyni vaxtda Azərbaycan Rusiyadan qaz alır və gələn il də kimdənsə qaz almalıdır ki, ehtiyacını ödəsin

Azərbaycanın qaza olan ehtiyacı ildə 10-12 milyard kubmetr arasındadır. İndiyə qədər bu ehtiyacın təxminən yarısını – 6 milyard kubmetrini Azərbaycan Dövlət Neft Şirkəti [ARDNŞ] çıxarır. Bundan başqa "Azəri-Çıraq-Günəşli" yataqlarında neftlə yanaşı, səmt qazı da çıxır ki, «Əsrin Müqaviləsi»nə görə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti [ABƏŞ] həmin qazı havayı olaraq Azərbaycana verir.

«Əsrin Müqaviləsi» layihəsinin baş operatoru olan BP şirkətinin verdiyi rəqəmlərə görə, ötən il bu səmt qazının həcmi 1.7 milyard kubmetr olub. Rusiyadan isə həmin il 4.5 milyard kubmetr qaz alınıb.


Amma bu 3 yerdən alınan qazın qiymətləri çox fərqlidir. Səmt qazını Azərbaycan BP-dən havayı alırsa, özünün çıxardığı qazın maya dəyəri 2005-ci ilin avqustunda hər min kubmetr üçün 119 min manat - təxminən 26 dollar olub. Rusiya qazı isə bu ildən hər min kubmetr üçün 110 dollardır. Yeri gəlmişkən, artıq 6 aydır ki, ARDNŞ çıxardığı neft və qazın maya dəyərini açıqlamır. Amma «Azəriqaz»a qazın hər min kubmetrini 120 min köhnə manata – təxminən 26 dollara satır. Deməli, Azərbaycan 4.5 milyard kubmetrə görə Rusiyaya təxminən 500 milyon dollar ödəyir, ölkədə çıxarılan 5.5 milyard kubmetrə görə isə uzağı 150 milyon dollar xərcə düşür.


Amma gələn ildən Rusiyanın qazın qiymətini yenidən artırması ehtimalı var. Rusiya Azərbaycana qazı Avropa qiymətləriylə - min kubmetrini 220-230 dollara satmağa başlasa, Azərbaycanın xərcləri 1 milyard dolları keçə bilər.


Sənaye və energetika naziri Natiq Əliyev məhz bu ehtimalları nəzərə alaraq ucuz qaz axtarışlarına başladıqlarını gizlətmir. Rəsmilər gələn ildən təxminən 1 milyard kubmetr qaz almaq üçün İranla danışıqlar apardıqlarını və hər min kubmetrinə görə 120 dollar ödəməyə hazır olduqlarını bildirirlər. ARDNŞ-in özü də gələn il qaz hasilatını daha 2 milyard kubmetr artıraraq 7.5 milyarda çatdırmağı planlaşdırıb. Üstəlik, bu ilin sonunda beynəlxalq konsorsium "Şahdəniz" yatağından ildə 8.5 milyard kubmetr qazın çıxarılmasına başlayacaq və burdan Azərbaycana da pay düşəcək.


"Şahdəniz" layihəsinin operatoru olan BP şirkətinin sözçüsü Tamam Bayatlının sözlərinə görə, bu layihənin ilk mərhələsində Azərbaycan tərəfi hər il 1.5 milyard kubmetr qaz ala biləcək. Yeri gəlmişkən, Azərbaycanın «Şahdəniz»dən alacağı qazın qiyməti də açıqlanmır. Amma müstəqil ekspertlər, məsələn "Turan" informasiya agentliyindən İlham Şabanın sözlərinə görə, hər min kubmetr qaz Azərbaycana təxminən 110 dollara başa gələcək.


Beləliklə, gələn il Azərbaycan 200 milyon dollar xərcləməklə 7.5 milyard kubmetr qazı özü çıxaracaq, təxminən 280 milyon dollar verməklə «Şahdəniz» yatağından 2.5 milyard kubmetr qaz alacaq. Ən azı 1.5 milyardın da səmt qazı kimi havayı alınacağını nəzərə alanda, xaricdən uzağı 1 milyard kubmetr qaz almaq bəs edəcək. O 1 milyard kubmetrə görə 120 milyon dollar İrana verilsə, qaz xərcləri üst-üstə 600 milyon dollar edəcək ki, bu da Rusiyadan qaz almaqdan daha sərfəli olacaq. Üstəlik, Gürcüstan, Ukrayna və sonra da Avropaya qaz satmaq istəyən İranla tranzit danışıqları apararaq, alınacaq qazın qiymətini endirmək də olar. Əlavə olaraq, Türkmənistan və Qazaxıstan qazının Azərbaycandan keçərək Avropa bazarlarına nəqli üçün boru kəmərlərinin inşasına dair danışıqların da tezliklə başlanacağı gözlənilir. ABŞ-ın da dəstəklədiyi Transxəzər boru kəməri layihəsi gerçəkləşərsə, Azərbaycan tranzit haqqı yerinə qaz almaqla xaricdən qaz idxalından tam imtina edə bilər.


XS
SM
MD
LG