Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:37

Rusiyalılara bank kartı verilməsi sərtləşdirilir


Almatıda bank
Almatıda bank

VISA və Mastercard martda Rusiya bankları ilə tərəfdaşlığı dayandırıb

Qazaxıstanda banklar Rusiya vətəndaşlarına ödəniş kartları verilməsi prosedurlarını sərtləşdirməyə başlayıblar. Bu addım Ukraynaya qarşı səbəbsiz müharibədən dolayı Rusiyada maliyyə qurumlarına sanksiyalar fonunda atılır.

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan onminlərlə rusiyalı Qazaxıstanda banklara üz tutub. Onlar bank hesabları açmağa, Mastercard və VISA kredit kartları əldə etməyə başlayıblar. Buna qlobal ödəniş nəhənglərinin Rusiyada əməliyyatları dayandırması səbəb olub.

Yeni tələb

Qazaxıstan bankları hesab açmaq istəyən Rusiya vətəndaşlarından daimi yaşayışa dəlil, yaxud Qazaxıstan şirkətlərindən iş izni istəməyə başlayıblar.

Media bir neçə bank rəsmisinə istinadla yazır ki, Rusiya vətəndaşlarına kartların nəzarətsiz şəkildə verilməsi onlara qarşı sanksiyalara səbəb olar.

Mərkəzi bankın aparıcı rəsmisi Arlen Moldabekov mayın 25-də televiziyaya müsahibəsində deyib ki, yerli qanunvericilik qeyri-rezidentlərə Qazaxıstan banklarında hesab açmağa icazə versə də, maliyyə qurumları belə sənədləri potensial müştərilərdən istəyə bilərlər.

“Ödəniş kartları verərkən banklarımız yerli, eləcə də daxili qaydalara və bankların nəzarət sistemlərinin qaydalarına əməl edirlər. Onlar həmçinin üzv olduqları, ödəniş kartlarını verdikləri beynəlxalq ödəniş sistemlərinin qaydalarına əməl edirlər”, – Moldabekov vurğulayıb.

VISA və Mastercard martda Rusiya bankları ilə tərəfdaşlığı dayandırıb. Bundan sonra Rusiya vətəndaşları həm bank karları əldə etmək, həm də digər işlərini yoluna qoymaq üçün digər postsovet ölkələrinə üz tutublar.

35 minə yaxın rusiyalı

Qazaxıstan Daxili İşlər Nazirliyinin ötən həftə bildirdiyinə görə, fevralın 24-dən mayın 17-dək 35 minə yaxın Rusiya vətəndaşı Qazaxıstanda Fərdi İdentifikasiya Nömrəsi (FİN) əldə edib. Həmin müddətdə FİN əldə edən ukraynalıların sayı isə 606 nəfərdir.

FİN fərdlərin Qazaxıstanda sosial müavinətləri almasına imkan verir, bank hesabları açmaq prosesini sadələşdirir. Rusiyanın populyar müğənnilərindən Lev Leşenko da bu ayın əvvəlində FİN aldığı Qazaxıstanda sosial xidmətlər idarəsində olub.

Qazaxıstanın Maliyyə Nəzarəti Agentliyinin məlumatına görə, beynəlxalq sanksiyalarla əlaqədar Rusiya banklarının Qazaxıstandakı filiallarında ölkə vətəndaşlarına məxsus 9.2 milyard tenge (21.5 milyon dollar) dondurulub.

XS
SM
MD
LG