Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:37

Qazaxıstanın pensiya fondunun pulları Azərbaycanda 'batır'


Almatıda Vahid Pensiya Yığımı Fondunun banneri
Almatıda Vahid Pensiya Yığımı Fondunun banneri

Qazaxıstanın çökməkdə olan pensiya fondu yeni bir qalmaqalın hədəfinə çevrilib. Fondun Azərbaycana yatırdığı yüz milyonlarla dollar batmaq üzrədir.

Bu haqda eurasianet.org portalında Aktan Rysaliev yazır.

224 MİLYON DOLLAR

Özəl KTK televiziyası bu həftə xəbər verib ki, Vahid Pensiya Yığımı Fondunun (rusca qısa adı - ENPF) menecerləri Azərbaycan Beynəlxalq Bankına 70 milyard təngə (224 milyon dollar) yatırıb. Amma elə ötən həftə ABB beynəlxalq öhdəliklərini yerinə yetirə bilmədiyini bildirib və borclarının restrukturizasiyasından ötrü ABŞ-da məhkəməyə müraciət edib.

***Buna da bax-Beynəlxalq Bank - restrukturizasiya yoxsa müflis? [video]

Məqalədə vurğulanır ki, hazırda Qazaxıstan parlamentinin üzvləri qəzəb içindədirlər və pensiya fondu rəhbərlərini səriştəsizlikdə ittiham edirlər. Axı bu yaxınlarda ABB-nin problemlər içində üzdüyünə dair xəbərdarlıq olunmuşdu.

İqtisadçı Rahim Oshakbaev deyir ki, ENPF 2014-cü ilin oktyabrında ABB-nin buraxdığı bondları alıb. Bundan beşcə ay öncə beynəlxalq reytinq agentliyi bu bondları yüksək riskli «Ba3» kateqoriyasına daxil etmişdi. Oshakbaev-in sözlərinə görə, hələ onda təhlilçilər bu sərmayənin risklərindən danışır, həmin bondların etibarsız olduğunu vurğulayırdılar.

Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

PROSES NƏZARƏTDƏN ÇIXIB

Fevralda bankın reytinqi «B1» dərəcəsinə salındı ki, bu da onun qaçılmaz defoltunu xəbərləyirdi. Amma ENPF prinsipindən əl çəkməyib.

Pensiya Fondları Assosiasiyasının keçmiş sədri Aidar Alibaev KTK-ya deyib ki, ENPF-nin yatırdığı pulun batmaq ehtimalı böyükdür, çünki proses artıq nəzarətdən çıxıb.

***Buna da bax-Deputat: 'Beynəlxalq Bank ilə bağlı qarşıda iki məsələ var'

İqtisadçı Oshakbaev-in hesablamalarına görə, ENPF kapitalının 20 faizi ümidsiz sərmayələrə qoyulub.

Məqalədə ENPF-nin başından qalmaqalın əskik olmadığı vurğulanır. Fondun menecerlərindən bir neçəsi dekabrda həbs olunub. Onlar mənimsəmədə, fondun ehtiyatlarından sui-istifadədə ittiham olunurlar.

Azərbaycan Beynəlxalq Bankdan deyiblər ki, bu məsələlərə mayın 23-ü Londonda xarici kreditorlarla keçirilən görüşdə aydınlıq gətiriləcək.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanda 36 filialı, 1800 əməkdaşı var.

2016-cı ilin iyun ayına olan vəziyyətə görə, bankın aktivləri 8.3 mlrd. dollara yaxın olub. Müştərilərin hesabları da daxil olmaqla, öhdəliklərin ümumi məbləğinin 8 mlrd. dollar təşkil etdiyi bildirilir.

Mayın 11-də Azərbaycan hökumətinin bankın öhdəliklərinin dövlətə ötürülməsinə qərar verdiyi açıqlanıb. Bu öhdəliklərin cəmi məbləği barədə isə rəsmi bilgi verilmir.

2016-cı ildə bankın sağlamlaşdırılması ilə bağlı dövlət bu banka 3 milyard manat vəsait ayırıb.

Azərbaycan Beynəlxalq Bankı 3.3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədilə mayın 11-də Nyu-Yorkda məhkəməyə müraciət edib.

XS
SM
MD
LG