Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:38

Qəbələdəki otellərin gəliri kəskin artıb


Qafqaz Sport Hotel
Qafqaz Sport Hotel

Bu ilin birinci yarısında Azərbaycan otellərində turistlərin gecələmə sayı rəsmi hesabatlara görə 52 faiz artıb. Səbəb kimi ölkəyə turist axınının güclənməsi göstərilir. Ən inkişaf etmiş turizm bölgəsi olan Qəbələdəki otellərə üstünlük verənlərin sayı ümumi turistlərin sayının 9.3 faizini təşkil edib.

Müqayisə üçün deyək ki, Dövlət Statistiki Komitəsinin məlumatına əsasən, mehmanxanaların əsas iqtisadi göstəricisi olan gecələmə sayında Qəbələ hələ 2015-ci ildə ən geridə qalan bölgələrdən idi: hər 10 min gecələmədən yalnız 46-sı bu rayonun payına düşürdü.

QƏBƏLƏDƏ OLAN TURİST BAKIDA SAYILIRMIŞ

Bəs nə oldu ki, «birdən birə» turistlər Qəbələyə «axışdılar»? AzadlıqRadiosunun bununla bağlı sorğusunu DSK-dan belə cavablandırıblar: 2016-cı ilin birinci yarısınadək Qəbələ rayonunda fəaliyyət göstərən «bəzi mehmanxanaların məlumatları onların hüquqi qeydiyyat ünvanı, yəni Bakı şəhəri üzrə uçota alınırdı». Başqa sözlə, otel Qəbələdə yerləşsə də, onun qəbul etdiyi qonaqlar, ödənilən vəsait – bütün texniki və maliyyə göstəriciləri Bakının «ayağına yazılırdı».

***Buna da bax-'Gilan'ın otellərində nə baş verir

Komitədən AzadlıqRadiosuna onu da deyiblər ki, bu ilin altı ayında Qəbələ otellərində 59 min 700 nəfər qalıb. Onlar orta hesabla burada 2 gün gecələyiblər. Yemək, sağlamlıq xərcləri və digər ödənişlər daxil olmaqla, Qəbələnin 18 otelinin yarımillik gəlirləri 6 milyon manatdan çox olub. Hər turist bu otellərdə təxminən 104 manat 72 qəpik xərcləyib. Bakı otelləri hər müştəridən orta hesabla 276 manat 34 qəpik gəlir götürüb. Məsrəflər çıxılmaqla Qəbələ otelləri təxminən 1 milyon, Bakı otelləri isə 28.5 milyon manat mənfəət qazanıb.

***Buna da bax-Bakıda ən yaxşı otellərin bəziləri Əliyevlərindir

RƏQƏMLƏRDƏKİ TƏZADLAR QALMAQDADIR

DSK-ya görə, 2016-cı ilin əvvəlinə Qəbələdəki otellərin nömrə sayı 196 idisə, ilin sonuna bu göstərici 1500-ü keçmişdi. Lakin iyulun əvvəlinə olan məlumatda fəaliyyət göstərən otellərin nömrə sayının 1081-ə düşdüyü göstərilir. Qəbələdəki otellərin göstəricilərindəki «qabarma və çəkilmələr»in ziddiyyətini ortaya qoyan və DSK-nın aydınlıq gətirmədiyi başqa bir məqam: bu ilin əvvəlinə nömrə sayı azalsa da, otellərin birdəfəlik tutumu rəsmi sənədlərə görə, 2 min 319-dan 3 min 598-ə qalxıb.

Yay mövsümü öncəsi Qəbələ otellərində 1200-dək işçi çalışırdı. Bakıdakı 116 mehmanxanada həmin dövrdə 5 min nəfər qeydiyyatda idi.

***Buna da bax-'Gilan Holding'in Bakıda 7 milyardlıq maliyyə mərkəzi tikmək planı var

HOLDİNQİN OTELLƏRİNİN MİNDƏN ÇOX NÖMRƏSİ VAR

Qəbələdə yerləşən otellərin əsas hissəsi «Gilan Holding» şirkətlər qrupuna daxildir. AzadlıqRadiosu həmin otellərin internet səhifələrinə və otel yerləşdirməsi üzrə beynəlxalq agentliklərin məlumatlarına əsasən hesablayıb ki, qrupa daxil olan 12 oteldə (Qafqaz Resort Hotel, Qafqaz Karvansaray Hotel, Qafqaz Qebele City Hotel, Qafqaz Sport Hotel, Qafqaz Thermal&Spa Hotel, Qafqaz Yeddi Gozel Hotel, Qafqaz Tufandag Mountain Resort Hotel, Qafqaz Riverside Resort, Chenot Palace Health Wellness Hotel, Qəbələ Otel, Gilan Otel və Yengicə İstisu Sağlamlıq Mərkəzi) toplam 1031 nömrə var. Qalan az sayda nömrə digər özəl şirkətlərin otellərinə məxsusdur.

XS
SM
MD
LG