Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:57

Jurnalist araşdırması: Qəbələdə müəmmalı ailə podratı var


Vergilər Nazirliyinin mətbu orqanı
Vergilər Nazirliyinin mətbu orqanı

-

Qəbələdə əksər büdcə təşkilatlarının ehtiyaclarını ödəyən şirkətlərin ləğvi haqqında elan çıxsa da, sonrası qaranlıq qalıb...

Uzun illər Qəbələdə yerli İcra Hakimiyyətindən tutmuş, qızıl balıq yetişdirmə zavodunadək, rayonun irili-xırdalı əksər büdcə təşkilatlarının ehtiyaclarını ödəyən bir neçə şirkət bağlanma ərəfəsindədir.

«LƏĞV PROSESİNDƏDİR» QEYDİ NƏDƏN YAZILMAYIB?

Vergilər Nazirliyinin mətbu orqanında mart ayında dərc olunmuş məlumatda «Pastar», «Babadağ-2013», «RXE-09», «Exor-14», «Yeni-İnkişaf-2010», «Hünər-V», «Dəmiraparan-R», «Qala-S», «Abad-İnkişaf», «Şeyda-2009» MMC-lərin ləğvinə başlandığı bildirilirdi. Qanunvericiliyə görə, şirkətin ləğvi barədə məlumat ən azı 3 dəfə dərc edilməli, borcluların məlumatlandırılması, heç olmasa, 2 ay sürməlidir.

Sadalanan şirkətlərin ləğvinə hazırlıq işlərinin başlanmasından 2 ay ötsə də, təkrar bildirişlərə rast gəlinməyib. Elə Vergilər Nazirliyi kommersiya təşkilatlarının dövlət reyestrində də sözügedən şirkət adlarının qarşısında, qanunla tələb olunduğu kimi, «Ləğv prosesindədir» qeydi yazılmayıb. Niyəsi qaranlıq qalır, - ya şirkətlərin təsisçiləri fikirlərindən daşınıblar, ya da qeydiyyat orqanı bu işdə bir «əmma» tapıb. Bütün hallarda proses yarımçıq qalıb.

RƏFAİL RƏSULOV VƏ XANIMINA MƏXSUS ŞİRKƏTLƏR

Sadalanan şirkətlər rayon bazarının yiyəsi Rəfail Rəsulova və xanımına - 116 nömrəli Qəbələ Seçki Dairəsinin üzvü Xalidə Rəsulovaya məxsusdur. Bu şirkətlərin bağlanma səbəbi bilinmir. Eynən Qəbələ Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən qızları Vüsalənin onların biznes uğurlarındakı iştirak dərəcəsi də.

Ləğvinə qərar verilən şirkətlər 10 il öncə qurulmağa başlanıb. 2010-cu ilədək bu şirkətlərin nə işlə məşğul olduğu məlum deyil. Şirkətlərin korporativ saytları olmayıb. Üstəlik, heç biri heç nəyi nə istehsal, nə də idxal edib. Bu halda istər-istəməz sual doğur: Deməli, malları satın alan təşkilat onları 1-ci əldən deyil, vasitəçidən alıb? Bütün bunlar anlaşılmaz qala-qala, sözügedən şirkətlər təkcə 2010-2013-cü illərdə dövlət qurumlarına 1 milyon 195 min manat dəyərində ərzaq (o cümlədən ət və süd məhsulları), avadanlıq, tikinti materialı, dəftərxana gərəkləri, təsərrüfat malları, avtomobillərə ehtiyat hissələr və s. sata bilib.

MÜƏMMALAR SİLSİLƏSİ

Bu hələ harasıdır? Satınalmaların dövlət reyestrində qeydə alınan protokollara görə, Rəsulovlar ailəsinə məxsus şirkətlər çoxşaxəli fəaliyyət göstərib. Məsələn, «Yeni-İnkişaf-2010» şirkəti Qəbələ Müalicə Diaqnostika Mərkəzinə həm ərzaq satıb, həm də onların mətbəəlik işlərini görüb. Növbəti il bu şirkəti Rəsulovların bir başqa şirkəti («Babadağ-2013» MMC) əvəzləyib.

O da maraqlıdır ki, Rəfail Rəsulovun şirkəti yaratmasına dair qeydiyyat şəhadətnaməsi almağı ilə həmin şirkətin Qəbələ və ya Ağdaşda satınalma müqaviləsi bağlaması arasında çox qısa bir zaman keçib. Qəbələdə rayon İcra Hakimiyyəti və onun kənd nümayəndəlikləri, səhiyyə şöbəsi, mərkəzi xəstəxana, mədəniyyət və turizm şöbəsi, suvarma sistemləri idarəsi və başqa dövlət təşkilatları Rəsulovların gah bir, gah da digər şirkətinin xidmətindən yararlanıb.

Rəfail Rəsulov artıq başqa şirkətlər qurduğundan, 2013-cü ildən bəri sadalanan şirkətlərə rast gəlinməyib. O vaxtdan bu yana dövlət qurumlarıyla alış veriş işləri «İQO-10», «Qar-14», «Kanat-2014»,«Zəyli» və s. şirkətlər üzərindən aparılıb.

AZADLIQRADİOSUNUN SORĞUSU CAVABLANMAYIB

Düzdür, Rəsulovlara məxsus və ləğvinə qərar verilən şirkət adlarına bir yerdə - dövlət satınalmalarının rəsmi reyestrində mütləq rast gəlmək olar. Axı dövlət təşkilatlarının rəqabət təməlində təşkil etməli olduğu satınalmalar üzrə bağladıqları müqavilə siyahısı 2010-cu ildən bəri ictimaiyyətə açıqlanır. Həmin vaxtdan 2013-cü ilədək sözügedən şirkətlərin adları siyahılarda 87 dəfə çəkilir.

Yuxarıda qeyd olunduğu kimi, Rəsulovların ailə üzvlərindən biri (Rəfail Rəsulovun qızı) Qəbələ rayon İH-də çalışır. AzadlıqRadiosu Qəbələ rayon İcra Hakimiyyətinə sorğu göndərərək, onun təşkil etdiyi satınalmalarda, «Dövlət satınalmaları haqqında» qanuna uyğun olaraq,əlaqəli şəxslərlə münasibətlərin olması ehtimalının və eyni şəxsə məxsus müxtəlif şirkətlərin qalib elan edilməsinin araşdırılıb-araşdırılmadığıyla maraqlanıb. O da soruşulub ki, satınalmaların təşkili zamanı ixtisas uyğunluğu, maddi-texniki imkanlar, kadr potensialı yoxlanılırmı?

Rayon icra hakimiyyəti sorğuya cavab verməyib. Şirkətlərə rəhbərlik edən Arzu Fazil oğlu Səlimov və Elxan Hidayət oğlu Şeydayev də şirkətlərin nədən ləğv edildiyi barədə sualı cavablamaqdan yayınıblar.

HƏLƏ BAŞQALARI DA VAR

Rəsulovların «şirkət boğçasında» yuxarıda adı çəkilənlərdən başqaları da var. 2009-cu ilin yanvarında yaradılan bir çox şirkətlər ləğv edilənlər sırasına qatılsa da, çoxsaylı tenderlərdə qalib elan edilən «Mçux» və «QRO-010» MMC-lər eyni aqibətlə üzləşməyiblər.

XS
SM
MD
LG