Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:36

Britaniya ordusunun keçmiş komandanı Ukraynanın Rusiya ərazisinə zərbə endirməsini məqsədəuyğun sayır


Riçard Dannatt
Riçard Dannatt

General Riçard Dannatt 2006-2009-cu illərdə Britaniya ordusunun komandanı olub, indi istefadadır. 2011-ci ildə Britaniya Parlamenti Lordlar Palatasının müstəqil üzvü olan Dannatt, eyni zamanda, hərbi və liderlik məsələlərini şərh edir.

Dannatt AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində deyib ki, Qərbin Ukraynanı qısa zamanda güclü silahlarla təmin etməklə bağlı tərəddüdü Rusiya prezidenti Vladimir Putinin işğalçı ordusuna işğal etdiyi ərazilərdə müdafiə xətləri qurmaq üçün ehtiyacı olan vaxtı vermək deməkdir. Dannatta görə, Ukrayna prezidenti Volodimir Zelenski və onun Qərb müttəfiqləri Rusiya ilə uzunmüddətli münaqişəyə hazır olmalıdırlar. O, Ukraynanın Rusiya daxilinə hücumlar təşkil etməsinin də "legitim" olduğunu söyləyib.

"Qərb... yetərincə ləng davranıb"

Ukraynanın yay aylarında apardığı əks-hücum əməliyyatına münasibət bildirən Dannatt deyib ki, Ukrayna ordusu böyük itkilər verdiyi bu əməliyyata xeyli əmək sərf edib: "Rahatlıqla deyə bilərik ki, Qərb Ukraynaya əks-hücum üçün zəruri silahları verməklə bağlı qərar qəbul etməkdə yetərincə ləng davranıb. Tanklar, zirehli piyada döyüş maşınları, özüyeriyən toplar, yetərincə silah-sursat, uzunmənzilli artilleriya və dronların göndərilməsinə dair qərar çox uzun çəkdi. Yaxşı, bu baş verdi, ancaq Ukrayna ordusuna həmin silahlardan istifadə etməklə bağlı təlim verilməsi də çox uzun çəkdi, axı.

Əlbəttə, bütün bunlar baş verərkən ruslar boş gəzmirdilər. Onlar eyni zaman dilimindən yararlanaraq hərtərəfli müdafiə mövqeləri qurdular. Min kilometrlik cəbhə xəttinin bir çox yerində üçədək xətt qurdular və Ukrayna ordusunun bu xətləri yarması çox çətin oldu. Ukrayna ordusunun müəyyən itkilər bahasına ilk xətti yara bildiyi bəzi ərazilər oldu. Bəzi yerlərdə isə ikinci müdafiə xəttini də yara bildilər. Ancaq Qərb silahları ilə təchiz olunmuş Ukrayna qoşunlarının Rusiya istehkamlarını qırıb-dağıdaraq ötən ilin sentyabrında gördüyümüz nəticələr kimi panika yarada biləcəyinə ümidlər doğrulmadı.

…Payızla qışın, əlverişsiz hava şərtlərinin gəlməsi ilə, məncə, 2023-cü ildə döyüş meydanında həlledici hərəkətin başvermə ehtimalı çox azdır. Bu üzdən, məncə, prezident Zelenski və Ukrayna ordusu arzulamadıqları… daha uzunmüddətli münaqişəyə hazırlaşmalı olacaqlar. Ukrayna ordusunu qətiyyən tənqid etmirəm, sadəcə rusların güclü müdafiə mövqeləri qurmaları və bu mövqeləri dağıtmanın çətin olması faktını vurğulayıram".

"Qərb sanki ipləri çəkərək…"

Generalın sözlərinə görə, hazırda F-16-ların, yaxud başqa müasir döyüş təyyarələrinin Ukraynaya verilməsi məsələsində də durum dəyişməyib: "Qərb, az qala, Ukraynanın öz suveren torpağını Rusiya işğalçılarından qurtarmaq missiyasını yerinə yetirmək qabiliyyətinə nəzarət etməyə çalışır. Qərb sanki ipləri çəkərək Ukraynanın yalnız Qərbin istədiyi şeyləri etməsinə icazə verməyə çalışır.

Əlbəttə, müharibənin eskalasiyası ilə bağlı narahatlıq var. Qərb və NATO-nun [Ukraynanı] həddindən artıq silahlandırdığı və özəlliklə müharibənin Rusiya ərazisinə keçdiyi təqdirdə bu, Rusiyanın siyasi planlarına cavab verəcək və Rusiya bunu Qərb təcavüzünə qarşı özünü müdafiə etmək kimi qələmə verəcək. İddia edəcək ki, NATO lap əvvəldən Rusiyaya hücum etmək niyyətində olub. Bu isə, əlbəttə, tamamilə yanlışdır.

Qərbdə siyasətçilər və liderlər sürəkli NATO-nun qətiyyən hücum məqsədi güdmədiyini, yalnız müdafiə alyansı olduğunu təkrarlayırlar. Deyirlər ki, NATO sadəcə Ukraynanın öz suveren ərazisini bərpa etməsinə, öz müqəddəratını təyinetmə hüququnun və suverenliyinin qorunmasına kömək edir…".

"Ukraynaya… məhdudiyyət sırınmamalıdır"

Mən düşünürəm ki, Ukraynanın Rusiyanın hər hansı ərazisini işğal etmək niyyəti yoxdur. Ancaq bu, müharibə şəraitində tam legitimdir. Eynilə Rusiyanın müharibəyə başlamasından bəri aylarla Ukrayna şəhərlərini, zavodlarını, infrastrukturunu və s. vurduğu kimi, Ukraynanın da Rusiyanın içərilərində hədəfləri vurması tamamilə legitimdir. Bu, Rusiyanın hərbi imkanlarını zəiflətmək baxımından tam məntiqlidir. Bu, müasir müharibənin bir üzüdür. Siz bu savaşı məqsəd və coğrafiyası məhdud olan klassik məhdud müharibə kimi təsnif edə bilərsiniz, ancaq [bu müharibədə] istifadə edilən vasitələr qətiyyən məhdud deyil. Ukraynanın Rusiyadakı hədəflərə hücumunun qarşısını almağa çalışılmamalı, ona məhdudiyyətlər sırınmamalıdır. Bu, legitimdir. Hər halda, bunun haradasa uzaqlarda başqa insanların apardığı müharibə olmadığını rus xalqının anlaması vacibdir. [Onlar anlamalıdırlar ki,] bu onların hamısına təsir göstərən bir şeydir".

"Bu texnika… gərəkən sayda verilməyib"

General Dannatt deyir ki, Rusiyanın qurduğu güclü müdafiə xətlərini yarmağa qadir hərbi texnika var, amma "bəlkə, bu texnikadan Ukraynaya gərəkən sayda verilməyib. Axı [ortada] Rusiyanın müdafiə mövqelərinin gücünü düzgün dəyərləndirməyən yanlış strateji hesablama var. Ukrayna ordusunun üzləşəcəyi daha bir sınaq onların özlərini dəyişdirməli olması idi: onlar müdafiə ordusundan hücuma keçməyə qadir orduya çevrilməliydilər. Müharibə, üstəlik, təmas zamanı bunu etmək çox çətindir…".

XS
SM
MD
LG