Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:20

Öldürülən jurnalistin valideynləri dindirildi


Yaxınları Rasim Əliyevin məzarı başında
Yaxınları Rasim Əliyevin məzarı başında

►Jurnalistin ailəsi istintaq qarşısında hansı məsələləri qaldırıb?

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin valideynləri ailənin vəkilinin vəsatəti əsasında noyabrın 6-da yenidən prokurorluqda dindirilib. Bu barədə AzadlıqRadiosuna mərhum jurnalistin ailəsinin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil deyir ki, Rasim Əliyev xəstəxanada olan gün onun valideynlərilə həkimlər arasındakı danışıqlara dair ziddiyyətli məqamlar var. Rasimə göstərilən tibbi yardım, cərrahiyyə əməliyyatı barədə valideynlərə bir cür məlumat verilib, amma mətbuata başqa cür:

"Valideynlərə deyilib ki, Rasim gecə saat 1 radələrində vəziyyəti pisləşdiyinə görə təcili əməliyyata götürülüb. Həkimlərin mətbuata açıqlamasında isə Rasim Əliyevin xəstəxanaya yerləşdirildiyi gün axşam saat 20 00 radələrində əməliyyat olunduğu bildirilir. Bu ziddiyyətə aydınlıq gətirilməsi üçün valideynlərin və həkimlərin yenidən dindirilməsi, lazım olarsa, onların üzləşdirilməsi barədə vəsatət verdik. Valideynlər prokurorluqda yenidən dindirildi".

Buna da bax: Gör nə günlərə qaldın, Voleybol...

HƏKİMLƏRİN SƏNƏDLƏRİ YOXLANACAQ

Həkimlərin dindirilib-dindirilməməsinə gəlincə, Əsabəli Mustafayev bildirir ki, bu barədə məlumatsızdır. Vəkilin son günlərdə istintaqda daha bir vəsatəti isə Rasim Əliyevə tibbi yardım göstərmiş, cərrahiyyə əməliyyatında iştirak etmiş həkimlərin sənədlərinin yoxlanılması barədə olub:

"Mətbuatda həmin həkimlərin ixtisasının gördükləri işə uyğun olmadığı barədə məlumatlar yayıldı. Həmçinin onlar sənədlərinin əslini göstərməkdən imtina ediblər, yalnız surətlər təqdim olunub. Biz də sənədlərə baxış keçirilməsi, bu məlumatların, o cümlədən təhsilləri, peşələrilə bağlı sənədlərin saxta olub-olmamasının müəyyənləşdirilməsi barədə vəsatət qaldırmışıq".

Cavid Hüseynov
Cavid Hüseynov

Əsabəli Mustafayevin sözlərinə görə, bu vəsatət də təmin olunub.

Rasim Əliyev avqustun 8-də döyülüb və 9-na keçən gecə xəstəxanada keçinib. Döyülməsinə səbəb isə "facebook"da "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovu tənqid etməsi olub. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub ki, onların arasında Cavid Hüseynov da var.

Buna da bax: MTN-nin daha 4 əməkdaşı həbs edilib

“SOYĞUNÇULUQ DA VAR”

Vəkil Rasim Əliyevin ailəsinin narazılığına səbəb olan məqamlardan da danışıb. Onun sözlərinə görə, futbolçu Cavid Hüseynova verilən ittihamla razılaşmırlar:

"Cavid Hüseynovun əməlinin tövsif olunmasından narazıyıq. Ona Cinayət Məcəlləsinin 307-ci maddəsilə cinayəti gizlətməyə görə ittiham irəli sürülüb, digərlərinə isə 126.3-cü maddə ilə. Cavid Hüseynova ittiham verilən maddədə həm cərimə cəzası, həm də 3 ilə qədər həbs nəzərdə tutulub. Bundan başqa,Rasim Əliyev döyüldükdən sonra hadisə yerindən onun telefonu və pulqabı götürülüb. Biz bu əməlin soyğunçuluq kimi qiymətləndirilməsini istəyirik".

Cavid Hüseynovun vəkili Adəm Məmmədov isə baş vermiş cinayətdə ümumiyyətlə, futbolçunun günahı olmadığını bildirib. Vəkilin sözlərinə görə, Cavid Hüseynov hadisədən xəbərsiz olub. Bu baxımdan, Adəm Məmmədov hesab edir ki, müdafiə etdiyi şəxsə qarşı CM-nin 307-ci maddəsilə irəli sürülən ittiham da əsassızdır.

XS
SM
MD
LG