Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:31

Azərbaycanda qeysəriyyə əməliyyatında tənzif unudulub 7 ay qadının qarnında qaldı, bağırsağı deşildi...


İllestrativ foto
İllestrativ foto

Azərbaycanda cərrahiyyə əməliyyatı vaxtı tənzif unudularaq, 7 ay xəstənin qarın boşluğunda qalıb. Nəticədə onun bağırsağı deşilib. Hadisə Mingəşevir şəhər Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatında baş verib.

2021-ci ilin sentyabrında 25 yaşlı Aysel Qurbanova qeysəriyyə əməliyyatıyla qız uşağı dünyaya gətirib. Onu xəstəxananın həkim-ginekoloqu Leyla Cəfərova əməliyyat edib. 2012-ci ildən xəstəxanada çalışan bu həkimin 38 yaşı var.

“Müayinədən keçəndə həkim dedi ki...”

Üç gün sonra xəstəxanadan evə buraxılan Qurbanovanın qarın nahiyəsində bir müddət keçincə ağrılar başlayıb. Dediyinə görə, öncə əməliyyat ağrıları olduğunu düşünüb, amma üç ay keçsə də, ağrılar səngiməyib. Bu üzdən, yaxınları onu ginekoloq L.Cəfərovanın yanına gətirib.

Qurbanovanın sözlərinə görə həkim onun soyuqladığını iddia edib və buna uyğun müalicə yazıb. Di gəl, ağrılar keçməyib. O əməliyyatdan 7 ay sonra – ötən ilin aprelində Bakıda “Xəzər” klinikasına gəlib, müayinədən keçəndə, həkim onun təcili əməliyyata ehtiyac olduğunu deyib:

“Müayinədən keçəndə həkim dedi ki, qarnımda kist var ( kista qışası olan, içi maye dolu çevrəvari törəməyə deyilir – red.) onun götürülməsi üçün əməliyyat olunmalıyam. Rauf həkim əməliyyat etdi. Əməliyyat zamanı, sən demə, qarnımdan bint götürüb, amma bizə deməyib...”

A. Qurbanova evə gələndən sonra əməliyyat yerindən nəcis axıntısı gəlməyə başlayıb. Onun yaxınları “Xəzər” klinikasında əməliyyatı icra eləyən cərrah Rauf Xəlilovdan bunun səbəbini soruşanda həkim tənzif məsələsini onlara açıb deyib. Bundan sonra Ayselin yaxınları Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gəliblər.

Zərərçəkmiş deyir ki, öncə ginekoloq qarın boşluğunda tənzif unutması haqda deyilənləri qəbul etməyib, ancaq əməliyyatın gedişində R. Xəlilovun çəkdiyi fotoları görəndə razılaşıb.

Bir daha Bakıda müayinədən keçəndə məlum olub ki...

L.Cəfərova Rauf həkimlə əlaqə saxlayıb, həmkarından xahiş edib ki, xəstəyə lazım olan bütün tibbi yardımlar göstərilsin. Həmin gün A.Qurbanova Respublika Klinik Xəstəxanasına yerləşdirilib, orada 11 gün müalicə alıb. Onu evə buraxsalar da, durumu yaxşılaşmayıb. Sonradan bir daha Bakıda müayinədən keçəndə məlum olub ki, onun “S-vari” bağırsağı deşilibmiş. Həkimlərin rəyinə görə, tənziflə təmas nəticəsində çürümə yaranıb və bu üzdən bağırsaq deşilib.

A.Qurbanova Bakıda ikinci dəfə əməliyyat olunub. Onun bağırsağında çürümüş hissə kəsilib, sağlam hissələr birləşdirilib.

A.Qurbanovanın başına gələnlərlə əlaqədar bu ilin fevralında Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb, martda icraat dayandırılıb. May ayında yenidən icraat təzələnib və L.Cəfərovaya əməliyyat etdiyi xəstənin qarnında 7 ay tənzif qalmasıyla bağlı səhlənkarlığa görə ittiham irəli sürülüb.

L.Cəfərova özünü təqsirli bilsə də deyir ki, baş verənləri biləndən sonra nəticəni aradan qaldırmaqdan ötrü əlindən gələn fiziki və maddi nə varsa, edib.

Onun sözlərinə görə, məsələdən xəbərdar olunca, Rauf Xəlilovla əlaqə saxlayıb, onların klinikasında olmasa belə, başqa bir klinikaya yerləşdirilməsini xahiş edib. Daim xəstənin durumunu diqqətdə saxladığını, onu şəxsi maşınıyla Bakıya müayinə və əməliyyata apardığını, xərclərini ödədiyini vurğulayıb.

Yanan Masallı bazarı: 'Sığorta şirkətləri yaxın durmadılar'
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

“Yaxınları məndən tələb edirdilər ki, onu sağaldım”

L.Cəfərova deyir ki, onun səhvindən sonra kist əməliyyatında həkim R.Xəlilovun bağırsaqdakı deşilməni görməməsi, o vəziyyətdə qarın boşluğunu bağlayıb, əməliyyatı yekunlaşdırması sonradan müayinə edən həkimləri təəccübləndirmişdi:

“Qarın nahiyəsindən nəcis axıntısı gələndə, yaxınları məndən tələb edirdilər ki, onu sağaldım. Onu professor cərrah Xaləddin həkimin yanına apardım. Müayinə elədi, səhəri gün əməliyyat oldu. Professor mənə və anasına dedi ki, belə böyük perforasiyanı necə görməmək olar? Ya da görüb, necə bağlamaq olar qarın boşluğunu? Bütün xərcləri mən ödədim kassaya. Aysel sağalıb çıxan gün yaxınları mənə təşəkkür elədi...”

A.Qurbanova isə təqsirləndirilən həkimin onun xərclərini qismən ödədiyini deyir. Bununla belə, o, L.Cəfərovaya qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını söyləyib.

Bu məsələyə Mingəçevir şəhər Məhkəməsində baxılıb. Bugünlərdə hakim Elza Cəbrayılzadə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyini əsas gətirərək, təqsirləndirilən həkimin məsuliyyətdən azad edilməsinə qərar verib.

XS
SM
MD
LG