Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:34

Qobustanda qoyunları kim otlağa həsrət qoyub?


►Fermer: "İşimizi bankların rüşvətlə, “şapka”yla verdikləri kreditlərlə qurmuşuq.

İndi fermer fəaliyyətimizi davam etdirə bilmirik ki, borclarımızı qaytaraq."

“İcra hakimiyyəti ilə müqavilələr bağlamışıq, vergimizi, rüsumumuzu ödəyib mal-heyvanımızı qış otlaqlarına buraxırdıq. Düz 1 ildir ki,mal-heyvanımız qalıb ortalıqda, otlamağa yer tapmırlar. Səbəb də odur ki, müqavilə ilə ayrılmış örüş sahələrini əlimizdən alıblar”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Qaradağ rayonu, Qobustan qəsəbəsində iri və xırdabuynuzlu heyvan təsərrüfatı olan fermerlər deyir.

14 ildir ki, fermerliklə məşğul olan Şahbaz Səfərovun sözlərinə görə, əvvəllər mal-heyvanların otladıqları örüş yerləri sonradan Qobustan Dövlət tarixi-bədii Qoruğa çevrildiyindən qapalı ərazi elan olunub. Bundan sonra fermerlər yerli icra hakimiyyətinə üz tutublar ki, başqa örüş yerləri ayrılsın. İcra hakimiyyəti də onları ümidsiz etməyib. Elə Qobustan ərazisində Xanalı və Qulaqçı kimi tanınan qış otlaq sahələrinə görə fermerlərlə müqavilə bağlayıb. Beləcə, minlərlə iri və xırdabuynuzlu heyvan ərazisi 2111 hektar olan örüş sahələrinə buraxılıb.

Buna da bax: Tanınmış futbolçu ilə bağlı istintaq yekunlaşdı

1 İLDƏN ÇOXDUR ÖRÜŞƏ YAXIN DURA BİLMİRLƏR

Fermer deyir, 1 il əvvəl otaq sahəsinə xarici avtomobillər gələrək heyvanları örüşdən çıxarıblar:

“Sürdülər JİP-ləri minlərlə mal-heyvanın üstünə, hamısını hürkütdülər, pərən- pərən salıb örüşdən çıxardılar. Dedilər, “bura Kənd Təsərrüfatı Nazirliyinin yeridir. İcra hakimiyyəti başını daşa döyüb buranı sizə verib”. Bax belə…”

Mal-qarasını otarmağa örüş tapmayan başqa fermer Adil Əsgərov deyir, 1 ildən çoxdur ki, örüşə yaxın düşə bilmirlər, yüzlərlə qoyun-quzu acından ölüb, təxminən o qədəri acından öləcək deyə, dəyər-dəyməzinə qəssaba satılıb:

“O sahələri bizə sənədlə-sübutla veriblər. Baxış adlı bir nəfərdir, oranı zəbt edib, yaxın gedəndə də deyir, bura Kənd Təsərrüfatı Nazirliyinindir. İndi oradakı örüş yerlərinə elə Baxışın öz qardaşı nəzarət edir. Mal-qaranı yayda yaylağa, qışda da həmin qışlağa ötürürdük. İndi qış gələndə fermerlərin çoxu mal-qarasını acından qırılmasın deyə, satmaq məcburiyyətində qalır. Qobustanın bir tərəfi dənizdir, o biri tərəfi qapalı qoruq ərazisi. Biz bu heyvanları harada otaraq…"

Buna da bax: "Hökumət "exchange"lərin sayını azalda bilər"

“ÖZLƏRİ ÜÇÜN SOVXOZ YARADIBLAR”

Başqa fermer Dəyanət Qurbanov:

“Özləri üçün sovxoz yaradıblar, qış otlaq sahələrini əlimizdən alıb öz xırdabuynuzlu heyvanlarını ora buraxıblar. İşimizi bankların rüşvətlə, “şapka”yla verdikləri kreditlərlə qurmuşuq. İndi fermer fəaliyyətimizi davam etdirə bilmirik ki, borclarımızı qaytaraq”.

Fermerlər müqaviləni Abşeron rayon icra hakimiyyəti ilə bağlayıblar. Qurumdan “Qaynar xətt”ə bildiriblər ki, qış otlaq sahələrinə görə fermerlərlə bağlanmış müqavilələri Kənd Təsərrüfatı Nazirliyi ləğv etdirib. Nazirlik hətta Daxili İşlər Nazirliyinə də müraciət edib. İndi məsələ fermerlərlə Kənd Təsərrüfatı Nazirliyi arasında həll olunmalıdır.

Kənd Təsərrüfatı Nazirliyindən qış otlaq sahələrinin Nazirliyə məxsus olduğunu bildirərək məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını deyiblər.

XS
SM
MD
LG