Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:46

Dubay şirkəti Rasim Məmmədova görə zavodun müsadirə olunmasından şikayətçidir


Prezident İlham Əliyev və Rasim Məmmədov Sumqayıtda "Baku Non Ferrous and Foundry Company"nin əlvan metallar və ferroərintilər zavodunun açılışında. 2018
Prezident İlham Əliyev və Rasim Məmmədov Sumqayıtda "Baku Non Ferrous and Foundry Company"nin əlvan metallar və ferroərintilər zavodunun açılışında. 2018

"Baku Steel Company" MMC-nin (poladəritmə zavodu) həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovla bağlı məhkəmə çəkişmələrinə Dubayda fəaliyyət göstərən "RMH General Trading" DMCC də qoşulub. Bu şirkət Məmmədov haqqında hökmün onun maraqlarına toxunduğunu iddia edir və onun ləğvini istəyir. Söhbət hökmdə əmlakların müsadirəsi ilə bağlı hissədən gedir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədova 14 il həbs cəzası kəsilib, 60 milyon manatdan artıq dəyərində əmlak müsadirə olunub. Müsadirəsinə qərar verilən əmlaklardan biri də Sumqayıtda yerləşən "Baku Non Ferrous And Foundry Company"dir (Əlvan metallar və ferroərintilər zavodu). Dubay şirkəti məhz bu hissədə hökmdən şikayətçidir.

Apellyasiya şikayətinə baxılmayıb

"RMH General Trading" DMCC şikayətində göstərib ki, "Baku Non Ferrous And Foundry Company"nin Rasim Məmmədova heç bir aidiyyəti yoxdur. Bu üzdən məhkəmənin ona aid olmayan əmlakı müsadirə etməsi haqda qərarı da qanunsuz və əsassızdır. Şirkət vurğulayıb ki, "Baku Non Ferrous And Foundry Company"nin təsisçisi "RMH General Trading" DMCC-dir. Bu üzdən şirkətin müsadirə olunması birbaşa onların mülkiyyət hüquqlarının pozulmasıdır.

Məmmədov haqqında hökm 2022-ci il dekabrın 28-də çıxarılıb. İyunun 6-da isə Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Hökmün əmlaklarla bağlı hissəsinə dəyişiklik olunmasa da, cəzası 3 ay azaldılaraq 13 il 9 aya endirilib.

"RMH General Trading" DMCC isə maraqlarına toxunulan şəxs kimi, apellyasiya şikayəti versə də, baxılmayıb. Çünki Azərbaycan qanunlarına görə, hökmdən apellyasiya şikayəti vermək üçün 20 gün müddət nəzərdə tutulub. Bu şirkət isə dekabrda çıxarılmış hökmdən mayda şikayət verib.

Şirkətin nümayəndəsi apellyasiya şikayəti ilə yanaşı, məhkəməyə həm də müddətin bərpası üçün vəsatət verib. Orada göstərib ki, mülkiyyətləri müsadirə olunmasına baxmayaraq, hökm barədə vaxtında onlara heç bir məlumat verilməyib. Maraqlarına toxunsa da, hökmün surəti onlara göndərilməyib. Bu üzdən hökmdən vaxtında xəbər tutub apellyasiya şikayəti verə bilməyiblər, ona görə də müddətin bərpasını xahiş edirlər.

Apellyasiya müddəti bərpa olunmayıb

Lakin hökmü çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədova "RMH General Trading" DMCC-yə rədd cavabı verib: "Məhkəmənin hökmlə maraqlarına toxunan şəxslərə və ya onların nümayəndələrinə hökmün surətini vermək vəzifəsi qanunda nəzərdə tutulmayıb".

Dubay şirkəti bu qərardan apellyasiya şikayəti verərək müddətin bərpa olunmasını istəyib. Şirkət hesab edir ki, "Baku Non Ferrous And Foundry Company”nin müsadirə olunması, apellyasiya şikayəti vermək hüququnun məhdudlaşdırılması ədalətli məhkəmə araşdırması, mülkiyyət və başqa hüquqlarını pozur.

Bu qərardan verilən apellyasiya şikayəti də nəticəsiz qalıb. Bakı Apellyasiya Məhkəməsinin hakimləri şikayəti təmin etməyib. Qərarlarını da belə əsaslandırıb ki, Məmmədovun məhkəməsi uzun müddət davam edib, "RMH General Trading" DMCC təsisçisi olduğu şirkətin aqibəti ilə vaxtında maraqlanmalıydı.

Britaniya şirkəti apellyasiya şikayəti verib

Böyük Britaniyanın "Baumant Sales LLP" şirkəti də məhz "Baku Non Ferrous And Foundry Company" ilə bağlı hissədə Məmmədovla bağlı hökmdən apellyasiya şikayəti vermişdi. Bu şirkət iddia edir ki, "Baku Non Ferrous And Foundry Company"nin müsadirə olunmuş əmlaklar siyahısına daxil edilməsi onların maraqlarına ziddir. Çünki bu şirkətin onlara 15 milyon 689 min dollar borcu var. Həmin vəsaitin "Baku Non Ferrous And Foundry Company"yə kredit kimi verildiyi bildirilir. Lakin onun da apellyasiya şikayəti təmin olunmayıb.

"Baumant Sales LLP" də apellyasiya şikayəti vermək üçün müddəti ötürmüşdü. Lakin apellyasiya məhkəməsi müddətin bərpası məsələsində onun şikayətini təmin etmişdi.

185 milyon manatlıq yeyinti

Müsadirə olunan əmlaklar arasında bağ evləri, mənzillər, torpaq sahələri, obyektlər və s. var. Həmçinin Səbayel rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə-108A ünvanında yerləşən Bakı Oksford Məktəbinin əmlakı da müsadirə olunan əmlaklar arasındadır. Bu məktəbin həmtəsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə üzərinə həbs qoyularkən bu əmlak 22 milyon manat qiymətləndirilib.

2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədov "Baku Steel Company"dən 185 milyon manatlıq yeyintidə təqsirli bilinib.

47-yaşlı Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə çıxışlarında da bəraət verilməsini istəyirdi: "Bir adam mənə izah etmir ki, bütün bunlar niyə baş verir. Mən heç bir cinayət etməmişəm, ona görə bəraət istəyirəm. Son sözüm budur...".

Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə "Baku Steel Company" ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələləri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

XS
SM
MD
LG