Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:10

Tikintiyə icazə almaq istəyən şirkət rəhbəri: '17 milyon xərcim çıxıb'


Rasim Quliyev
Rasim Quliyev

Şirkət rəhbəri əlavə edib ki, tikinti işlərinin alınmayacağını onlara 2021-ci ilin fevralında deyiblər

Paytaxtın Dilarə Əliyeva küçəsi 141 və 145 ünvanlarında yerli əhəmiyyətli tarixi-memarlıq abidəsini söküb, yerində çoxmərtəbəli bina inşa etmək istəyən "FF-2011" şirkətinin rəhbəri Tamilla İbrahimova məhkəmədə dindirilib.

O, Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin məhkəməsində ifadə verib. Çünki Quliyev məhz tarixi-memarlıq abidəsi kimi qorunan yaşayış binasının sökülməsi və yerində başqa binanın inşa olunması üçün bu şirkətə sərəncam verib.

Sabiq aparat rəhbəri həmin sərəncamı 2018-ci ilin mayında - Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində imzalayıb. Həmin dövrdə Abutalıbov artıq Baş nazirin müavini təyin olunmuş, icra başçısının birinci müavini Rauf Pənahov isə vəfat etmişdi.

Şirkətin rəhbəri isə deyir ki, Rasim Quliyevi ilk dəfə məhkəmədə görür. İbrahimova vurğulayıb ki, sözügedən söküntü-tikinti işlərilə əlaqədar 2012-ci ildən proseslər başlamışdı, 2013-cü ildə razılıq barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamını da almışdı. Bundan sonra Dilarə Əliyeva 145 ünvanındakı sakinlər köçürülüb.

“Ramiz Mehdiyev dedi ki...”

Şirkət rəhbərinin sözlərinə görə, sözü gedən ünvanda söküntü-tikinti üçün sərəncamın alınmasından tutmuş, sakinlərin köçürülməsinə qədər ümumilikdə 17 milyon manata yaxın pul xərcləyib.

Dəfələrlə Abutalıbov və başqa rəsmilərlə görüşdüyünü deyən şirkət rəhbərinin sözlərinə görə, o, Quliyevin onun işi ilə əlaqədar həbs olunduğunu eşidəndə təəccüblənib:

"Getdim baş nazirin müavini Hacıbala Abutalıbovun yanına. Dedim ki, ‘Rasim Quliyev kimdir, mənim sənədimə qol çəkdiyinə görə tutulub? Deyirlər ki, işim ona görə alınmayıb’. Hacıbala dedi ki, ‘ola bilməz’. Götürüb Ramiz Mehdiyevə, Kəmaləddin Heydərova, Əbülfəs Qarayevə, Ədliyyə Nazirliyinə zəng elədi. Ramiz müəllimə dedi ki, ‘Arxitektura Komitəsi Rasim Quliyevin imzasını tanımadıqlarını deyir’. Cavabında Ramiz Mehdiyev dedi ki, ‘ola bilməz, biz onun sənədlərini qəbul edirik’. Az sonra Zakir Qaralov məktub göndərdi ki, bina qanunsuz tikilir. Biz də işi saxladıq..."

“Dedi ki, ‘bina böyükdür, azaldın’”

Bakının baş memarı Akif Abdullayev bu ünvanla bağlı işlərdən yetərincə xəbəri olmadığını, sadəcə, icra başçısının göstərişilə sənədləri imzaladığını desə də, İbrahimova məhkəmədə bunu təkzib edib.

O bildirib ki, hətta Akif Abdullayev ona konkret memar da təklif edərək, onunla işləməyi məsləhət görmüşdü. Onlar da həmin memarla işləyiblər:

"Layihəni Akif Abdullayevə göstərdim, dedi ki, ‘bina böyükdü, azaldın’. Layihəni azaltdım, bütün qurumlarda təsdiqlətdirdim, sonra Akif Abdullayevə verdim".

Şirkət rəhbəri əlavə edib ki, tikinti işlərinin alınmayacağını onlara 2021-ci ilin fevralında deyiblər:

"Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümbətov yoldaşıma dedi ki, ‘iş alınmır’. Mən dedim ki, ‘kimə lazımdır, yenə pul verim, işim dayanmasın’. Namiq çox yerlərə müraciət etdi, cavab gəlmədi. Sonra eşitdim ki, Rasim Quliyevlə bağlı cinayət işi başlanıb. Mən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdim ki, Rasim Quliyevi tanıyım. İmkan vermədilər, dedilər ki, ‘bu işdə 32 şirkət var, sənlik deyil’. Sonra gördüm ki, işin içində ancaq mənim şirkətimdən söhbət gedir".

Bu məsələ ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Rasim Quliyev Bakının Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 141 ünvanında tarixi-memarlıq binasının sökülməsi və yerində çoxmərtəbəli binanın tikintisinə icazə haqda sərəncama görə həbs olunub. Amma o, özünü təqsirli bilmir.

Sabiq məmura CM-in 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

50-yaşlı Rasim Quliyev 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib.

O, icra hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri təyin edilib. 2018-ci ilin noyabrında Eldar Əzizov icra başçısı vəzifəsinə təsdiqlənəndən az sonra Quliyev ümumiyyətlə, bu qurumdan işdən çıxarılıb.

XS
SM
MD
LG