Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Hacıbala Abutalıbovun Aparat rəhbəri həbsdən buraxıldı


Rasim Quliyev
Rasim Quliyev

O məhkəmədə demişdi ki, qalmaqallı söküntüyə Hacıbala Abutalıbov sərəncam verib

2001-2019-cu illərdə Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən 8 il Aparat rəhbəri olmuş Rasim Quliyev həbsdən buraxılıb.

Martın 16-da Bakı Apellyasiya Məhkəməsi onun haqqındakı 3 illik həbs hökmünü dəyişib. Onun cəzası 2 ilə endirilib. Quliyevə münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Apellyasiya məhkəməsi də Quliyevi paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında (Qış parkının yanı) tarixi-memarlıq abidəsi sayılan ikimərtəbəli yaşayış binasının sökülməsi, yerində çoxmərtəbəli yeni binanın tikintisi üçün "FF-2011" şirkətinə qanunsuz icazə verməkdə təqsirli bilib. O, sözügedən sərəncamı 2018-ci ilin mayında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində imzalayıb.

“Heç vəzifə səlahiyyətləri də mənə düzgün ötürülməyibmiş”

Lakin Quliyev özünü təqsirli bilmir. O bildirib ki, "FF-2011" şirkətinə o ərazidə tikinti aparmaq üçün hələ 2012 və 2015-ci illərdə Hacıbala Abutalıbovun iki sərəncamı olub. O da 2018-ci ildə (həmin vaxt Abutalıbov artıq baş nazirin müavini təyin edilmişdi) əvvəlki iki sərəncama əsaslanaraq, icazə sənədini imzalayıb.

Aparat rəhbəri olduğu dövrdə icra başçısının müavini səlahiyyətlərini icra etməsinə isə belə izah verib:

"2017-ci ildə mənə deyildi ki, rəhbərliklə razılaşdırılıb, icra başçısının müavini səlahiyyətini müvəqqəti icra edəcəm. Ümumi nəzarəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı həyata keçirəcək. Bu haqda xüsusi sərəncam da var və cinayət işinin materiallarındadır. Məhkəmə dövründə müxtəlif qurumlar və şəxslər arasındakı yazışmalarla sübut olundu ki, heç vəzifə səlahiyyətləri də mənə düzgün ötürülməyibmiş..."

Xatırlatma

50-yaşlı Rasim Quliyev 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib.

O, icra hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri təyin edilib. 2018-ci ilin noyabrında Eldar Əzizov icra başçısı vəzifəsinə təsdiqlənəndən az sonra Quliyev ümumiyyətlə, bu qurumdan işdən çıxarılıb.

Bakı şəhər İcra Hakimiyyətindəki fəaliyyətindən öncə - 2000-ci ildə parlament seçkiləri zamanı Quliyev 29 saylı Səbail Dairə Seçki Komissiyasının sədri olub.

2019-cu ildə icra hakimiyyətindən uzaqlaşdırılandan sonra həmin ilin aprel ayından YAP Mərkəzi Aparatında işə təyin olunub.

XS
SM
MD
LG