Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:53

Rektor Ömər Eldarov: 'Rektor işləyir, qoy işləsin də...'


Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti

Azərbaycanda ali məktəblərə rektor 5 il müddətinə təyin olunacaq. Prezident İlham Əliyev bununla bağlı dekabrın 10-da fərman imzalayıb. Sənəd təhsil mütəxəssisləri arasında birmənalı qarşılanmayıb.

«Bu, xalqı təhqir etməkdir»

«Azərbaycana hər şeyi prezident təyin edir. Bircə bu qalıb ki, məktəb direktorlarını da prezident təyin etsin», - təhsil eksperti Nabatəli Qulamoğlu İ.Əliyevin fərmanını şərh edərkən deyir.

«5 il yox, lap 1 il də olsa, fərqi yoxdur. Rektoru nə üçün prezident təyin etməlidir? Rektoru həmin ali məktəbin tələbələri, müəllimləri, kafedra müdirləri seçməlidir», – o əlavə edir.

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, şərq ölkəsi olan Azərbaycanda seçki ideyası keçərli deyil. O, hətta vaxtilə Bakı Dövlət Universitetində buna cəhd edilsə də, ortaya biabırçı nəticə çıxdığını xatırlayır. Təhsil eksperti «demokratik və bürokratik sistemin qarışığı» olan sistem təklif edir: «Yəni ali məktəbdə bir neçə nəfər rektorluğa namizədlik versin və onların arasında seçilənlər prezidentə təqdim olunsun». Onun qənaətincə, birbaşa tələbə və müəllimlərin rektor seçmək ideyası alınmayacaq.

N.Qulamoğlu
N.Qulamoğlu

N.Qulamoğlu isə bu arqumentlə razılaşmır və 100 il qabaq Azərbaycanda, Şərqdə seçki keçirildiyini bildirir: «Necə olur indi keçirmək mümkün deyil? Bu, həm də xalqı təhqir etməkdir. Yəni gerizəkalı xalqıq ki, bizdə seçki keçirmək olmur? Hakimiyyət seçki institutunu məhv etdiyi üçün belə təsəvvür yaranıb».

N.Qulamoğlunun fikrincə, gənc həmkarları hakimiyyət strukturlarından ehtiyat edərək belə söyləyir və bu, səmimi cavab deyil.

«Prezidentdən inqilabi addım»

Təhsil eksperti K.Əsədov prezidentin fərmanını «inqilabi addım» adlandırır, bunun ali məktəblərin irəliləməsinə, dünyada reytinq qazanmasına təsiri olacağını güman edir. Bununla da Azərbaycanda 20-30 il rektor işləmək təcrübəsinə son qoyulacağını güman edir:

K.Əsədov
K.Əsədov

«Ağacan Əbiyev 30 il Bədən Tərbiyəsi Akademiyasına rəhbərlik etdi, Timurçin Əfəndiyev Mədəniyyət və İncəsənət Universitetində 30 il rektor işlədi, indi də Xoreoqrafiya Akademiyasında işləyir, Əhliman Əmiraslanov (həm də deputatdır) 25 il Tibb Universitetində rektor olub, Siyavuş Qarayev Neft Akademiyasına 20 ilə yaxın rektorluq edib, Abel Məhərrəmov 20 ilə yaxın BDU-da rektor oldu, Səməd Seyidov 20 il Dillər Universitetinə rektor işləyib... Bunların rektor olduğu müddətdə universitetə ciddi inkişaf nəzərə çarpmayıb. 20 il əvvəl universitet nəydisə, 20 il sonra da odur. İndi də o cür vəzifəsində qalanlar var. Məsələn, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 20 ildir bu işdədir, Fərhad Bədəlbəyli 30 ilə yaxındır Musiqi Akademiyasına rəhbərlik edir, Siyavuş Kərimi 18 ildir Musiqi Konservatoriyasına, Ömər Eldarov 20 ildən çoxdur Rəssamlıq Akademiyasına rəhbərlik edir».

Ö.Eldarov
Ö.Eldarov

Rektor Ömər Eldarov: «Tələbələr razıdırsa, qoy işləsin...»

91 yaşlı xalq rəssamı, 17 ildir Rəssamlıq Akademiyasının rektoru olan Ömər Eldarov prezident sərəncamını normal adlandırsa da, deyir ki, 5 illik təyinat qıraqdan yaxşı görünür, amma: «Rektor yaxşı işləyirsə, qoy işləsin də. Mən bilirəm ki, uzun müddət eyni vəzifədə işləmək olar. Yəni hər şey yaxşıdırsa, düzgündürsə, tələbələr razıdırsa, qoy işləsin, əlbəttə».

Ö.Eldarov rektor seçimini də tənqidlə qarşılayır. O deyir ki, bu demokratiya yox, anarxiya olacaq. «Bu nə demokratiyadır? Tələbələr... Yox, yox, mən razı deyiləm», - söyləyir.

AzadlıqRadiosu başqa rektorlardan bu fərmana münasibət öyrənə bilməyib.

«3 il işləməsələr də...»

K.Əsədovun fikrincə, həmin ali məktəblər bu illərdə müasir əmək bazarının tələblərinə, müasir çağırışlara cavab verən kadr hazırlamayıb. O hesab edir ki, 5 illik təyinat rektorları bir qədər hərəkətə gətirəcək: «3 il işləməsələr də, 2 il işləyəcəklər ki, növbəti 5 ildə prezident onlara etimad göstərsin, sosial razılıq olsun. Bu gün Azərbaycanda 50-dən artıq ali məktəb olsa da, heç biri dünya reytinqində yoxdur. Bizə xaricdən tələbə gəlmir. Ali məktəb rəhbəri təyin olunanda bilir ki, 15-20 il burdadır, qohum-əqrəbasını da bura yığır».

BDU tələbə, müəllimləri Abel Məhərrəmov haqda
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

N.Qulamoğlunun iddiasına görə, rektorluq indiki Azərbaycanda korrupsiya mənbəyidir: «Bir rektorun nə işlə məşğul olduğu məlum oldu. Məlum oldu ki, burdan İspaniyaya çaxır vurur, oradan bura nəsə göndərir. Mən ad çəkmək istəmirəm. Rektorların əlində böyük imkanlar var. Amma rektorların 5 illik təyinatı heç nəyi dəyişmir. Eləsi olar fikirləşəcək ki, vaxtım bitir, bir az da daha çox talan edim. Yenə deyirəm, rektor seçilməlidir, təyin olunmamalıdır».

Bir qədər öncə Azərbaycanın ilk universiteti – Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifədən çıxarıldı. Bundan sonra yerli media onunla bağlı korrupsiya ittihamlarına, ailəsinin biznesi haqqında yazmağa başladı. Düzdür, sonradan o bu deyilənlərin bir çoxunu təkzib etdi. Amma sosial mediada müzakirələr zamanı bir ideya daha çox gündəmdə idi – rektorlar artıq təyin olunmamalı, seçilməlidirlər.

XS
SM
MD
LG