Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Rəşad Dağlıya daha bir ittiham: məhkəmənin qapalı keçirilməsini istəyir


Rəşad Əmirov (Dağlı)
Rəşad Əmirov (Dağlı)

Qəsdən adam öldürməkdə suçlanan meyxanaçı Rəşad Əmirova (Dağlı) qarşı daha bir ittiham irəli sürülüb. O, Cinayət Məcəlləsinin (CM) 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə yanaşı, həm də 228.4 (qanunsuz soyuq silah əldə etmə, saxlama) maddəsi ilə ittiham olunur. Bu, aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Əmirovun işi üzrə məhkəmənin hazırlıq iclasında məlum olub.

İstintaq uzun müddət CM-nin 120-ci maddəsi ilə gedib. İstintaqın sonunda 228.4 maddəsi ilə yeni ittiham verilib.

Məhkəmə prosesin qapalı keçirilməsinə razılıq verməyib

Meyxanaçının vəkili Elvin Əliyev məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, cinayət işinin materiallarında Əmirovun şəxsi həyatına dəlalət edən, ailə sirri hesab olunan epizodlar var. Həmin məsələlər məhkəmədə araşdırılacaq. Ona görə də məhkəmə prosesi qapalı keçirilməlidir.

Təqsirləndirilən şəxsin özü də məhkəmənin qapalı keçirilməsini istəyib. Lakin məhkəmə prosesin qapalı keçirilməsinə razılıq verməyib. Hakimlər hesab edib ki, bu işdə qapalı keçirilməyə əsas ola biləcək hal yoxdur.

Mayın 1-dən bu iş üzrə məhkəmə prosesində dindirmələr başlayacaq.

Hadisənin belə baş verdiyi bildirilir

39-yaşlı meyxanaçı qonşusu İsgəndər Mehdiyevi qətlə yetirməkdə suçlanır. Onlar Yasamal qəsəbəsində qonşuluqda yaşasalar da, hadisənin 2022-ci il noyabrın 9-na keçən gecə səhər saat 5 radələrində Lökbatan dairəsi yaxınlığında, Əmirova məxsus avtomobilin içində baş verdiyi bildirilir. 43-yaşlı Mehdiyev hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, hadisədən sonra Əmirov özü polis idarəsinə gələrək təslim olub.

O, ifadəsində Mehdiyevi təhqirlərinə dözməyib qətlə yetirdiyini bildirib.

Zərərçəkmiş tərəfin qohumları isə mediaya müsahibələrində meyxanaçının gecə saatlarında onların evinə gəlib Mehdiyevi götürüb apardığını və qətlə yetirdiyini deyib.

Rəşad Əmirova ittiham verilən maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG