Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:23

A.Balayev Rəsulzadənin 135 illiyini yeni kitabla qarşıladı: 'Rəsulzadə Atatürkü qabaqlayıb!'


M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə.
M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə.

«2019-cu ilin yanvarında yalnız çağdaş Azərbaycanın deyil, bütün türk dünyasının çoxəsrlik tarixinin ən böyük simalarından olan M.Ə.Rəsulzadənin anadan olmasının 135 ili tamamlanır. Heç şübhəsiz, milli tariximizin zirvə nöqtəsi olan 1918-ci ilin 28 May – Azərbaycan milli dövlətçiliyinin doğum günü birbaşa bu dahi şəxsiyyətin adı ilə bağlıdır».

Tarixçi-alim Aydın Balayev AzadlıqRadiosuna yenicə çapdan çıxmış kitabı haqqında danışarkən bu fikri səsləndirib.

Şərqdə milli dövlətçiliyin Avropa modeli

Onun fikrincə, «M.Ə.Rəsulzadə və digər Cümhuriyyət liderlərinin tarixi xidməti ondan ibarətdir ki, onlar bütün müsəlman Şərqində ilk dəfə milli dövlətçiliyin Avropa modelini gerçəkləşdirməyə cəhd göstərdilər. Avropanın əksər xalqları tarixi inkişafın həmin mərhələsini hələ XIX əsrdə keçmişdilər, Şərqdə isə bu yolla ilk dəfə addımlamaq şərəfi M.Ə.Rəsulzadə və onun silahdaşlarına nəsib oldu».

«Rəsulzadə Atatürkü qabaqladı»

A.Balayev bu anlamda Azərbaycan Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin müasir Türkiyənin qurucusu olan Atatürkü bir neçə il qabaqlamış olduğunu bildirir: «Atatürkün XX əsrin 20-ci illərinin ortalarında Türkiyə Cümhuriyyətini yaradarkən əldə rəhbər tutduğu milli dövlətçilik ideyaları M.Ə.Rəsulzadə və silahdaşları tərəfindən Azərbaycanda hələ 1918-1920-ci illərdə həyata keçirilmişdi».

«Rəsulzadə və silahdaşlarını Atatürkün müəllimi hesab etmək olar»

Və tarixçi-alim maraqlı bir ayrıntıya diqqət çəkir: «Həm də, Türkiyədə milli dövlət quruculuğu gedişində, əsasən, avtoritar metodlara üstünlük verən Atatürkdən fərqli olaraq, Azərbaycan liderləri demokratik dəyərlərə arxalanırdılar. Bu baxımdan, M.Ə.Rəsulzadə və onun silahdaşlarını, müəyyən mənada, hətta Atatürkün müəllimi də hesab etmək olar».

«Atatürkdən fərqli olaraq...»

A.Balayev Atatürkdən fərqli olaraq, Azərbaycan Cümhuriyyəti liderlərinin regiondakı əlverişsiz geosiyasi vəziyyət ucbatından həmin planlarını və niyyətlərini tam şəkildə gerçəkləşdirə bilmədiklərini və ilk cümhuriyyətin bu üzdən 1920-ci ilin aprelində rus-bolşevik işğalı nəticəsində süqut etdiyini bildirir: «Bundan sonra M.Ə.Rəsulzadə ölkənin hüdudlarını tərk etmək məcburiyyətində qalsa da, mühacirət həyatının bütün çətinlik və məhrumiyyətlərinə rəğmən, qürbətdə də Vətənin itirilmiş müstəqilliyinin bərpası uğrunda aramsız və fədakar mücadiləsini davam etdirdi. Abdulla Taymasın söylədiyi kimi, M.Ə.Rəsulzadə həmin mücadiləyə hər şeyini, ailəsini, rahatlığını, sağlamlığını və nəhayət, həyatını fəda etdi».

Rəsulzadənin verdiyi qurbanlar və «mükafatı»

A.Balayev Rəsulzadənin verdiyi qurbanların əvəzini belə açıqlayır: «Həyatı boyu verdiyi saysız-hesabsız qurbanların «mükafatı» isə doğma xalqının laqeydliyi və biganəliyi oldu. Bu baxımdan, kiçicik «təsəllimiz» yalnız bu ola bilər ki, həyatlarını Vətənin xoşbəxtlik və rifahı uğrunda mübarizəyə həsr etmiş Azərbaycan türklərinin onsuz da azsaylı nümayəndələrinin - Mizə Cəlildən tutmuş Məhəmməd Hadiyə və Əli bəy Hüseynzadədən Əhməd bəy Ağaoğlunadək istisnasız olaraq hamısı oxşar taleyi yaşamışlar».

Əks halda... «Təmirsiz, siçovulların qaçışdığı yarızirzəmi»

«Əks halda, Mirzə Cəlil ömrünün sonunda evini isitmək üçün sobada əlyazmalarını yandırmalı olmazdı, yaxud Mirzə Ələkbər Sabirin «Hophopnamə»si ilk dəfə şairin ölümündən sonra, həm də xeyli dərəcədə erməni ianələri hesabına işıq üzü görməzdi.

Əks halda, 1947-ci ildə yenidən Türkiyəyə dönən M.Ə.Rəsulzadə ömrünün sonuna kimi təmirsiz, siçovulların qaçışdığı yarızirzəmidə yaşamazdı».

«Heç kəs Rəsulzadəyə kömək etmədi»

A.Balayev ittihamlarını daha da konkretləşdirir: «Türkiyədə yaşayan çoxsaylı imkanlı azərbaycanlılardan və bu ölkənin hökumətindən heç kəs təkcə Azərbaycan deyil, bütün türk dünyası qarşısında əvəzsiz xidmətləri olan M.Ə.Rəsulzadənin məişət şəraitini, azca da olsa, yaxşılaşdırmaq üçün, demək olar ki, heç nə etmədi».

«Biz millətikmi?»

Müəllif fikrinə belə davam edir: «Çoxlarına xoş gəlməsə də, bu tarixi faktları nə gizlətmək, nə inkar etmək, nə də zamanın ayağına yazmaq olar. Ən əsası, bütün bunlara görə məsuliyyəti Azərbaycan ərazisində son yüz ildə mövcud olmuş ayrı-ayrı siyasi rejimlər və onların rəhbərləri deyil, millət olaraq biz hamımız daşıyırıq. Hərçənd, biz millətikmi? Millət zirvəsinə ucala bilmişikmi? Cavabı olmayan bu sualların sayını sonsuzluğa qədər uzatmaq olar...».

Və sonuc: Biz kimə borcluyuq?

A.Balayev məşhur rus tarixçisi V.Klyuçevskinin bir kəlamını xatırladır: «V.Klyuçevski Rusiyanı nəzərdə tutaraq yazırdı: «Bu ölkə tək-tük dahilərdən və milyonlarla heç nəyə yaramayan insanlardan ibarətdir». Düşünürük ki, bu sözləri tam əsasla Azərbaycan və azərbaycanlılara da aid etmək olar. Hər halda, yalnız M.Ə.Rəsulzadə və beş-altı nəfər onun kimi dahi şəxsiyyətin sayəsində Azərbaycan türkləri bu gün müstəqil dövlət sahibidirlər».

Kitabda yeni üzə çıxarılan faktlar var

«Məhəmməd Əmin Rəsulzadə. Qürbətdə Vətən davası. 1922-1943» kitabını «Pergament» Yayın Evi nəşr edib.

Kitab son illərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanıb ilk dəfə açıqlanan sənədlər əsasında milli dövlətçiliyin banisi M.Ə.Rəsulzadənin 1922-1943-cü illərdə mühacirətdəki fəaliyyətinin tədqiqinə həsr olunub.

Kitab görkəmli diplomat, Cümhuriyyət və mühacirət tarixinin tanınmış araşdırıcısı Ramiz Abutalıbovun təşəbbüsü və Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin Federal Şurasının üzvü Şaiq Məmmədovun dəstəyi ilə nəşr olunub.

Kitabın elmi redaktoru Fransa Sosial Elmlər Ali Məktəbinin əməkdaşı, tarix elmləri doktoru Giorgi Mamulia, rəyçisi Egey Universitetinin professoru Əli Yavuz Akpınardır.

XS
SM
MD
LG