Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:01

Rusiyanın Azərbaycanla dostluğunun bədəli


Rusiya prezidenti Vladimir Putin və azərbaycanlı həmkarı İlham Əliyev Soçidə görüşür. 2019
Rusiya prezidenti Vladimir Putin və azərbaycanlı həmkarı İlham Əliyev Soçidə görüşür. 2019

Ukraynada savaş başlayandan sonra Azərbaycan istər enerji ixracı, istərsə İrana nəqliyyat dəhlizinin açıq saxlanması baxımından Rusiyanın önəmli tərəfdaşına çevrilib.

Azərbaycan postsovet məkanında mümkünsüz düşünülən bir şeyə - Rusiya sülhməramlılarının vaxtından əvvəl ərazini tərk etməsinə nail olmağı bacarıb. Üstəlik, Moskvanı qəzəbləndirmədən buna nail ola bilib. Sülhməramlılar Azərbaycanın Ermənistanla birgünlük müharibədə azad etdiyi Dağlıq Qarabağdan çıxarkən, prezident İlham Əliyev Moskvada səfərdə idi. Nə Rusiya rəsmiləri, nə də Rusiyanın təbliğat mediası Rusiyanı Cənubi Qafqazdan çıxarmaqda Bakını suçladı. Əvəzində Azərbaycanın 1991-ci ildəki sərhədlərini tanıdığı və Brüssellə Vaşinqtona həddindən artıq güvəndiyi üçün Ermənistanın baş naziri Nikol Paşinyanı qınadılar.

Di gəl, "Kommersant" qəzetinin müxbiri Kirill Krivoşeyevin Karneqi Rusiya Avrasiya Mərkəzi üçün yazdığı məqalədə deyilir ki, Bakı ilə Moskva arasındakı bu ilıq ritorika hələ onların yaxın müttəfiq olması demək deyil. Böyük ehtimalla bu o deməkdir ki, Kreml Dağlıq Qarabağ məsələsinin çözüldüyünü anlayır və Azərbaycanla münasibətlərini korlamaq istəmir.

Paşinyan Rusiya sülhməramlılarını qəbul etməkdən boyun qaçırdı

Azərbaycan göstərdi ki, hərbi və diplomatik səylərin müəyyən kombinasiyası sayəsində həm Moskvanın iradəsinin ziddinə ərazi münaqişəsini həll etmək, həm də Rusiya ordusunu ərazidən çıxarmaq mümkündür. Uzun müddət ortaq anlayış bundan ibarət olub ki, Rusiya sülhməramlılarını yerləşdirdiyi yerdən çıxmaz. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində də, Moldovanın rusiyayönlü bölücü Dnestryanı bölgəsində də belə olub. Ancaq Dağlıq Qarabağ münaqişəsi bu trendə meydan oxudu. Hətta Rusiya öz sülhməramlılarını illərlə burada saxlamaq istəsəydi belə, son nəticədə onlar çox az şey qazanaraq buranı tərk etməli olacaqdı.

Rusiya sülhməramlıları Azərbaycandan gedir? – 'Bütün suallara aydınlıq gətirilməlidir'
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Sülhməramlıların çıxarılması Dağlıq Qarabağ məsələsinə çözümün Rusiya modelinin tam çöküşü deməkdir. Bu çözüm yolu sülhməramlıların burada, aşağı-yuxarı, daim qalmasını nəzərdə tuturdu. Azərbaycan bölgəyə nəzarəti ələ keçirəndə və Qarabağ erməniləri kütləvi şəkildə Ermənistana qaçanda Moskva öncə öz sülhməramlılarına yeni rol tapmağa çalışdı. Bir variant onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının bir hissəsi kimi Ermənistanda qalması idi. Di gəl, Ermənistanda Azərbaycanın Dağlıq Qarabağdakı qələbəsinə görə çoxlarının Moskvanı günahlandırması fonunda Paşinyan açıq şəkildə Rusiya sülhməramlılarını qəbul etməkdən boyun qaçırdı.

Ardınca Rusiya hətta sülhməramlıların minadan təmizləmə işinə yardım göstərməsi üçün Dağlıq Qarabağda qalmalı olduğunu iddia etməyə də cəhd göstərdi. Ancaq aydındır ki, minalardan təmizləməyə 2 min əsgər və 400 maşın tələb edilmir. Sülhməramlıların aid olduğu Rusiyanın 15-ci keşikçi motorlu atıcı Aleksandriya briqadası artıq Ukraynada döyüşür. Bu vaxtadək Qarabağda olan digərləri də, böyük ehtimalla, onlara qoşulacaq.

Hətta əvəzində Bakıdan heç bir güzəşt qoparmadan sülhməramlılarını çıxarmış olsa belə, Moskva Ermənistan-Azərbaycan danışıqlarından kənarda qalıb. Moskva və Bakı Yerevanı Qərblə çox yaxınlaşmaq cəhdlərinə görə tənqid etsə də, Rusiya diplomatiyasının Cənubi Qafqazda intensivləşməsi, yaxud Moskvanın Bakı ilə yaxın əməkdaşlığının əlamətləri gözə dəymir. Əvəzində Yerevanla Bakı bu yaxınlarda birbaşa dialoqa başlayıb və, hələlik, dialoq uğurlu alınır.

'Sərhədin 'müharibəli hissəsi' Sevan gölündən aşağıdadır'
Gözlə

No media source currently available

0:00 0:08:41 0:00

Rusiyanın əvvəlki nüfuzlu vasitəçi roluna qayıtma ehtimalı yoxdur

Yerevanla Bakı arasında dörd sərhəd kəndinin Azərbaycana qaytarılması haqda son razılaşma və iki ölkə arasında ilk sərhəd nişanlarının quraşdırılması Rusiyanın hər hansı iştirakı olmadan baş verib. Ermənistan-Azərbaycan münasibətlərində ötən il qəbul edilən "nə Rusiya, nə Qərb" yanaşması artıq işlək yanaşma kimi görünür.

Özəlliklə iki tərəfin 1991-ci ildə imzalanan və SSRİ-nin dağılmasını nizamlayan Alma-Ata protokollarında təsbit olunan ortaq sərhədlərlə bağlı razılıq istiqamətində konsensus əldə etməyə çalışması çox ümidvericidir. Bu, Azərbaycanı 1940-cı, 1950-ci və 1960-cı illərdəki xəritələr əsasında yeni sərhədlər tələb etmək istəyindən çəkindirməlidir, axı göstərilən illərdə Azərbaycanın ərazisi daha böyük olub.

Digər tərəfdən, Ermənistan ordusunu gücləndirməyə çalışdığı üçün Azərbaycan onu tənqid etməyə davam edir. Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirməli olan "Zəngəzur dəhlizi" mövzusu da hələ gündəmdə qalır. Başqa sözlə, Yerevanla Bakı bəlli məsələlərdə xarici vasitəçilik olmadan razılığa gələ bilibsə də, bu, ötəri dekorasiya da ola bilər. Ancaq istənilən halda Rusiyanın əvvəlki nüfuzlu vasitəçi roluna qayıtması ehtimalı yoxdur.

Müharibəni dəstəkləyən Rusiya Telegram kanalları vaxtaşırı Bakını Kiyevə rəğbət bəslədiyi üçün tənqid edir. Azərbaycanda hətta rejimi dəstəkləyən media da Ukraynada Rusiyaya qarşı vuruşan azərbaycanlı könüllülər haqqında materiallar dərc edib. Rusiyada Azərbaycanın Ukraynaya silah satması ilə bağlı şayiələrin doğurduğu qəzəb də var. Ancaq Moskva Azərbaycanla hər hansı gərginlikdən yayınmağa çalışır.

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

Sülhməramlılarını çıxarması müqabilində Moskvanın Bakıdan heç bir şey qopara bilməməsi, yaxud qoparmaq istəməməsinin əsas səbəblərindən biri Ukraynaya tammiqyaslı müdaxilə və Rusiyanın beynəlxalq təcridi nəticəsində Moskvanın rıçaqlarının önəmli dərəcədə azalmasıdır. İndi Moskva qonşuları ilə münasibətlərini riskə atmaq istəmir.

Rusiya üçün əvəzsiz tərəfdaşa çevrilib

Məsələn, Ukraynaya müdaxiləsinin ardınca Avropa bazarının çoxuna çıxışını itirən Rusiya neft və qazını Azərbaycan vasitəsilə ixracını kəskin artırıb. Bu o deməkdir ki, qışda Azərbaycan öz qazını Avropaya satıb öz daxili tələbatını Rusiya qazı ilə ödəyə biləcək. Ötən il Rusiyanın Azərbaycana neft ixracı dörd dəfə artıb. Hər iki halda ixracatın həcmi nəhəng olmasa da, bu, Ukraynadakı savaş üzündən Moskvaya çox vacibdir.

Azərbaycan İran və onun İran körfəzindəki limanlarına və əks istiqamətdə malların daşınması məsələsində də Rusiya üçün əvəzedilməz tərəfdaşa çevrilib. "Şimal-Cənub" dəhlizi ilə daşımaların Putin ilə Əliyev arasında 22 aprel müzakirələrinin əsas mövzularından biri olması təsadüfi deyil.

Moskva üçün Bakı ilə münaqişəyə girib bütün bunları itirmək məntiqsiz olardı. Özəlliklə mövzu Qarabağdakı sülhməramlılar olsaydı. Rusiya əsgərləri bölgədə 2025-ci, hətta 2030-cu ilədək qalsaydı da, ərazidəki real faktları dəyişə bilməyəcəkdilər. Əksinə, onlar Moskvanın Yerevanla Bakı arasındakı danışıqlardan necə kənarlaşdırılmasını yada salacaqdılar.

XS
SM
MD
LG