Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:00

Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi niyə artıb?


Azərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov öz ölkəsinin mediasına müsahibəsində deyib ki, ötən il Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsi 4 milyard dollar civarında proqnozlaşdırılsa da, sonda bu rəqəm proqnozdan daha yüksək – 4.4 milyard dollar olub. Səfir bildirib ki, Rusiya-Ukrayna müharibəsi üzündən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Azərbaycanla Rusiyanın münasibətlərini daha da sıxlaşdırıb: "Biz sənaye kooperasiyasında çox ciddi layihələr gerçəkləşdiririk. 17 faizlik artım nəyinsə Azərbaycan vasitəsilə təkrar ixracı deyil, bunlar özəlliklə sənaye kooperasiyası üzrə böyük layihələrdir".

Rusiya, ənənəvi olaraq, Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkədir. Ötən il Azərbaycan Rusiyadan 3 milyard 162 milyon dollarlıq idxal gerçəkləşdirib. Rusiya 18.3 faizlik payla Azərbaycanın idxalında ilk yeri tutur. Azərbaycanın Rusiyaya ixracı isə ötən il 1 milyard 196 milyon dollar olub və 3.5 faizlik payla Rusiya Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi altıncı ölkədir. Azərbaycanın sırf qeyri-neft sektoru ixracında isə Rusiya birincidir. Beləcə, idxal və ixracın cəmi göstərir ki, ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 4 milyard 359 milyon dollardır. Bu göstərici ilə Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın ən böyük üçüncü xarici ticarət tərəfdaşıdır.

Rusiya-Ukrayna savaşı başlamazdan öncə - 2021-ci ildə Azərbaycanla Rusiyanın xarici ticarət dövriyyəsi 3 milyard dollar idi. 2022-ci ildə bu göstərici 3.7 milyard, 2023-cü ildə isə 4.4 milyard dollara yüksəlib. Deməli, Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsi 1.4 milyard dollar və ya 47 faiz artıb.

Azərbaycan Rusiyadan nə idxal edir?

Dövlət Statistika Komitəsi (DSK) ən son ötən ilin ilk 11 ayına dair xarici ticarət hesabatını açıqlayıb. Həmin hesabatdan görünür ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan Rusiyadan ən çox toplam dəyəri 646 milyon dollarlıq xam neft idxal edib. Daha öncə Rusiyadan cəmi 131 milyon dollarlıq xam neft alınmışdı. Başqa sözlə, Azərbaycan Rusiyadan xam neft alışını yarım milyard dollar artırıb. Bu baxımdan aydın olur ki, 2023-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artımındakı əsas səbəb şimal qonşusundan xam neft idxalı ilə bağlıdır.

2022-ci ildən öncəki illərdə Azərbaycan Rusiyadan təbii qaz idxal etmirdi. Azərbaycanın Rusiyadan təbii qaz idxalında da artım qeydə alınıb. Ötən ilin ilk 11 ayında Azərbaycan Rusiyadan 143 milyon dəyərində təbii qaz idxal edib. Təbii qaz Azərbaycanın Rusiyadan idxalında üçüncü yeri tutur. 2022-cü il boyunca idxal edilən təbii qazın dəyəri 17 milyon dollar idi. Azərbaycanın Rusiyadan xam neft və təbii qaz idxalını artırmasının səbəbləri ilə bağlı rəsmi açıqlama qeydə alınmasa da, müstəqil ekspertlərin fikrincə, Rusiya enerjidaşıyıcıları idxalının daha ucuz başa gəlməsi idxal artımındakı əsas səbəb ola bilər. Axı bu halda daxili tələbatda Rusiyadan gətirilən neft və qazdan yararlanan Azərbaycan öz qazını daha baha qiymətə digər ölkələrə satmaq imkanı qazanır.

Azərbaycanın Rusiyadan idxalında ikinci yeri tutan məhsul daha öncəki illərdə idxalda ilk yeri tutan buğdadır. Ötən ilin ilk 11 ayı boyunca Azərbaycan Rusiyadan 230 milyon dollar dəyərində yumşaq buğda və meslin (iki fərqli buğdadan yaranmış taxıl növü -red.) idxal edib. Adıçəkilən üç məhsulun Rusiyadan idxaldakı payı 35 faizdir.

2022-ci ildə Azərbaycanın Rusiyadan idxalındakı artımlar iqtisadi əlaqələrin inkişafından asılı olmayan səbəblərlə bağlı idi. Həmin vaxt dünyada inflyasiyanın sürətlənməsi üzündən Azərbaycan Rusiyadan buğda idxalına öncəki illə müqayisədə 80 milyon dollar çox vəsait ödəmişdi. 2022-ci ildə idxalı artıran digər bir məhsul da benzin idi. Həmin dövrdə Bakı Neft Emalı Zavodu təmirə dayandığından Aİ-92 markalı benzin Rusiyadan gətirilmiş, bu ölkədən 131 milyon dollarlıq benzin alınmışdı.

Azərbaycan Rusiyaya nə satır?

DSK-nın açıqladığı rəqəmlərdən görünür ki, Azərbaycanın Rusiyaya ixracında ilk yeri pomidor tutur. Ötən ilin ilk 11 ayı ərzində Azərbaycan Rusiyaya 136 milyon dollarlıq pomidor göndərib. 2022-ci ildə Azərbaycan Rusiyaya pomidor ixracından daha çox – 161 milyon dollar gəlir götürmüşdü.

İlkin formalı propilen sopolimerləri (85 milyon dollarlıq) və özəl kütləsi 0.94 və ya daha çox olan ilkin formalı polietilen də (83 milyon dollarlıq) Azərbaycanın Rusiyaya ixracında ilk üçlükdədir.

Əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycanın Rusiyaya bəzi məhsulların ixracında kəskin artım yaşanması da diqqət çəkir. Məsələn, 2022-ci ildə Azərbaycandan Rusiyaya cəmi beş ədəd elektrik mühərriki (gücü 37.5 Vt-dan çox olmayan) ixrac edilmişdisə, ötən il bu say 10 min ədədə yaxınlaşıb. Mineral və qazlı su ixracı baxımından da böyük artım var. 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycan Rusiyaya 3.7 milyon dekalitr mineral və qazlı su göndərib. Bu, 2022-ci illə müqayisədə təxminən 10 dəfə artım deməkdir. 2022-ci ildə Azərbaycandan Rusiyaya cəmi 12 ədəd mikser, ətçəkən və şirəçəkən ixrac edildiyi halda, ötən il bu say 2 min 368-ə çatır. Deməli, Qərb şirkətlərinin Rusiya bazarından çıxması Azərbaycanda istehsal edilən bəzi məhsulların Rusiyaya ixracını artırıb.

XS
SM
MD
LG