Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:03

Britaniya kəşfiyyatı: Rusiya casuslarının yarısı Avropadan qovulub


Britaniya xarici kəşfiyyatının başçısı Riçard Mur
Britaniya xarici kəşfiyyatının başçısı Riçard Mur

The Guardian qəzetinin yazdığına görə Britaniya xarici kəşfiyyatının başçısı ilk dəfədir ki, belə bir təxminlə çıxış edib

Moskva Ukraynaya hücum edəndən bəri Rusiyanın diplomatik pərdə altında işləyən casuslarının yarısı Avropadan qovulub.

The Guardian yazır ki, bunu ABŞ-da keçirilən təhlükəsizlik konfransında Britaniya xarici kəşfiyyatı - MI6 idarəsinin rəhbəri deyib.

Britaniya xarici kəşfiyyatının başçısı Riçard Mur deyib ki, Fransa və Almaniya da daxil 400-dək Rusiya diplomatının Avropa qitəsindən qovulnası Kremlin casusluq potensialına ağır zərbə vurub.

ABŞ-da keçirilən Aspen konfransında danışan Mur bildirib ki, Rusiya Ukraynaya təcavüz edəndən bəri Qərbin kəşfiyyat qurumları “mükəmməl bir işbirliyi” ilə Rusiyanın casus şəbəkəsini poza bilib:

“Beləliklə, son hesablamalara görə Rusiyanın diplomatik pərdə altında işləyən azı 400-dək casusu qovulub. Bu isə o deməkdir ki, Rusiyanın Avropada casusluq etmək qabiliyyəti yarıbayarı azaldılıb”.

The Guardian qəzetinin yazdığına görə Britaniya xarici kəşfiyyatının başçısı ilk dəfədir ki, belə bir təxminlə çıxış edib.

London casusları çoxdan qovub?

Qəzet yazır ki, Rusiya casusları demək olar bütün ölkələrin casusları kimi adətən xaricdə öz ölkələrinin səfirliklərində müxtəlif vəzifələri tuturlar.

Məqalədə deyilir ki, diplomatik vəzifəsiz işləyən və “qeyri-leqal” adlanan casusların sayı çox azdır.

Almaniya aprel ayında Rusiyanın 40, Fransa isə 41 diplomatını qovub.

Bu da qeyd olunur ki, Britaniya casusluq ittihamı ilə heç bir diplomatı qovmayıb.

Bununla belə, London Skripalların zəhərlənməsindən sonra, 2018-ci ildə 23 Rusiya diplomatını ölkədən xaric edib.

Belə düşünülür ki, Rusiya bu casusların yerini doldura bilməyib.

Mur deyib ki, iki “qeyri-leqal” casus faş olunub. Onlardan biri İrlandiya-Rusiya vətəndaşı olduğunu iddia edən və Haaqadakı beynəlxalq məhkəmədə ixtisas stajı keçməyə çalışan şəxs idi.

Braziliya məhkəməsi Sergey Çerkasov kimi təqdim olunan bu şəxsə saxta sənədlər hazırlamaq ittihamı ilə 15 il iş kəsib.

Mur Kiyevin qələbəsinə inanır

Mur Ukraynadakı müharibədən də danışıb və deyib ki, Kiyev bu münaqişədən qalib çıxa bilər, çünki Rusiya xeyli canlı qüvvə və hərbi texnika itirib və bunun yerini qarşıdan gələn həftələrdə doldurmaq mümkün olmayacaq.

Britaniya xarici kəşfiyyat idarəsi başçısının sözlərinə görə, o ABŞ Mərkəzi Kəşfiyyat İdasrəsinin (MKI) rəhbəri Bill Börnsün Putinin heç də xəstə olmadığına dair qənaətini bölüşür.

Müharibənin ilk həftələrində Putinin xərçəng xəstəliyindən əzab çəkdiyinə dair şayiələr yayılmışdı.

Mur habelə deyib ki, o da, MKİ başçısı kimi Çinin Rusiyaya silahla kömək etdiyinə inanmır.

Onun sözlərinə görə Pekin Qərbin sanksiyalarına tuş gəlməkdən çəkinir.

Mur bildirib ki, Çinin Rusiyaya tam gizli kömək etmək imkanı olsaydı, bunu edərdi.

MI6 başçısı deyib ki, Pekin hazırda Rusiyanın Ukraynaya hücumunu və Qərbin sərt reaksiyasını öyrənir və bundan müəyyən nəticələr çıxarmağa çalışır.

Murun fikrincə Çinin bütün bunlardan nə nəticə çıxaracağını indidən demək çətindir.

XS
SM
MD
LG