Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:53

'Güzgü siyasəti' və saxta xəbərlər: Avtoritar liderlər dezinformasiya oyununda necə 'ustalaşır'


Fake News
Fake News

Feliks Kartte sosial şəbəkələrin demokratiyaya təsirini təhqiq edən Londondakı "Reset" Qeyri Hökumət Təşkilatının (QHT) baş məsləhətçisidir. Keçmişdə o, Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin strateji kommunikasiyalar şöbəsində çalışıb. Kartte orada rəqəmsal təhdidləri əngəlləyəcək Aİ siyasətinin hazırlanmasına yardım göstərib.

Kartte AzadlıqRadiosunun tatar-başqırd xidmətinin müxbiri Ramazan Alpauta müsahibəsində Rusiyadakı kimi avtoritar rejimlərin bütün dünyada dezinformasiyanı necə yaydığından danışıb.

- Rusiyalıların siyasətçilərə rüşvət verməsindən, səsləri satın almasından və bu yaxınlarda keçirilən səsvermə və referendumda Moldova prezidenti Maya Sanduya qarşı yönəlmiş saxta videolar hazırlamalarından geniş bəhs etmişiniz. Bu kampaniyanın bir neçə özəlliyini paylaşa bilərsiniz?

- Məsələn, seçkilərdən bir neçə həftə öncə Moldova hökuməti birbaşa olmayan reyslərlə Moskvadan qayıdan sərnişinlərdən iri məbləğlərdə pullar tapıb. Bu vəsaitin siyasi basqı üçün istifadə edilə biləcəyinə şübhələr doğub. Cəmi bir gündə 1.5 milyon dollar ələ keçirilib.

Oktyabrın əvvəlinə 130 min moldovalı seçiciyə - fəal seçici sayının 10 faizinə bu yolla ödənişlər edilib. Antikorrupsiya müfəttişliyi indi Rusiyada yaşayan qaçaq oliqarx İlan Şorla bağlı şübhəli pul axının izinə düşüb. Şor vəsaiti Aİ-yə üzvlüklə bağlı referendumda "Yox" deyəcək seçicilərə təsir göstərmək üçün göndəribmiş.

Kremllə bağlantılı qaynaqlar Moldova sosial şəbəkələrinə də daxil olub. Misal üçün, asan və ucuz başa gələn süni intellektin hazırladığı videoçarxları yayıblar. Onların birində guya Maya Sandu ölkənin yoxsul vətəndaşlarını lağa qoyur və s. Demokratik hökumətlərə inamsızlıq yaratmaq və qəzəb oyatmaq dezinformasiyada standart taktikadır.

Feliks Kartte
Feliks Kartte

- Rusiyadakı kimi avtoritar rejimlərin yararlandığı "güzgü siyasəti"nin neçə işlədiyini açıqlaya bilərsiniz?

- "Güzgü siyasəti" Rusiyanın da qatıldığı strategiya və ya davranışlarda rəqibləri suçlayan taktikadır. Kreml auditoriyanı çaş-baş salmaq üçün bu taktikadan tez-tez istifadə edir. Misal üçün, Rusiyada qeyri-sabitlik yaratmaq istəyən Ukrayna və Qərb ittiham edilir. Di gəl, Kremlin özü xarici dövlətlərin demokratik hökumətlərini məhv etməyə, eləcə də o cəmiyyətlərdə qeyri-sabitlik yaradaraq özünə tabe etməyə çalışır.

"Güzgü siyasəti"nin məqsədi gerçək və saxta, doğru və yanlış anlayışları arasındakı sərhədi pozmaqdır. Beləcə, demokratiya və avtokratiya arasında fərqi sezə bilməyən vətəndaşlara kim tərəfindən idarə edildikləri maraqsız olacaq.

Bu taktikanın səmərəliliyi ölkədən ölkəyə fərqlənir. Misal üçün, Slovakiyada NATO-ya üzv olmaq üçün ictimai dəstək 72 faizdən 58 faizə enib, ölkə əhalisinin çoxu Ukraynadakı savaşa görə məsuliyyəti artıq Rusiyada görmür.

- Rusiya özünün dezinformasiya kampanıyalarında Ukraynadakı savaşdan necə yararlanır?

- 2022-ci ildə tammiqyaslı hərbi müdaxilədən öncə Ukraynanı "faşist rejimi"nin yönəltdiyini göstərmək və işğal üçün saxta səbəb əldə etmək məqsədi güdən dezinformasiya kampaniyası olub və bu, gözə çarpıb.

Rusiya dezinformasiyasının əsas amacı ABŞ və Almaniya kimi Qərb dövlətlərində Ukraynaya ictimai dəstəyi sarsıtmaq idi. Məsələn, Rusiya saxta internet saytları və sosial şəbəkə hesabları ilə öz mesajlarını yayır, uğur qazanmaqdan ötrü hətta etibarlı xəbər nəşrlərinin adından saxta bilgilər paylaşırdı.

Əsas mövzularsa Rusiyaya qarşı sanksiyaların səmərəliyinə şübhə oyatmaq, ukraynalı liderlərə mənfi münasibət yaradıb- gücləndirmək və Avropada ukraynalı qaçqınlara qarşı qorxu hissi aşılamaqdır.

- Mühafizəkar ritorika Rusiyanın dezinformasiya səyləri ilə necə uzlaşır?

- Bu, cəmiyyətdəki dəyişikliklərin ənənəvi dəyərlərə təhdid yarada biləcəyini düşünən mühafizəkar avropalının diqqətini çəkməyə yönəlib. Əsas mövzular da ailə dəyərləri və LGBTİ və sairdir. Bariz misal – "Geyropa" diskursudur. Bununla Avropadakı tolerantlıq ailə dəyərlərinə təhdid və əxlaq çöküşü kimi göstərilir. Heç söz yox, Kremlin bu mühafizəkar dəyərlərə marağı strateji xarakter daşıyır.

Kremlin strategiyası ənənəvi sağ mərkəzçi partiyalarla qatı sağcı ekstremistlər arasında sərhədi pozmaqdır. Sağ mərkəzçi auditoriyanı ələ keçirmək üçün onların təlaşına səbəb olan problemləri müzakirə edir, sonra da buna düşmənçiliyi qızışdıran məzmun qatır.

Rusiyanın məqsədi ənənəvi mühafizəkar partiyaların hesabına Rusiyayönümlü gündəmə sahib ekstremist partiyaları gücləndirməkdir.

- İndiki dövrdə dezinformasiya kampaniyalarında süni intellekt nə dərəcədə önəmlidir?

- Fikrimcə, süni intellekt kimi yeni texnologiyaların dezinformasiyadakı rolu çox vaxt şişirdilir. Tutalım, ABŞ-ın fikrincə, Trampa dəstək xarakterli məzmunu yaymaq üçün amerikalı istifadəçilərə sponsorluq edən Rusiya seçki prosesinə müdaxilə edib. Bu əməliyyatlar bahalı və səmərəli olsa da, "ChatGPT" kimi süni intellekt alətlərinə söykənmir. Əsas zərər Rusiyanın pis niyyətlərindən və dezinformasiyaya ayırdığı geniş vəsaitlərdən gəlir.

- Avropa dezinformasiya kampaniyalarının qarşısını almaq üçün daha hansı faydalı addımlar ata bilər?

- Aİ dezinformasiya ilə mübarizədə vacib addımlar atıb. Bura 10 il öncə öz diplomatik xidmətində bu məqsədlər üçün ayrıca qrup yaratmasını, müstəqil media və araşdırıcıların dəstəyini, sosial şəbəkə platformalarının tənzimlənməsini aid etmək olar. Di gəl ki, Rusiya təbliğatı bir addım öndə qalmaqda davam edir. Üstəlik, Aİ-dəki bəzi siyasi partiyalar fəal şəkildə Rusiyayönümlü diskursları yayır. Bu da Aİ hüdudları çərçivəsində dezinformasiya ilə mübarizəni yavaşıdır.

XS
SM
MD
LG