Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:58

Ukraynanın müharibəni uduzmaması üçün...


Lisiçansk yaxınlığında Ukrayna əsgəri
Lisiçansk yaxınlığında Ukrayna əsgəri

"Saysız Rusiya gəmiləri hələ də Kalibr raketlərini ata bilirlər. Niyə Rusiya gəmisi sahildən 150-200 km məsafədə dayanıb raketi atmalı, ancaq ona hücum olunmamalıdır"

Rusiya qüvvələri Ukraynanın şərqində Siverski Donets çayı kənarındakı Severodonetsk və Lisiçansk şəhərləri üzərinə hücumu intensivləşdirir, Ukrayna qüvvələrini mühasirəyə salmağa çalışır. Bu hücum Rusiyanın Ukraynadakı müharibəsinin indiki mərhələsində mühüm rol oynayır, çünki Moskvanın Donetsk və Luqansk vilayətlərini tam nəzarətə almaq planının taleyini həll edir.

Ukrayna Prezidenti Volodimir Zelenski də qarşıdakı çətin həftələrlə bağlı xəbərdarlıq etmişdi.

AzadlıqRadiosunun müxbiri Reyd Stendiş cəbhədə dəyişən durumla bağlı ABŞ-ın istefada olan dəniz piyadaları polkovniki, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı müşaviri Mark Kankianla danışıb.

Kankian deyir ki, bu hücum Rusiyanın müharibədəki hədəflərində üçüncü addım, daha doğrusu öncəki hədəflərin ixtisarıdır. Moskva ta əvvəldə Kiyevi tutaraq bütün ölkəni ələ keçirmək istəyirdi, alınmadı. İkinci mərhələdə şərqi Donbas regionunun böyük hissəsini tutmaq istədi, İzyumdan cənubu vurmaq, sonra Mariupoldan şimala doğru irəliləmək istədi, bu da alınmadı.

İndi isə xeyli kiçik hədəf olan Severodonetska fokuslanıblar. Rusiyalılar şəhərə şimaldan hücuma keçmək, çayı keçmək istəsələr də, bu zaman xeyli əsgər və avadanlıq itirdilər. Bu şəhəri tutmaqla Rusiya Luqansk vilayətinin əksər hissəsini nəzarətə ala bilər.

200 min hərbçinin 30 mini separatçı döyüşçülər idi...

Rusiya qüvvələri şərqdə Ukraynanın daha böyük formasiyalarını mühasirəyə salmaq cəhdlərindən əl çəkiblərmi. Kankian deyir ki, hazırda mövcud döyüş qüvvəsi ilə yalnız daha kiçik miqyasda mühasirə mümkündür.

“Rusiya müharibəyə, ola bilsin, 200 min hərbçi ilə başladı, amma onun da 30 mini Donbasdan separatçı döyüşçülər idi. Yəni, indiyədək 150 min quru qüvvəsi çıxarıblar, bu da hücumun ilkin mərhələsində dəm vurduqları nəhəng ərazi üçün o qədər də böyük deyildi”, – təhlilçi vurğulayır.

O, hazırda cəbhədəki vəziyyəti 1943-cü ilin əvvəlində 2-ci Dünya müharibəsində Sovet İttifaqı ilə nasist Almaniyası arasındakı döyüşlə müqayisə edir. O zaman sovetlərin eyni cəbhə xəttində bir milyondan çox əsgəri vardısa, indi Rusiyanın 150 min, ondan da az qüvvəsi var.

Kankian ukraynalıların müharibədə getdikcə gücləndiyini, rusiyalıların zəiflədiyini qeyd edir. Qərbin Ukraynaya göndərdiyi silah-sursat axını cəbhədə böyük fərq yaradır. Təhlilçi Ukraynada döyüşlərə cəlb olunmuş rezervistlərin də getdikcə yaxşı təlim keçdiyini, silahlı dəstələrin effektinin artdığını vurğulayır.

“Digər tərəfdən, rusiyalılar xeyli, ukraynalılardan çox itki veriblər... İtkilər əsasən daha aşağı keyfiyyətli bölümlərlə əvəzlənir. Onlar yaxşı sursatın çoxunu işlədiblər, raket ehtiyatı da azalır. Fikir verin, son həftələr atdıqları raket sayı azalıb. Məncə, ehtiyat tükənir”, – təhlilçi deyir.

“Rusiyanın məqsədi kəndləri dağıtmaqla...”

Rusiyanı məğlub etmək üçün Ukraynaya Qərbdən nə lazımdır? AzadlıqRadiosu-nun Gürcüstan xidməti bu haqda NATO-nun Kosovodakı əməliyyatlarına başçılıq etmiş Vesli Klarkdan müsahibə alıb. 1998-ci ildə Yuqoslaviya lideri Slobodan Miloşeviçin regiondakı etnik albanlara qanlı divantutmasını dayandırmaq üçün NATO regiona müdaxilə etmişdi.

Klark Rusiya Prezidenti Vladimir Putinin Ukraynada heç nəyə nail olmadığını düşünür.

“Ancaq torpaq quruduqca kritik məqama yaxınlaşırıq. Əgər rusiyalılar Donbasda iri çayları keçə bilsələr, onda daha böyük əraziyə çıxaraq 2-ci Dünya müharubəsində olduğu kimi döyüş manevrləri edə bilərlər. Rusiyanın məqsədi kəndləri dağıtmaqla Ukraynanın müdafiəsini qırmaqdır. Onlar bilirlər ki, bu kəndlər Ukraynanın antitank və hava qüvvələri müdafiəsinin əsasını təşkil edir, ona görə də onları artilleriya ilə yerlə-yeksan edirlər. Bayaq dediyim kimi, torpaq quruyan kimi onlar bu kəndlərdən yan keçərək açıq düzənliyə çıxa bilərlər”, – o deyir.

Keçmiş komandir ukraynalıların belə bir müharibə üçün gücləndirilməsini vacib sayır. “Onların gərəkən tankları yoxdur; yetərincə artilleriyası yoxdur; qırıcı təyyarələri yoxdur; hücum təyyarələri, döyüş vertolyotları yoxdur”, – deyən hərbçi xeyli dəstək vədləri eşitdiyini, amma çatdırılan köməyin yetərli olmadığını vurğulayır.

“Birləşmiş Ştatların məqsədi Rusiyanı elə bir strateji iflasa uğratmaq, zəiflətməkdir ki, bu bir də baş verməsin. Döyüş dayansa və Rusiya indi nəzarətində olanları əlində saxlasa, buna strateji iflas demək çətin olacaq. Onlar Ukraynanın cənub sahilini bütünlükdə ələ keçiriblər, üstəgəl Luqansk və Donetsk vilayətlərinin böyük hissəsini. 500 milyard dollardan 1 trilyon dollaradək dağıntı törədiblər... Ukraynanı daha da gücləndirmək lazımdır. Döyüş qabiliyyəti var, rusiyalıları qovmaq qətiyyəti var; amma vasitəsi yoxdur”, – hərbçi vurğulayır.

“Getdikcə çətin olacaq”

Klark Rusiyanın özünün hərbi sənayesi olduğunu, Ukraynanın isə hərbi avadanlığı uzaq məsafədən, əvvəl hava, sonra dəmiryolu və konvoy nəqliyyatı ilə əldə etdiyini qeyd edir.

“Getdikcə çətin olacaq. Ukraynanın müharibədəki uğurları haqda vaxtından əvvəl təbriklər eşitmək istəmirəm. Bu döyüş uduzula bilər. Ukrayna onu yalnız ABŞ və Qərbi Avropa müttəfiqlərindən daha çox yardımla uda bilər”, – təhlilçi deyir.

Onun fikrincə, bundan ötrü ilk öncə Rusiya artilleriyası dağıdılmalıdır. Bu halda onlar irəli gedə bilməyəcəklər. İkincisi isə Ukraynaya kəşfiyyat dəstəyi lazımdır. “Amma ən çox artilleriya lazımdır. Çoxlu artilleriya, sursatı ilə birlikdə. Hər gün hər bir artilleriya lüləsindən açılacaq yüzlərlə atəş”, – Klark bildirib.

Mariupoldan İtaliyaya qaçan qadın evlənmək üçün geri dönüb
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Keçmiş komandir Ukraynanın həmçinin havadan müdafiəsinin gücləndirilməli olduğunu deyir.

“Saysız Rusiya gəmiləri hələ də Kalibr raketlərini ata bilirlər. Niyə Rusiya gəmisi sahildən 150-200 km məsafədə dayanıb raketi atmalı, ancaq toxunulmaz qalmalı, ona hücum olunmamalıdır? Odessa limanında milyonlarla ton buğda ixracını gözləyir. Düzgün pilotsuz aviasiya kompleksləri və uzaqməsafəli gəmi əleyhinə raketlərlə Qara dənizi açmaq olardı”, – təhlilçi vurğulayır.

Rusiya fevralın 24-də Ukraynaya qarşı hücuma keçib. Qərb Moskvaya ağır sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG