Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:42

Rusiyada LGBT hərəkatının ekstremist elan edilməsi haqda məhkəmə keçiriləcək


Rusiyanın Ali Məhkəməsi Ədliyyə Nazirliyinin “beynəlxalq LGBT hərəkatı”nın “ekstremist” elan edilməsi və fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddiasına baxacaq.

Rusiya Ədliyyə Nazirliyi məhkəmənin 30 noyabrda keçiriləcəyini açıqlayıb.


Nazirlik tərəfindən qaldırılan iddiada “Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən LGBT hərəkatında” “ifrat xarakterli əlamətlər və təzahürlər” müəyyən edildiyi deyilir.

Rusiyanın Ədliyyə Nazirliyi LGBT hərəkatını “Ekstremist Fəaliyyətlə Mübarizə” haqqında qanununu pozmaqda və “sosial və dini nifrətin qızışdırılması”ında ittiham edir.

Nazirliyin mətnində qeyd olunan "beynəlxalq LGBT hərəkatı"-nin nə olduğu açıqlanmır.

Bundan əvvəl qəbul edilən qanunlar..

Qeyd edək ki, bundan əvvəl, 2013-cu ildə Rusiya prezidenti Vladimir Putin ölkədə homoseksuallığın müsbət təsvirinə və ya maarifləndirilməsinə qarşı sərt məhdudiyyətlər tətbiq edən qanun imzalayıb.

Rusiyadakı LGBTİ fəalları və təhqiqatçılar həmin tarixdən etibarən ölkə boyunca gey və lezbiyanlara qarşı zorakılıq və təcavüz hallarında nəzərə çarpacaq qədər artım olduğunu bildirir.

2022-ci ildə isə Rusiyada həmin qanun daha da genişləndirilərək ölkədə həmcins münasibətlərin və ya qeyri-heteroseksual münasibətlərin "normal" olduğuna dair fikirlər qanunsuz elan edildi.

Bu ilin iyul ayında isə Rusiya lideri Vladimir Putin "insan cinsinin dəyişdirilməsinə yönəlmiş tibbi müdaxilələri" və rəsmi sənədlərdə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanunu imzaladı.

Son qanunvericilikdə həmçinin transseksual vətəndaşların himayədar və ya uşaq övladlığa götürməsi qadağan edilir.


Rusiya tədbiq edilən bu qanun hüquq müdafiəçiləri və AİHM tərəfindən tənqid olunur. 2018-ci ildə, BMT-nin İnsan Haqları Komitəsi Rusiyadakı qanunvericiliyin beynəlxalq insan haqları müqavilələrini pozduğu haqda qərar qəbul edərək geniş şəkildə tənqid edib.

Dünən, noyabrın 17-də Sankt-Peterburqda keçirilən mədəniyyət tədbirində çıxış edən Vladimir Putin LGBT fərdlərini “cəmiyyətin bir hissəsi” adlandırıb və onların müxtəlif incəsənət və mədəniyyət mükafatlarını qazanmaq hüququna malik olduqlarını deyib. Putin həmin çıxışında Ədliyyə Nazirliyinin məhkəmə iddiası haqda fikir bildirməyib.

Putin həmin çıxışında Moskvanın Avropa cəmiyyəti ilə heç bir münaqişəsi olmadığını, bunun əksinə Rusiyanın Avropa elitası ilə “çətin dövrlər” yaşadığını qeyd edib.

XS
SM
MD
LG