Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:40

Rusiyanın neft-qaz gəlirləri 38 faiz azalıb


Belçikada Ruisya neft və qazına etiraz aksiyası (Arxiv fotosu)
Belçikada Ruisya neft və qazına etiraz aksiyası (Arxiv fotosu)

2023-cü ilin yanvarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyanın neft və qaz ixracından gəlirləri 38 faiz azalıb.

Bu barədə məlumatı Beynəlxalq Enerji Agentliyinə (BEA) istinadla Reuters agentliyi verib.

BEA-nın məlumatına görə Rusiyanın neft və qaz gəlirləri yanvar ayında 18.5 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 38 faiz azdır.

2022-ci ildə neft və qaz gəlirləri 30 milyard dollar təşkil etmişdi.

BEA-nın rəhbəri Fatih Birolun sözlərinə görə Rusiyanın enerji daşıyıcılarına Qərbin qoyduğu sanksiyalar məqsədinə çatıb.

Birol bildirib ki, Rusiyanın enerji gəlirlərinin azalması ilə eyni vaxtda bazarların sabitləşməsi də yer alıb:

"Biz gözləyirik ki, Rusiyanın neft və qaz gəlirləri yaxın aylar ərzində daha kəskin azalacaq. Rusiyanın texnologiyalar və investisiyalara çıxışının bağlanmasına görə bu azalma ortamüddətli perspektivdə daha da kəskinləşəcək”.

Bir azalmanın iki səbəbi

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə ölkənin neft-qaz gəlirləri yanvar ayında 46 faiz azalıb.

Nazirlik bunu əsas etibarilə Rusiyanın Urals markalı neftinin ucuzlaşması və ixracın azalması ilə izah edib.

Ekspertlər isə bildirirlər ki, Rusiyanın neft və qaz ixracından gəlirlərinin azalması dekabr ayında qüvvəyə minmiş qiymət tavanı ilə bağlıdır.

Fevralın 5-dən isə Rusiyadan neft məhsullarının alınması qadağan olunub.

G7 qrupu və Avropa İttifaqı ölkələrinin Rusiya neftinə qoyduqları qiymət tavanı 1 barrel üçün 100 dollardır.

Güzəştli qiymətə satılan neftin 1 barrelinə isə 45 dollarlıq hədd qoyulub.

Rusiya neftinin qarışığı

Lakin bu da bildirilir ki, Rusiya neft məhsullarının başqa ölkələrin neft məhsulları ilə qarışığına qiymət tavanı qoyulmayıb.

Beləliklə qarışıq neft məhsullarının məhdudiyyətsiz satışı mümkündür.

Avropa provayderləri belə məhsulları daşıyan tankerlərə texniki və sığorta xidmətləri göstərə bilərlər.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Moskvanın Ukraynaya qarşı təcavüzünə görə Rusiyanın neft sektoruna qarşı məhdudiyyətləri tənzimləyən xüsusi lisenziyalar buraxıb.

Bu sənədə görə Rusiyadan xaricdə əsaslı emaldan keçmiş neftin qiymətinə tavan qoyulmayacaq.

2022-ci ilin dekabrında Vladimir Putin Aİ və G7-nin bu addımları ilə bağlı fərman vermişdi.

Bu fərmanla neft və neft məhsullarının qiymət tavanı mexanizminə riayət edən şirkətlərə satılması qadağan edilmişdi.

Bu qadağanın 2023-cü il, iyulun 1-dək qüvvədə olacağı bildirilib.

XS
SM
MD
LG