Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:53

Rusiyalı politoloqlar: Moskva Bakı-Yerevan qarşıdurmasında niyə təmkinli tərpəndi?


Recep Tayyip Erdoğan (solda), Vladimir Putin və İlham Əliyev. 2016-cı il, oktyabr, İstanbul
Recep Tayyip Erdoğan (solda), Vladimir Putin və İlham Əliyev. 2016-cı il, oktyabr, İstanbul

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Avroatlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, tanınmış politoloq Sergei Markedonov Moskva Carnegie Mərkəzinin saytında yazır ki, iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş vermiş qarşıdurmaya Moskva və Ankaranın reaksiyası tam fərqli olub.

Türkiyə Ermənistanın hərəkətlərini pisləyərək kəskin bəyanatlar verib. Xarici işlər naziri Mevlut Çavuşoğlu Yerevanı “ağlını başına yığmağa” çağırıb, müdafiə naziri Hulusi Akar isə bildirib ki, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinə bacardığı dəstəyi verəcək.

Markedonov yazır ki, bu kəskin bəyanatların müqabilində Kremlin reaksiyası xeyli təmkinli olub.

Kremlin sözçüsü Dmitry Peskov Bakı və Yerevanı atəşkəs rejiminə qayıtmağa çağırıb, Vladimir Puitin isə iyul eskalasiyasını Rusiya Təhlükəsizlik Şurasında müzakirə etdikdən sonra deyib ki, Moskva bu qarşıdurmada vasitəçi olmağa hazırdır.

“Moskva Azərbaycanın ikinci Gürcüstana çevrilməsini istəmir”

Markedonov sual edir: Rusiya niyə bu qədər ehtiyatlı mövqe tutub? Halbuki Ermənistanda bir çoxlarının fikrincə belə mövqe onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında öhdəliklərinə ziddir. Həm də Rusiya Cənubi Osetiyadan Krımadək başqa postsovet münaqişələrində daha sərt hərəkət etmişdi. Amma Ermənistan-Azərbaycan hərbi teatrında təmkin nümayiş etdirir.

Sergei Markedonov
Sergei Markedonov

Markedonov bildirir ki, belə çəkingənlik Rusiyanın regiondakı siyasətinin bir neçə fundamental xüsusiyyətlərini əks etdirir:

“Birincisi, Moskvanın bütün Qafqaz və illah da postsovet münaqişələrinin tənzimlənməsinə universal yanaşması yoxdur. Abxaziya və Cənubi Osetiya modeli Dnestryanıda və ya Krım və Donbas hadisələrində tətbiq edilmədi. İkincisi, Rusiya üçün hətta çoxtərəfli strukturlarda da ikitərəfli münasibətlərin xüsusi dəyəri var. Məsələn, Azərbaycanın Gürcüstandan fərqi nədir? Rusiya 2008-ci ildə Gürcüstanda baş verən eskalasiyaya sərt reaksiya vermişdi. Bu ona görə belədir ki, Bakı öz ərazilərinin qaytarılması üçün hərəkətlərini anti-Rusiya ritorikası ilə birləşdirmir”.

Sergei Markedov daha sonra yazır ki, Azərbaycan parlamenti Rusiya işğalçılarına dair qətnamələr qəbul etmir, halbuki Gürcüstanın ritorikasında bütün bunlar 2008-ci il müharibəsindən çox əvvəl var idi. Politoloqun fikrincə, Azərbaycan Moskvanın vasitəçiliyinə müsbət kontekstdə baxır.

Məqalədə deyilir ki, prezident İlham Əliyev Rusiyanın Qarabağ tənzimlənməsindəki müsbət rolundan bəhs edir:

“Bakı KTMT-yə və ya Avrasiya İttifaqına daxil olmağın perspektivinə skeptik yanaşır, amma Gürcüstandan fərqli olaraq NATO və Avropa İttifaqına da can atmır. Üstəlik hətta Qərbin bəzi siyasi və məişət standartlarını tənqid edir. Əlbəttə, Azərbaycanda “gürcü seçiminə” rəğbətlə yanaşanlar da var, amma onların nüfuzu böyük deyil”.

Markedonovun fikrincə heç Moskva da Azərbaycanın ikinci Gürcüstana çevrilməsini istəmir və buna görə də Bakını öz əli ilə qarşıdurma yoluna itələmir.

Rusiya politoloqunun fikrincə əgər Azərbaycan rəhbərliyi “Avroatlantika həmrəyliyi” və “Rusiyadan qaçış” yolunu tutsa, vəziyyət başqa cür ola bilər.

O yazır ki, o zaman Moskvanın mövqeyi daha az ehtiyatlı olar. Amma bu baş vermədikcə Moskva Yerevan və Bakı arasında balanslı tərpənməyə çalışır.

Moskva kiminsə xeyrinə son seçimi etsəydi...

Markedonov yazır ki, bu məsələdə Rusiya siyasətinin Türkiyə siyasətindən başqa bir fərqi də var. Ankaranı Ermənistan bir elə maraqlandırmır.

Moskva isə Qafqazda bir neçə ampluada çıxış edir. Bunlardan biri Ermənistanın müttəfiqi, digəri isə Qarabağ tənzimləməsində vasitəçi roludur:

“Son eskalasiya zamanı Ermənistanda KTMT-nin ünvanına çoxlu tənqidlər səslənirdi. Amma Ermənistanın başqa seçimi yoxdur. KTMT Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığına və güzəştli qiymətlərlə Rusiya silahı almasına yol açır. Bu, Ermənsitanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin qonşuları düşünülməmiş addımlardan çəkindirən səviyyədə təmin etmək imkanı verir”.

Markedonovun fikrincə, əgər Ermənistan KTMT-dən çıxsaydı, elə həmin Türkiyə yalnız nazir bəyanatları ilə kifayətlənməyə bilərdi:

“Suriya, İraq və Kipr təcrübələri göstərir ki, Ankara özünün yaxın xaricində təkcə zərif qüvvəyə bel bağlamır”.

Markedonov yazır ki, məhz Rusiyanın vasitəçiliyi ilə 1994-cü ilin atəşkəs razılaşması əldə olunub və 2016-cı ilin dördgünlük müharibəsinə nöqtə qoyulub.

Rusiyalı politoloq bunu da qeyd edir ki, Abxaziya və Donbasdakından fərqli olaraq ABŞ və Avropa İttifaqı Rusiyanın bu münaqişədəki rolunu müsbət qiymətləndirir:

“Onda ritorik bir sual doğur: Moskvanın növbəti güc nümayişi naminə bu kapitalla risk etməsinə dəyərmi?”

Markedonov yazır ki, Moskvanın belə mövqeyi nə Bakı, nə də Yerevanı qane etmir:

“Amma əgər Moskva kiminsə xeyrinə son seçimi etsəydi, özünün manevr üçün məkanını xeyli daraltmış olardı. Rusiyada yaxşı başa düşürlər ki, kompromis axtarmaq Ermənistan və Azərbaycan tərəflərinin işidir. Onlar buna hazır deyillər və bunu onların əvəzinə heç kəs etməyəcək”.

Bir daha Gümrüdəki Rusiya bazası barədə

Başqa bir Rusiya politoloqu, Pavel FelgengauerNovaya gazeta” qəzetində yazır ki, KTMT-nin “şanlı üzvləri” – Qırğızıstan, Qazaxıstan, Tacikistan və Belarus heç vaxt, heç bir şəraitdə Cənubi Qafqazda vuruşmağı planlaşdırmırlar:

“Moskva regionda hegemon mövqelərini bərpa etməyə çalışır. Bu isə ondan Bakı və Yerevan arasında yaxşı münasibətlərin balanslaşdırılmasını tələb edir. 102-ci hərbi baza Ermənistanda NATO-nu (Türkiyəni) çəkindirmək üçün yerləşdirilib, Azərbaycan üçün yox”.

Pavel Felgengauer
Pavel Felgengauer

Amma politoloqun firkincə, hər halda idarə olunmayan eskalasiya yaransa, Türkiyə təhlükəsi ciddiləşə və Türkiyə qoşunları Yerevanın yaxınlığında olan Naxçıvana girə bilər:

“Hə onda 102-ci baza hərəkətə başlayar. Amma əksəriyyəti Rusiya pasportu gəzdirən müqaviləli erməni hərbçilərdən ibarət bir Rusiya briqadası Türkiyə ordusunun tam gücü qarşısında nədir ki?”

Politoloqun fikrincə, bu halda Rusiyanın rəsmi hərbi doktrinasına görə müttəfiqin fəlakətli məhvinin qarşısının alınması üçün Türkiyəyə qarşı nüvə çəkindiricisindən istifadə etmək lazım gələrdi.

Amma Felengauer-in fikrincə məsələ “nüvə fəlakətinə” çatmayacaq:

“İyul eskalasiyası başa çatacaq və hər şey əvvəlki dondurulmuş vəziyyətinə qayıdacaq...Gələn dəfəyə qədər”.

Ermənistan müdafiə naziri David Tonoyan və Gümrüdəki Rusiya bazasının əsgəri
Ermənistan müdafiə naziri David Tonoyan və Gümrüdəki Rusiya bazasının əsgəri

Rusiyada tanınmış politoloq Andrei Nikulin hələ son qarşıdurmanın gərgin olduğu bir vaxtda özünün Facebook səhifəsində yazırdı ki, Ermənistandakı baza orada “ermənidaxili maraqlar üçün” və “keçmiş qüdrətin simvolu” kimi qurulub:

“Ümid edirəm ki, biz ondan Azərbayacana qarşı istifadə etməyi planlaşdırmırıq. Həm də Türkiyə və İran regionda elə bir üstün hərbi gücə malikdirlər ki, kommunikasiya baxımından əlahiddə bir neçə min əsgər onsuz da sanballı bir rol oynamayacaq”.

“Bunu həm Yerevana, həm də Bakıya simpatiya ilə, Rusiya maraqlarından çıxış edərək, gördüyüm kimi, sizin ikitərfli münasibətlərinizə və əsrlərlə davam edən probleminizə bir addım da qarışmadan yazıram. Amma mənim fikrim sadədir: uşaqlar, bir-birinizlə məsələni özünüz həll edin. Rusiyanın marağında olan iki ölkəni sülh münasibətləri paradiqmasına sıxmaqdır. Və nə öz əsgərlərinin, nə də sizin əsgərlərinizin bircə damcı da qanını axıtmaq bizim ölkəmizin marağında deyil”.

XS
SM
MD
LG