Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:46

Avropa Komissiyası qazı rublla almaqdan imtina edir


Belçikada Ukraynaya dəstək aksiyası
Belçikada Ukraynaya dəstək aksiyası

Ekspertlər bildirirlər ki, qaz üçün ödənişin rubla keçirilməsi faktiki olaraq Rusiyaya qarşı sanksiyalardan yan keçilməsi mexanizmidir

G7 ölkələrinin ardınca Avropa Komissiyası Rusiya qazı üçün ödənişin rublla edilməsinə dair Moskvanın tələbini rədd edib.

Bu barədə məlumatı martın 29-da Avrokomissiyanın nümayəndəsi Erik Mamer verib.

Moskva martın 31-də Rusiya qazını alan xarici şirkətlərə ödənişin rublla edilməsinə dair təkliflərini verməlidir.

Rusiya bu addımı Vladimir Putinin göstərişi ilə Moskvaya qarşı ağır sanksiyalarla əlaqədar atmaq qərarına gəlib.

Rusiya üzərinə Qərb sanksiyaları Moskvanın Ukraynaya əsassız və səbəbsiz hərbi müdaxiləsinə görə qoyulub.

Peskov nə demək istəyib

Martın 29-da Putinin sözçüsü Dmitri Peskov deyib ki, “heç kəs qazı pulsuz verməyə hazırlaşmır və ödənişlər rublla edilməlidir”.

Peskov Avropa İttifaqının rublla ödənişdən imtina etdiyi təqdirdə qazın kəsilib-kəsilməyəcəyi barədə heç nə deməyib, amma onun dediklərindıən məhz belə bir nəticə çıxır.

Avropa İttifaqı istehlak etdiyi qazın təxminən 40 faizini Rusiyadan alır.

Avrokomissyanın hesablamalarına görə bu həcmdə qazın başqa mənbələr hesabına dərhal əvəzlənməsi mümkün deyildir.

Sanksiyalardan yan keçmək mexanizmi

Ekspertlər bildirirlər ki, qaz üçün ödənişin rubla keçirilməsi faktiki olaraq Rusiyaya qarşı sanksiyalardan yan keçilməsi mexanizmidir.

Bu halda Rusiya qazını alan xarici şirkətlər Rusiya Mərkəzi Bankından xarici valyuta ilə rubl almalı olacaqlar.

Avropa İttifaqı bildirir ki, Rusiyanın tələbi mövcud müqavilələrin şərtlərinə ziddir və Aİ ölkələri Rusiyanın sanksiyalardan yan keçməsinə imkan verməyəcəklər.

Bu arada xəbər verilir ki, martın 29-da Moskva birjasında dollar və avro düşməkdə davam edib.

1 dollar fevralın 25-dən bəri ilk dəfə olaraq 85 rubl həddinə enib.

1 avro isə martın 28-dən bəri ilk dəfə olaraq 94 rubla düşüb.

Almaniya və G7 Moskvanın qazı rublla almaq tələbini rədd edir

Böyük yeddilərin G7 qrupu Rusiya qazının rublla alınmasına dair Moskvanın tələbini rədd edib.

Bu barədə məlumatı Almaniyanın enerji naziri Robert Habek verib.

Onun sözlərinə görə Rusiyanın öz qazını rubla satmaq tələbi mövcud müqavilələrin şərtlərinə ziddir və G7 qrupunun üzvü olan ölkələr bu barədə yekdil mövqe tutublar.

G7 qrupundan Rusiya qazının ən böyük alıcıları Almaniya və İtaliyadır.

“Əgər Rusiya öz qazını satmaqdan imtina edərsə” sualına nazir “biz bütün ssenarilərə hazırıq” cavabını verib.

Avropa İttifaqı Rusiya qazına embarqo qoyulmasına qarşıdır. Bu, bəzi Aİ ölkələrinin Rusiya qazından asılı olması ilə bağlıdır.

Aİ son bəyanatlarında iki il müddətində Rusiya qazından asılılığını ləğv edəcəyini bildirir.

Rusiya qazının rublla satılması üçün təkliflər hazırlanacaq

Rusiya qazının Avropa İttifaqı üzvləri daxil, “qeyri-dost ölkələr”ə rublla satılması üçün martın 31-dək təkliflər hazırlanmalıdır. Prezident Vladimir Putin bununla bağlı mərkəzi banka, hökumətə və Gazprom-a göstəriş verib.

“Qazı pulsuz verməyəcəyik”

Kremlin martın 28-də bildirdiyinə görə, Rusiya qaz ixracı üçün ödənişləri rublla almağın metodlarını hazırlayır və əgər Avropa ölkələri Rusiya valyutası ilə ödənişdən imtina edərlərsə, bu zaman gedişatda qərarlar veriləcək.

“Qazı pulsuz verməyəcəyik, bu aydındır. Bizim vəziyyətimizdə avropalı alıcılarımıza xeyriyyəçilik mümkün və məqsədəuyğun deyil”, – Kremlin sözçüsü Dmitri Peskov deyib.

Böyük Yeddilik artıq bu tələbi rədd etməyə qərar verib. Almaniyanın enerji naziri Robert Habek martın 28-də deyib ki, “G7-nin nazirləri bunun mövcud kontraktların birtərəfli və aşkar pozuntusu olacağına razılaşıblar”. O, qrup üzvlərinin mövqelərini koordinasiya etmək üçün martın 25-də görüşdüklərini deyib.

Habekin sözlərinə görə, “rublla ödəniş qəbuledlməzdir və aidiyyəti olan şirkətləri Putinin tələbinə əməl etməməyə çağıracağıq”.

Putin martın 23-də bildirib ki, Rusiya bir həftə ərzində dəyişikliklər edəcək və “etibardan düşmüş” valyutalarla ödənişlərin qəbulunu dayandıracaq.

Bu o deməkdir ki, Rusiyaya sanksiyalar tətbiq etmiş Britaniya, Kanada, Yaponiya, ABŞ, İsveçrə, Ukrayna Rusiyanın göndərdiyi qaz üçün ödəniş etməkdən ötrü Rusiya mərkəzi bankının təyin etdiyi məzənnə ilə rubl almalı olacaqlar. Bu addım rubla tələbatı artıraraq onu möhkəmlədəcək.

Alıcıların mövqeyi

Aİ liderlərinin martın 25-də keçirdiyi iclasda Rusiyanın tələbilə bağlı ümumi məxrəcə gəlinməyib.

Almaniyanın Maliyyə naziri Kristian Lindner martın 25-də ölkənin enerji provayderlərinə tövsiyə edib ki, Rusiya qazını rublla almasınlar.

İtaliya ödənişi avro ilə edəcəyini, rublla ödənişin kontraktda nəzərdə tutulmadığını bildirib. Polşa da eyni mövqe sərgiləyib.

Aİ 2027-ci iləcən Rusiyadan yanacaq idxalını tamamilə dayandırmağı hədəfləyir. Bu il asılılığın üçdə ikisinin ixtisarı gözlənir.

Birləşmiş Ştatlar martın 25-də bildirib ki, bu il Aİ-yə 15 milyard kubmetr mayeləşdirilmiş qaz (LNG) çatdırılması üzərində işləyəcək.

Hazırda ABŞ-ın LNG zavodları tam gücüylə işləyirlər. Təhlilçilərin fikrincə, ABŞ-ın Avropaya göndərəcəyi əlavə qaz həcmləri başqa yerlərə ixracın hesabına gerçəkləşdiriləcək.

XS
SM
MD
LG