Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:40

Putin administrasiyasına iPhone-u qadağan edir?


Rusiyanın Kommersant qəzeti bir neçə mənbəyə istinadla yazır ki, prezident Vladimir Putinin administrasiyasındakı “daxili siyasi bloka” daxil olan şəxslərə iPhone smartfonlarını fərqli əməliyyat sistemi ilə işləyən başqa smartfonlarla əvəz etmək tapşırılıb.

Qəzetin danışdığı mənbələrdən biri deyib:

"iPhone qurtardı. Ya tullamaq, ya da uşaqlara vermək lazımdır. Bunu mart ayı ərzində etmək tapşırılıb”.

Xəbərdə deyilir ki, sözü gedən şəxslər smartfonlarını aprelin 1-dək dəyişməlidirlər. Ehtimal edilir ki, prezident administrasiyası əməkdaşları üçün “yeni təhlükəsiz telefonlar” alınacaq.

Bu da xəbər verilir ki, eyni göstəriş daxili siyasi blokların regional başçılarına da verilib.

Amma Android olar

Kommersant izah edir ki, “daxili siyasi blok” dedikdə prezident administrasiyasına daxil dörd idarə nəzərdə tutulur: daxili siyasət, ictimai layihələr, Dövlət Şurasının fəaliyyətinin təmin olunması və informasiya-kommunikasiya texnologiyalarının və rabitə infrastrukturunun inkişafı idarələri.

Mənbələr bildiriblər ki, belə bir addımın atılması “təhlükəsizlik mülahizələri” ilə bağlıdır.

Kreml hesab edir ki, iPhone smartfonları başqa telefonlarla müqayisədə Qərb mütəxəssisləri tərəfindən müdaxilə və casusluğa daha çox imkan verir.

Bəzi müşahidəçilər düşünürlər ki, iPhone telefonlarını izləmək Rusiyanın öz xüsusi xidmətləri üçün də çətinlik yaradır.

Kreml əməkdaşlarına iPhone telefonlarının əvəzinə Android əməliyyat sistemli və ya onun Çin analoqlarından və ya Avrora sistemi ilə işləyən smartfonlardan istifadə tövsiyə edilib.

Avrora əməliyyat sistemi

Ötən ilin sonlarında Rostelekom, Sberbank, VK və Yandex Android əsasında yeni mobil əməliyyatı sisteminin və Google Mobile Services xidmətini əvəz edəcək platformanın işlənməsi ilə məşğul olacaq şirkət təsis edəcəklərini bildirmişdilər.

Kommersant qəzetinin mənbəyi deyib ki, belə sistemin işə salınması Rostelekomun məşğul olduğu Avrora sistemindən daha asan olacaq.

Həmin mənbə bunu da deyib ki, Rusiya proqramçılarının bir çox tətbiqləri artıq Android sisteminə uyğunlaşdırılıb və onların Avrora sisteminə adaptasiya olunmasına vaxt və vəsait lazım gələcək.

Avrora əməliyyat sistemi üzərində artıq bir neçə ildir ki, iş gedir. Rusiya hakimiyyəti ondan istifadəni genişləndirməyə və təhsil və tibb müəssisələrini bu sistemə qoşmağa çalışır.

2021-ci ilin əhalinin siyahıya alınması məhz bu sistemlə həyata keçirilib.

XS
SM
MD
LG