Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:02

Rusiya-Türkiyə: Suriyada kimin hərbi qüdrəti üstündür?


Müdafiə nazirləri Sergei Shoigu (solda) və Hulusi Akar Moskvada
Müdafiə nazirləri Sergei Shoigu (solda) və Hulusi Akar Moskvada

Martın 6-dan Suriyanın İdlib qəzasında atəşkəs qüvvəyə minib.

Bu barədə razılaşmanı martın 5-də Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRecep Tayyip Erdoğan Moskvada imzalayıblar.

Bundan əvvəl, xüsusilə də fevralın 27-də İdlibdə 34 Türkiyə əsgəri həlak olduqdan sonra vəziyyət son dərəcə təhlükəli idi.

Bəzi ekspertlərin fikrincə, bu gərginlik Türkiyə və Rusiya arasında birbaşa toqquşma ilə nəticələnə bilərdi.

Amma hələlik İdlibdə qüvvələr balansı az-çox olduğu kimi qalır.

Putinlə Erdogan Moskvada nələri danışıblar?
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Türkiyə Suriya müxalifətinə və başqa anti-Assad qüvvələrinə, Moskva isə Suriya rejiminə hərbi dəstək verirlər.

Şərti olaraq Rusiya və Türkiyə öz təmsilçiləri vasitəsilə artıq müharibədədirlər.

Elə isə onlardan hansının İdlibdə hərbi qüdrəti daha çoxdur?

AzadlıqRadiosunun Rus xidməti bu barədə adınının çəkilməsini istəməyən, lakin Yaxın Şərqdəki hərbi münaqişələri diqqətlə izləyən ekspertlə söhbət edib.

Ekspert xatırladır ki, İdlibdəki münaqişənin pik nöqtəsi fevralın 27-28-də olub.

Türkiyənin çox sayda əsgəri hava zərbəsi nəticəsində həlak olub.

Ekspertin sözlərinə görə, Türkiyə tərəfi bu zərbənin Suriya tərəfindən endirildiyində israr edir, halbuki müstəqil ekspertlərin fikrincə, bu zərbənin arxasında Rusiya hərbçiləri dayana bilərdilər.Ekspert deyir ki, buna cavab olaraq Türkiyə onlarca pilotsuz təyyarə vasitəsilə Suriya qüvvələrinə ağır zərbələr endirib. Suriyanın məhv edilmiş texnikası arasında azı iki Rusiya istehsallı Pantsir S1 hava hücumundan müdafiə kompleksi də var.

Türkiyə də itki verib. Onun bir neçə dronu vurulub. Amma Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri də portativ zenit raketləri ilə Suriyanın bir neçə qırıcısını və hərbi təlim təyyarələrini vurub.

Ekspert bildirir ki, dronlar Türkiyənin malik olduğu radioelektron birlikləri olmadan əməliyyat apara bilməzdi:

“Mən ehtimal edirəm ki, bu birliklər Türkiyənin Suriya ilə həmsərhəd bölgələrində yerləşdirilib. Bu birliklərin uzaq məsafələrə işləyən sistemləri var. Məhz bu sistemlər dronların aşkar edilməsində hava hücumundan müdafiə komplekslərinə mane olur. Pantsir 1S qurğusu, ona elektron müdaxilə olmasaydı, hücum edən dronları qeydə almalıydı. Əgər Pantsir kompleksinin radiolokatoru fırlanırsa və o özünü müdafiə etmək üçün atəş açmırsa, deməli onda ya bacarıqsız ekipaj oturdulub, ya da Türkiyənin radioelektron qüvvələri Pantsiri “kor” edib”.

Türkiyə dronunun Pantsir S1 kompleksini məhv etdiyini göstərən video:

AzadlıqRadiosu: Yəni doğurdanmı Türkiyə dronları Rusiya istehsallı hava hücumundan müdafiə (HHM) sistemlərindən daha səmərəlidir?

“Birincisi, Assadın demək olar heç bir radioelektron mübarizə vasitəsi yoxdur. Belə vasitələr Rusiya qüvvələrində ola bilər və var. Rusiyanın müəyyən Radioelektron Mübarizə (REM) vasitələri Hmeymimdəki hərbi-hava bazasında yerləşdirilib. Onlar İdlibdə üsyançıların və Həyat Təhrir əş-Şəm qruplaşması üzvlərinin, necə deyərlər, dizlərinin üstündə düzəltdikləri dronlardan yalnız ayrıca obyektləri qoruyur. Məsələn, Hmeymimdəki aerodromu. Onlar böyük ərazilərin müdafiəsi üçün nəzərdə tutulmayıb və müasir dronları uzaq məsafələrdə “tuta” bilmir. Onların gücü Türkiyənin REM sistemlərinin gücünün yanında heç nədir”.

Türkiyə dronlarının Suriya hədəflərini məhv etdiyini göstərən video seçmələri:

Kürəkənin dronları

Ekspert daha sonra bildirir ki, müasir dronlar əldəqayırma pilotsuzlardan fərqli olaraq radioelektron sistemlərindən müdafiə qabiliyyətinə malikdirlər.

Ekspert bildirir ki, Assadın ordusu Rusiya və İran dronlarından istifadə edir. Bu dronlar yalnız artilleriya zərbələrinin dəqiqləşdirilməsində kömək edir. Amma onlar ölçücə kiçikdir və onlardan heç əl qumbarası da atmaq olmur:

“Türkiyə dronları isə prinsipcə fərqlidir. Onlar risk edərək F-16 qırıcısının uça bilmədiyi yerlərə uçurlar. Bəli onları bəzən vururlar, hərəsinin bir-iki milyon dollar qiyməti var. Amma hərbi sənaye, Edroğanın kürəkəni (Erdoğanın qızının əri Ertoğrul Bayraktar dəqiq cihazlar hazırlayan şirkətin sahibidir – red) bu dronların çox sayda yenisini buraxa bilər”.

Pantsir-S1
Pantsir-S1

AzadlıqRadiosu: İdlibdə atəşkəsdən sonra hərbi əməliyyatlar bərpa olunarsa – tərəflər hansı rezervlərinə güvənə bilərlər? Türkiyə aviasiyası, Rusiyanın Türkiyəyə verdiyi S-400 kompleksləri, Moskvanın Suriyaya bağışladığı Buk kompleksləri?

“Buk sistemləri var və onlardan artıq istifadə olunub. Amma Suriyaya verilən “Buk-2” sistemi də 2008-ci ilin modelidir. Türkiyənin REM sistemi onlara qarşı da işləyə bilər. Amma Türkiyənin üç dronunu nə iləsə vurublar axı. Deməli, burda söhbət təkcə Pantsir və ya Buklardan getmir. Assada gəlincə isə, onun Dəməşqdə çox ciddi HHM sistemləri var. Onları oradan çıxarıb İdlibə atmaq olar. Amma onda Dəməşqi mütəmadi bombalayan İsrail təyyarələri bunu daha rahat edə biləcəklər. Mənə belə gəlir ki, Assadı üsyançılara və Türkiyəyə qarşı döyüşdə verilən canlı itki, öz şəxsi maraqları və Dəməşqdəki Hizbullahın maraqları qədər narahat etmir. Halbuki Assadın canlı qüvvə sarıdan vəziyyəti yaxşı deyil. Onlar indi Dəməşqdəki fələstinli səfərbərlərdən istifadə edirlər. Amma hərbi texnika sarıdan problem yoxdur”.

Bununla belə ekspert İdlibdəki döyüşlərin səmalar uğrunda getmədiyini deyir.

Su-34
Su-34

Zərbələri Rusiya endirir

Ekspert bildirir ki, Assadın piyada qoşunlarının hazırlıq səviyyəsi çox aşağıdır, amma onların artilleriyası və təyyarələri var.

Bu təyyarələr ərazini zərbələrlə şumlayır, ardınca piyadalar döyüşə girir.

Ekspert bildirir ki, Suriya ordusunun rəqibləri bu qədər güclü artilleriya və hava zərbəsinin qarşısında müdafiə oluna bilmirlər.

Türkiyə hərbi eksperti Metin Gürcan hesab edir ki, 34 Türkiyə əsgəri də Rusiyanın Su-34 təyyarəsinin zərbəsindən həlak olub.

Ekspertin fikrincə, Erdoğan siyasi mülahizələrlə zərbənin Suriya qoşunları tərəfindən endirildiyində israr edir. Halbuki bu zərbənin Rusiya təyyarələrindən yüksək dəqiqliyə malik KAB-1500L raketləri ilə endirildiyi aydındır:

“Suriya hərbi-hava qüvvələrinin günün qaranlıq saatlarında belə bombardman imkanları yoxdur. Amma burada zərbə dəqiq olaraq Türkiyə hərbçilərinin yerləşdiyi binaya endirilib”.

Ekspert davam edir:

“Türkiyə ordusunun çıxış yolu var idi: İdlib üzərindəki səmanı hər hansı bir yolla təmizləmək, İdlib üzərində uçuşsuz zona yaratmaq lazım idi. Amma bunun üçün Türkiyə tərəfinin siyasi iradəsi çatmayıb. Çünki Erdoğan Putinlə münasibətlərini korlamaq istəmir. Nəticədə Rusiya həmişə deyə bilər ki, “bizim Türkiyə əsgərlərinin harda olmasından xəbərimiz olmayıb”. Lakin əgər siyasi iradə yoxdursa, yeganə çıxış yolu əsgərlərə çiyində daşınan səyyar raketlərin verilməsidir ki, onlar özlərini hava zərbələrindən qoruya bilsinlər”.

Bu atəşkəs çox davam etməyəcək

Ekspert deyir ki, hazırkı atəşkəsin çox davam edəcəyinə inanmır. O deyir ki, döyüş əməliyyatları bərpa olunanda, vəziyyət əvvəlki kimi olsa, onda gec, ya tez, Rusiya təyyarələri səyyar raketlə vurulacaq:

“Amma hər halda səyyar zenit-raket kompleksi aviasiyadan o qədər də etibarlı müdafiə vasitəsi deyil. Türkiyənin Suriya ilə sərhəddə ciddi HHM sistemləri yoxdur. Çünki Türkiyə öz aviasiyasından ilk növbədə F-16-lardan istifadə edə bilməyəcəyi belə bir müharibəyə hazırlaşmamışdı”.

Ekspert bildirir ki, bu halda ümid yenə də müasir pilotsuz uçan aparatlara qalır.

“Türkiyənin bir neçə tipdə zərbə dronları var, halbuki Rusiya indi-indi ilk modelini sınaqdan çıxarır. Onun hazırladığı dron daha ağırdır və daha baha başa gəlir. İndiki vəziyyət 2015-ci ildəki vəziyyətdən bununla fərqlənir. Rusiya pilotu Peşkov vurulanda, Türkiyənin belə dronları yox idi. Amma indi Türkiyə ordunu yüksək səmərəliyə malik çox sayda dronla təchiz edib. Bu dronlarla Assad ordusunu böyük itkilərə məruz qoymaq olar”.

Türkiyənin əməliyyat-taktiki zərbə dronu - Bayraktar TB2:

Türkiyə Assad ordusunu bir həftəyə əzə bilərdi

Bununla belə, ekspert deyir ki, onun fikrincə, Türkiyə təbliğatçıları öldürülmüş Suriya əsgərlərinin sayını şişirdirlər:

“Amma məsələ təkcə bunda deyil. Əgər Türkiyənin Suriya ordusunu hərbi güclə əzmək üçün siyasi iradəsi olsaydı, o bunu bir həftənin içində edə bilərdi. Fəqət belə bir iradə yoxdur: Erdoğana müxalifətin İdlib istehkamını saxlamaq lazımdır ki, bir milyon qaçqın Türkiyəyə keçməsin. Onun qaçqınlar üçün çox da ürəyi yanmır, amma obyektiv şərait Erdoğanı qaçqınları bir vasitə ilə qorumağa məcbur edir”.

Ekspert bildirir ki, Erdoğana cəbhə xəttinin Türkiyə sərhədinə çox da yaxınlaşmaması lazımdır:

“Ona Assadı əzmək və ya onu devirmək lazım deyil. Deyək ki, Türkiyə Suriyanın yarısını tutdu, daha sonra nə edəcək? Məhz bu müharibənin belə qeyri-tipik məqsədinə görədir ki, Türkiyə ağır itkilər verir. Amma yerində qalır. Ondan tələb edilən də budur”.

Ekspert bildirir ki, Rusiyaya gəlincə, İdlibdə yeni eskalasiya olarsa, Putinin buna necə reaksiya verəcəyi tam aydın deyil.

Ekspert deyir ki, Türkiyə Montrö Dəniz Konvensiyasının 21-ci maddəsinə uyğun olaraq Bosfor boğazını bağlasa, Moskva üçün Suriyanı təchiz etmək çox çətin olacaq. Silahları təyyarələrlə daşımaq baha başa gəlir:

“Nə qədər ki, Türkiyə dost münasibətdədir, ehtiyat qüvvələrin Suriyaya atılması problem olmayacaq”.

S-400 - bahalı “dəmir-dümür”

Türkiyənin hərbi hazırlığı barədə isə ekspert deyib:

“Türkiyənin Rusiyadan aldığı S-400 komleksləri, mənim bildiyinmə görə hələlik istifadə üçün hazır deyil. Ekipajlar təlim keçməyib. Ona görə də hazırda bu bahalı dəmir-dümür Erdoğanın siyasi avantüralarına qoyulmuş abidədir. Daha doğrusu Erdoğanın Putinlə bir daha arası dəysə, Rusiyadan daha heç bir təchizat olmayacaq. Düşünmürəm ki, Türkiyəyə indiki münaqişədə Amerikanın Patriot raketləri və ya Rusiyanın S-400 qurğuları çox lazımdır...”

Ekspert düşünür ki, hazırkı münaqişədə Ankaranın İdlib üzərində uçuşsuz zona yaratmaq üçün başqa vasitələri də var:

“Bu, ilk növbədə aviasiyadan istifadədir. Amma buna siyasi qərar verilməlidir. Doğrudur ki, Türkiyə hərbi aviasiyasının bir problemi də var: Baş tutmayan çevriliş cəhdindən sonra orduda ciddi kadr təmizləmələri aparılıb. Yüksək ixtisaslı pilotların çoxu ordudan qovulub. Hərçənd onlardan bəzilərini sonradan geri çağırıblar”.

Bununla belə, ekspertin fikrincə, prinsip etibarilə Türkiyə hərbi-hava qüvvələri heyətinin sayı belədir ki, Rusiyanın Suriyadakı avaisiya qruplaşması ons üstün gələ bilməz:

“Amma əlbəttə, Türkiyə rəhbərliyinin bu üstünlükdən istifadə etmək üçün siyasi iradəsi olmalıdır. Rusiya da öz növbəsində Türkiyədəki aerodromlara zərbə endirməyi özünə rəva görə bilməz. Bu halda NATO Nizamnaməsinin 5-ci maddəsi avtomatik işə düşəcək”.

Ekspert deyir ki, hazırkı status quo hər iki tərəfi qane edir, amma onu saxlamaq sadəcə olaraq mümkün deyil.

XS
SM
MD
LG