Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:44

Rusiyada tacik miqrantlar arasında davada iki nəfər həlak olub


Ölənlərin cənazələri Düşənbəyə gətirilib
Ölənlərin cənazələri Düşənbəyə gətirilib

Avqustun 1-də, Moskva yaxınlığındakı Çexov qəsəbəsində miqrantlar arasında baş vermiş kütləvi davada Tacikistanın iki vətəndaşı həlak olub.

Bundan əvvəl Rusiya medialarının hüquq-mühafizə orqanlarına istinadla verdiyi xəbərdə deyilirdi ki, miqrantlar arasında kütləvi davada bıçaq yarası alan iki nəfər həlak olub.

Avqustun 2-də Tacikistanın Rusiyadakı səfirliyi AzadlıqRadiosuna bildirib ki, bu davada Tacikistanın 10 vətəndaşı iştirak edib və onlardan ikisi ölüb.

Məlumatda deyilir ki, dava-dalaşın başqa iştirakçıları saxlanıb, iki şübhəli isə axtarışa verilib.

Səfirlik bildirir ki, hadisənin təfərrüatlarının öyrənilməsi üçün əməkdaşlarından ibarət işçi qrupunu Çexova göndərib.

Əldə olan informasiyaya görə münaqişə Tacikistanın Xatlon vilayətindən və Fayzabad rayonundan olan miqrantlar arasında baş verib.

Dava nəticəsində Fayzabad rayonundan iki nəfər – Fatxabod qışlağından 28 yaşlı Daler Taqoyzoda və Muminobod qışlağından 31 yaşlı Daler Yusufzoda qətlə yetiriliblər.

Ailəli idilər, Rusiyaya pul qazanmağa getmişdilər

Fayzabod rayonu “Müstəqilliyin 30 illiyi” camaatlığının başçısı Navruz Nuriddinov AzadlıqRadiosuna bu icmadan iki nəfərin öldürüldüyünü təsdiq edib.

Nuriddinov cənazələrin Tacikistana avqustun 3-də gətiriləcəyini bildirib:

“Faciə barədə hələ ki, yalnız ölənlərin atalarına məlumat verilib, anaları baş verən hadisə barədə az məlumatlıdırlar”.

İcma başçısının sözlərinə görə mərhumların hər ikisi ailəli idi və Rusiyaya pul qazanmaq üçün getmişdilər.

Bundan əvvəl Rusiya mediasının verdiyi xəbərdə deyilirdi ki, həlak olanlardan birini bu yaxınlarda “etnik kafelərdən” birində döyübmüşlər. O da qisas məqsədilə tanışlarını yığaraq dalaşmağa gedib.

“Qardaş, günah işləmişəm, məni bağışla...”

Moskva vilayəti Istintaq Komitəsinin məlumatında deyilir ki, cinayət işi qaldırılıb və qətllərin iki şübhəlisinin axtarışı davam edir.

AzadlıqRadiosunun Tacik xidməti – Ozodi yazır ki, şübhəlilər barədə məlumat azdır. Avqustun 1-də iki miqrantın qətlində şübhəli sayılan şəxsin qardaşı onun telefonunun hazırda bağlı olduğunu deyib:

“Bu hadisə baş verəndə o mənə zəng edib dedi ki, “qardaş, günah işləmişəm, məni bağışla”. Daha heç nə demədi. Telefonu da söndürülüb. Nə baş verdiyini bilmirəm, çünki mən Rusiyanın başqa şəhərində işləyirəm”.

Ozodi yazır ki, Rusiyada tacik miqrantlar arasında münaqişələr tez-tez baş verir. İki ay əvvəl, iyunun 12-də Yekaterinburq şəhərində tacik miqrantlar arasında davada iki nəfər həlak olmuşdu.

Rusiyaya qazanc dalınca hər il yüzminlərlə tacik yollanır və hər il yüzlərlə tacik xəstəliklərdən, bədbəxt hadisələrdən və başqa səbəblərdən dünyasını dəyişir.

XS
SM
MD
LG